Gürcüstan birliyə və milli dəyərlərə arxalanır

post-img

Gürcüstanda siyasi gərginlik artır. Yerli özünüidarəetmə seçkilərinə sayılı günlər qalmış Tbilisidə hökumət tərəfdarları ilə müxalifət arasında qarşıdurma yaranıb. İnsident hazırkı mer Kaxa Kaladzeyə dəstək qərargahının qarşısında baş verib. Bu, vəziyyətin nə qədər kritik olduğunu göstərir. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qarşıdurmanın qarşısını almaq məqsədilə əraziyə polis qüvvələri cəlb edilsə də, gərginlik bir müddət davam edib. Müxalifət tərəfdarları etiraz aksiyasını parlament binası qarşısında davam etdiriblər.

Bu hadisə Gürcüstan siyasətində artan qütbləşmənin və qarşılıqlı ittihamların fonunda baş verir. Hakim partiyanın rəhbərliyi müxalifətin fəaliyyətini ölkədə sabitliyi pozmaq cəhdi kimi dəyərləndirir. Qarşıdan gələn yerli seçkilərdə onların qalib gəlmək şanslarının olmadığını bildirir. Baş nazir İrakli Kobaxidze də açıq şəkildə deyib ki, müxalifətin seçkilərdə qələbə şansı yoxdur və “Gürcü Arzusu” partiyası 2030-cu ilə qədər ölkədə bütün siyasi səviyyələrdə hakimiyyətdə qalmaq niyyətindədir: “Bizim üçün əsas olan öz mövqeyimizi ifadə etməkdir. Bu barədə reaksiyalar necə olacaq, bu, bizim üçün maraqlı deyil. Əsas məsələ konkret qərar qəbul etmiş olmağımızdır”.

Baş nazir qeyd edib ki, müxalifət taktiki baxımdan parçalanıb: “Bu da bizim üçün çox yaxşıdır, qələbəmizə kömək edir. Subyektiv olaraq da xoşumuza gəlir, çünki seçki baxımından işimizi asanlaşdırır, 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə seçkilərini qazanmağımıza şərait yaradır. Bu şəraitdə bizim reytinqimiz parlament seçkiləri öncəsi qeydə alınmış reytinqi xeyli üstələyir. Belə ki, əvvəlki halda ölkə daxilində 54,5 faiz səs toplamışdıqsa, indi 60 faizdən çoxunu gözləyirik”.

Baş nazir aşıqlaması reallığa əsaslanır. Çünki Gürcüstanın aparıcı müxalifət qüvvələri dağınıq haldadır. Ölkədə keçiriləcək yerli özünüidarəetmə seçkiləri ərəfəsində iki əsas düşərgəyə bölünüblər. “Lelo”, “Vətəndaşlar”, “Girçi” və “Gürcüstan Uğrunda” partiyaları 4 oktyabr 2025-ci il tarixində baş tutacaq seçkilərdə iştirak edəcəklərini açıqlayıblar. Onlar mövcud iqtidara təzyiq göstərmək və siyasi dəyişikliklərə nail olmaq üçün legitim, konstitusion vasitələrdən istifadə etməyə üstünlük verdiklərini bəyan ediblər.

Digər tərəfdən, “Vahid Milli Hərəkat” və “Dəyişikliklər Uğrunda Koalisiya” siyasi hərəkatları seçkiləri boykot edərək küçə etirazlarına yönəliblər. Bu düşərgə 2024-cü ilin sonundan başlayaraq davamlı şəkildə kütləvi etiraz aksiyaları təşkil edir. Aksiyalar, eyni zamanda, bir sıra vətəndaş cəmiyyəti qurumlarının dəstəyi ilə müşayiət olunur. Onların əsas tələbləri növbədənkənar parlament seçkilərinin keçirilməsi və həbsdə olan tərəfdarlarının azad olunmasıdır. Bu günlərdə isə keçmiş hakim “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri olan Levan Xabeişvili sərt açıqlama ilə diqqət mərkəzinə düşüb. O, oktyabrın 4-də, yerli hakimiyyət orqanlarına seçkilər günü hökumətin “dinc yolla devrilməsi” planlarını açıqlayıb. Partiya bəyanat yayaraq gürcü xalqını Tbilisinin mərkəzindəki Rustaveli prospektində toplaşmağa və “gələcək üçün qətiyyətli mübarizə aparmağa” çağırıb. Hazırda yerli özünüidarəetmə seçkilərini boykot edən müxalif qüvvələr bu kimi çağrışlarla diqqət çəkir. Bir sözlə, müxalifətin bu qanadı real görünməsə də ölkədə xaos yaradıb hakimiyyətə gəlmək istəyirlər.

