İrəvan isteblişmentində üzdə olan siyasi fiqurların şəxsiyyətin haçalanması, ikilənməsi prosesindən əziyyət çəkdikləri göz qabağındadır.
Bu komanda bir tərəfdən deyir ki, o, Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır, amma o biri yandan psevdomüharibə xofundanqurtula
bilmədiyini imitasiya etməklə məşğuldur.
Ermənistan baş naziri Nikol Paşinyan parlamentarilər qarşısındakı çıxışında bu barədə danışıb. “Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir. Bunlardan birincisi ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Biz Bakının ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz münaqişə ilə bağlı səhifəni bağlayırıqsa, onda onun həlli ilə məşğul olan format nəyə lazımdır?” – deyə məntiqi izah verən Paşinyan ardınca dərhal Ermənistanın təhlükəsizliyi, təcavüzdən sığortalanması kimi absurd tezisləri irəli sürür.
Paşinyan deyir ki, ATƏT-in Minsk qrupu, ən azı, de-fakto, daha geniş kontekstə malikdir: “Biz əmin olmaq istəyirik ki, Bakı Minsk qrupunun buraxılmasını Azərbaycan ərazisində Ermənistan–Azərbaycan münaqişəsinin bağlanması və onun Ermənistanın suveren ərazisinə keçməsi istiqamətində atıla biləcək addım kimi görmür”. Ardınca hayların baş naziri bu “narahatlığı” aradan qaldırmaqdan ötrü Azərbaycana eyni vaxtda sülh sazişi imzalamağı və Minsk qrupu strukturlarının ləğvi üçün ATƏT-ə birgə müraciət olunmasını təklif etdiyini açıqlayır. Bu təklifin tam rəsmi olduğuna işarə vuran Paşinyan eyni yerdə və eyni anda həm birinci, həm də ikinci məsələyə imza atacaqlarını məqbul variant kimi irəli sürür.
* * *
Amma sonra nə baş verir? Ermənistan parlamentindəki həmin çıxışı zamanı Paşinyan əvvəl dediklərinə tamamilə əks bəyanatlar verir: “Aydındır ki, həm Ermənistanın daxilində, həm də onun hüdudlarından kənarda müəyyən qüvvələr hər gün müharibə təbliğatı aparır və onun həyata keçirilməsinə yönəlmiş konkret fəaliyyətə çağırırlar”. Bu zaman çıxışına ara verən baş nazir sanki çaşdığını anlayır və səhvini düzəltməyə çalışır: “Bu kontekstdə Ermənistanla Azərbaycan arasında yeni eskalasiyanın və hətta yeni müharibənin olacağını proqnozlaşdıran bütün söhbətlərə cavab verməyi zəruri hesab edirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb”.
Bununla da kifayətlənməyən Paşinyan yenidən “sülh göyərçini”nə dönüb ictimaiyyətin menyusuna “pozitiv” mesajlar ünvanlayır: “Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq – sülh olacaq”.
İndi gəl bu diplomatik taftologiyanın izahını ver. Paşinyan bir tərəfdən Azərbaycanın Ermənistanı işğal etmək niyyətində olduğundan şübhələnir və bununla bağlı ATƏT-in Minsk qrupunun “vaxtından əvvəl” buraxılmasından qorxur. Əslində, bu, Ermənistanın daxili və xarici siyasətinin, habelə Paşinyanın siyasi iradə baxımından zəifliyinin büruzə verildiyi, psixoloji cəhətdən maraqlı və kifayət qədər mürəkkəb sualdır. Aydın məsələdir ki, baş nazirin əsas qayğısı sülhdən, ölkənin rifahı və mənafeyindən çox siyasi hakimiyyəti saxlamaqdır. Paşinyan sülh sazişi imzalamaqla daxili müstəvidə özünə siyasi məsuliyyət yaradacağını yaxşı anlayır. Digər tərəfdən isə Ermənistanla Azərbaycan arasında yeni müharibəni qabaqcadan görənlərlə mükaliməyə girir və “müharibə olmayacaq – sülh olacaq” qənaətini gündəmə gətirir. Yəni, özü özü ilə ziddiyyət təşkil edir. Fikrimizcə, səbəb sadədir: bu, Paşinyanın milli lider kimi hakimiyyətdə olduğu zaman müharibədə Ermənistanın məğlubiyyətini etiraf etməkdən yaşadığı kompleksdir. Siyasi nöqteyi-nəzərdən, bu, asanlıqla aşıla biləcəyi məsələ deyil.
Xarici siyasət baxımından Paşinyan hələ də qeyri-müəyyən ümidlərə qapıla bilər ki, ABŞ onun xeyrinə sülh prosesinə hansısa formada müdaxilə edəcək. Onun məqsədi sülh sazişini imzalaması zərurətini və bunun daxili siyasətdə törədəcək nəticələrini gecikdirməkdir. Paşinyanın ABŞ-ın müdaxiləsinə ümidləri Ermənistanın Bayden administrasiyası dönəmində müştəri dövlətə çevrildiyi, buna görə də “qoruna biləcəyi” inamına əsaslana bilər. Amma bunun real, praqmatik hesablamadan daha çox ərköyün istək olduğunu əminliklə söyləyə bilərik. Çünki bu gün Donald Trampın tamamilə fərqli prioritetləri və xarici siyasət gündəmi var.
Sülhü ləngitmək səmərəsiz məşqdir və o, siyasi çarəsizlikdən yaranır. Ham də qaçılmaz sonluğu gecikdirmək zamanın çarxını dayandırmağa girişən Don Kixot cəhdidir. Nikol Paşinyan bəyanatlarında hərdən o qədər ziddiyyətli ola bilir ki, Ermənistanın daxili və xarici siyasi parametrləri pozulur, uyğunluq itir. Bu da öz növbəsində dilemmalar və ziddiyyətlər yaradır. Təəssüf ki, bu ziddiyyətlərin həlli üçün İrəvanın aydın siyasi davranışı yoxdur.
* * *
Paşinyan hələ də eyni vaxtda bir neçə stulda oturmaq cəhdlərindən əl çəkməyib. Əgər Azərbaycan 2020-ci ildə razılaşdırılmış şərtlərin icrasını əldə edərsə, onda heç bir problem olmayacaq. İrəvanın ATƏT-in Minsk qrupunun buraxılmasından sonra Azərbaycanın dərhal hücuma keçəcəyi ilə bağlı qorxuları tamamilə əsassızdır. Bunu Paşinyan özü də bilir. Sadəcə, o, Fransanın Minsk qrupunda olması səbəbindən onun buraxılmasını istəmir. Ona lazımdır ki, Aİ və Fransa erməni siyasi isteblişmentinin qərbyönümlü istiqamətə sadiqliyini nəzərə alaraq, bir neçə il əvvəl təməli qoyulmuş sülh müqaviləsi imzalanana qədər Azərbaycana təzyiqləri davam etsinlər.
Deməli, Paşinyan bütün treklərdə qeyri-səmimidir. Sülh təklifinin müəllifi Azərbaycanın Ermənistanı işğal etmək niyyətindən şübhələnmək ağılsızlıqdır. Əgər İrəvan faktiki olaraq razılaşdırılmış sazişi imzalamaq niyyətindədirsə, yadda saxlamalıdır ki, Azərbaycan sülhə gəlməyə hazır olduğunu deyən, amma dərhal sərhəddə təxribat törədən Ermənistandan fərqli olaraq, heç vaxt öz sözündən dönmür, onun mövqeyində haçalanma baş vermir.
Əgər indi biz İrəvanın xəstə diplomatiyasına diaqnoz qoymalı olsaq, bu zaman Paşinyan komandasının sülhlə manipulyasiya oyunlarına, onun deqradasiyalaşdırılması üçün göstərdikləri xəstə cəhdlərinə istinad etməliyik.
Tofiq ABBASOV,
siyasi icmalçı
– Sözsüz, Ermənistanın diplomatiyası natamam diplomatiyadır. Əslində, buna diplomatiya da demək olmaz. Çünki hayların adından danışanlar onların kənardakı havadarları, pərdə arxasından idarə edən gözəgörünməz qüvvələrdir. Bir halda bu xalqın milli hədəfləri, bacarıqlarını səfərbər edən imkanlar mövcud deyilsə, heç vaxt özündə sağlam nüvəni daşıya bilməz.
Məsələ bundadır ki, bu qondarma dövləti yaradan güclər həmişə ermənilərdən “maşa” kimi istifadə etməyə çalışıblar. Bu təcrübə hələ də davam etdirilir. Aydın görünür ki, Paşinyanın özü, onun komandasında, ətrafında, doğrudan da, ikilənmə prosesi gedir. Vahid məqsədin, dəqiq prioritetlərin olmaması səbəbindən kənardan verilən buyruqlara həmişə “bəli, baş üstə” deməyə hazırdırlar. Bu hakimiyyət, faktiki olaraq, “Qafqaz evi”ndə birgəyaşayış prinsiplərini heç də düzgün anlamaq iqtidarında deyil. Axı, bundan ötrü məfkurə, təfəkkür, sağlam məntiq olmalıdır.
Azərbaycan diplomatiyası ilə müqayisə aparsaq, görərik ki, bizim qarşımızda daim konkret hədəflər olub. Bəli, 1918-ci ildə çox gərgin geosiyasi şəraitdə yaradılmış ilk müstəqil respublikamız dövrün təzyiqlərinə davam gətirə bilmədi. Bu günə gəldikdə isə Azərbaycan diplomatiyası həmin dövrün həm təcrübəsini, həm də səhvlərini nəinki nəzərə alır, eyni zamanda onlardan lazımi qənaət və nəticələr çıxarıb. Məhz buna görə bu gün Azərbaycan özünü dünya birliyi qarşısında müvəffəq subyekt kimi tanıdıb.
Sülh məsələsi alternativ tanımayan məsələdir. Çünki, sülh və əmin-amanlıq insanların, xalqların, cəmiyyətin inkişafı üçün zəruri amildir. Əgər ermənilər bu məsələdə yenə “dəlləklik edərək” sürüşkən yola düşürlərsə, deməli, onları sülhə deyil, müharibələrə, münaqişələrə proqramlaşdırıblar. Bu təlimatdan çıxa bilməyən hay cəmiyyəti qonşularına problem yaratmağa çalışır.
İrəvan isteblişmentinin təzadlı davranışı, ziqzaqvarı hərəkəti, tez-tez sözlərini dəyişməsi, bir yandan sülhdən pafosla danışıb, o biri yandan onun rüşeymlərini parçalaması Ermənistanın diplomatik dəsti-xəttidir. Əlbəttə ki, buna sağlam yanaşma demək mümkün deyil. Əgər bir xalq daim içində nifrətlə yaşayırsa, onun nə sağlam həyat tərzi, nə də qonşuları ilə normal münasibəti ola bilər. Belə xəstə davranış sərgiləyən dövlətin və xalqın gələcəyi olmur.
İmran BƏDİRXANLI
XQ