Hakim “Gürcü Arzusu” partiyası hər iki müxalif qanadı radikal qüvvələr adlandıraraq onların fəaliyyətini milli maraqlara zidd hesab edir. Rəsmi açıqlamalarda bildirilir ki, bu qüvvələr xarici dairələrin, xüsusilə də “dərin dövlət” adlandırılan strukturların təsiri ilə Gürcüstanda sabitliyi pozmağa və inqilabi proseslər başlatmağa çalışırlar. Hakim partiyanın nümayəndələri müxalifəti dəstəkləyən Qərbdəki bəzi siyasi qüvvələri “qlobal müharibə partiyası” adlandıraraq, onların ABŞ və Avropa İttifaqı daxilindəki bəzi siyasətçilərə təsir göstərdiyini iddia edirlər. Bununla bağlı Tbilisi meri və partiyanın baş katibi Kaxa Kaladze dövlət çevrilişinə və hökumətin devrilməsinə yönəlmiş çağırışları nihilizm yaratmaq cəhdi adlandırır: “Dövlət çevrilişi, hakimiyyətin devrilməsi ilə bağlı eşitdiyimiz çağırışlar, eləcə də konkret fakt kimi müxtəlif yalan məlumatların yayılması, hansısa yolla ölkədə nihilizm səpmək, cəmiyyətdə suallar yaratmaq məqsədi daşıyır”, Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq və qeyri-müəyyənlik yaratmaq məqsədilə bilərəkdən yalan məlumatlar yayılır və bu fəaliyyətlərə qarşı hüquq-mühafizə orqanlarının sərt cavab verəcəyi qaçılmazdır. O, həmçinin müxalifətə xəbərdarlıq edib ki, istənilən qanunsuz hərəkətə müvafiq dövlət qurumları tərəfindən sərt cavab veriləcək. Eyni zamanda, Kaladze qarşıdan gələn seçkilərdə hakim komandanın qələbə qazanacağına əminliyini ifadə edib: “Hökumət oktyabrın 4-də qələbə gözləyir. Bu, kifayət qədər vacib seçkilərdir və mən əminəm ki, gürcü xalqının dəstəyi ilə biz bütün bələdiyyələrdə qələbə qazana biləcəyik”.

Bu arada Daxili İşlər Nazirliyi Kaladzeyə dəstək qərargahında yerləşdirilmiş seçki bannerlərinin zədələnməsi faktı üzrə araşdırma başladığını elan edib. “Əmlakın zədələnməsi və ya məhv edilməsi” (187-ci maddə) üzrə açılan cinayət işi çərçivəsində təqsirli şəxsləri 3 ilə qədər həbs cəzası gözləyə bilər. Nazirlik həmçinin aksiya iştirakçılarına polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyə çağırıb. Rəsmi açıqlamada qeyd olunur ki, ictimai asayişin pozulmasına yol verilməyəcək və bütün qanun pozuntuları ilə bağlı hüquqi tədbirlər görüləcək.

Onu da qeyd edək ki, seçkiyə sayılı günlər qalarkən, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 4 oktyabrda keçiriləcək yerli seçkilərdə 12 siyasi partiya iştirak edəcək. MSK-ya müraciət edən 14 partiyadan ikisinin qeydiyyatı ləğv edilib. Qeydiyyatın ləğvinə səbəb həmin partiyaların majoritar namizədlər və mer vəzifələrinə namizəd təqdim etməməsi olub. Bəs ölkədə baş verən hadisələrə yerli azərbaycanların mövqeyi necədir?

Bu barədə “Gürcüstan Azərbaycanlıları Milli Konqresinin” sədri, politoloq Əli Babayev deyib ki, ölkənin sabitliyi, milli dəyərləri və birliyi qorunmalıdır: “ Hazırkı hökumət Gürcüstanın inkişafı üçün ciddi səylər göstərir. Bu prosesdə bütün vətəndaşların, o cümlədən gürcülərin, azərbaycanlıların və digər icmaların da məsuliyyəti var”.

Ə.Babayev xarici müdaxilələrə və bəzi Qərb dairələrinin Gürcüstan siyasətinə təsir cəhdlərinə tənqidi yanaşaraq bildirib: “Avropa bürokratlarının və bəzi korrupsioner deputatların ölkəyə qarşı təzyiqləri açıq şəkildə hiss olunur. Onların təsiri ilə ölkədə mitinqlər təşkil edən, böhtan dolu bəyanatlar verən şəxslər isə milli maraqlara xidmət etmir. Bu gün Gürcüstanda müxalifət adlandırılan qüvvələr gerçəkdən siyasi alternativ deyil. Onlar radikal çağırışlarla sabitliyi pozmağa çalışırlar. Bu fəaliyyətlər xalqın rifahına yox, anarxiyaya xidmət edir”.

Əli Babayev Avropa dəyərlərinin zorla cəmiyyətə sırımasına da münasibət bildirib: “LGBT uşaqlara bağça yaşından təbliğ olunmalıdır” deyirlər. Bu, nə bizim ailə modelimizə, nə də milli dəyərlərimizə uyğundur. Xalq olaraq belə təzyiqlərə qarşı durmalıyıq.”

O, azərbaycanlıların Gürcüstan tarixində oynadığı müsbət rolu xatırladaraq, seçkiyə qatılmağa çağırıb: “Əcdadlarımız bu torpaqlar uğrunda döyüşüb, fədakarlıq göstərib. İndi bizim borcumuzdur ki, onların mirasına sahib çıxaq. 4 oktyabrda seçkiyə gedərək Gürcüstanın sabitliyinə, dəyərlərinə və gələcəyinə səs verək”.

Sonda Əli Babayev hər bir vətəndaşı məsuliyyətli olmağa, təxribatlara uymamağa və dövlətçiliyin yanında yer almağa səsləyib. O bildirib ki, sabitlik və birlik uğrunda lazım gələrsə, sıravi vətəndaş kimi özü də ön sıralarda yer almağa hazırdır.

Sonda onu da qeyd edək ki, yaxın günlərdə Gürcüstanda siyasi gərginliyin artması ehtimalı az deyil. Seçkiyə qədər olan müddətdə baş verəcək hər hansı yeni qarşıdurma və ya kütləvi etirazlar vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Ancaq sonda qalib gələn ölkənin birliyi, sabitliyi, milli dəyərləri olacaq. Sorğular da göstərir ki, seçicilər ölkənin maraqlarını Qərbin maraqlarından üstün tuturlar.

P.S. ATƏT 4 oktyabr seçkilərinə müşahidə missiyası göndərməkdən imtina edib. Brüsseldən bildirilib ki, tövsiyələr yerinə yetirilməsə, vizasız rejim də dayandırılacaq.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət