Müşfiq Ələsgərli,
XQ-nin media eksperti
ABŞ mediası ağır dönəmdən keçir. Donald Tramp komandasının yanvar ayından etibarən başlatdığı “islahatlar dalğası” bu ölkənin peşəkar media qurumlarını maliyyə sıxıntıları ilə üz-üzə qoyub. Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Qlobal Media Agentliyinin (USAGM) qapadılması onları böyük maddi resurslardan məhrum edib. “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti iflic olub. Minlərlə jurnalist iş yerini itirib, işsizlər sırasına qatılıb.
Yanvar–aprel aylarında qeyri-müəyyən, böhranlı durumda yaşayan bu media qurumlarının son ümidləri məhkəmələrin çıxaracağı qərarlara bağlanıb. Amma ABŞ Apellyasiya Məhkəməsi bu son ümidi də puç edib. May ayının 3-də keçirilən iclasında Apellyasiya Məhkəməsi Donald Tramp komandasını haqlı sayıb, “Amerikanın səsi” (VOA), “Azad Avropa” (RFERL), “Azad Asiya” radiosunun, həmçinin USAİD və USAGM-nin maliyyəsinin kəsilməsi qərarını qüvvədə saxlayıb. Halbuki aprelin 22-də və 29-da keçirilən aşağı instansiya məhkəmələri Konqresin “Amerikanın səsi”, “Azadlıq radiosu” və digərləri üçün təsdiqlədiyi maliyyənin köçürülməsini tələb edən qərarlar çıxarmışdı. Bundan ruhlanan redaksiyalar mayın 2-də öz işçilərinə e-mail göndərərək, onları növbəti günlərdə işə dönməyə hazır olmağa çağırmışdılar. Mayın 3-də isə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin bu qərarına fasilə verib, onun VOA işçilərinin işə qayıtmasına göstəriş verməyə hüququnun olmadığını bildirib. Xəbəri “Azadlıq radiosu” özü yayıb (https://www.azadliq.org/a/abs-amerikanin-sesi-hokm/33394426.html).
ABŞ-dakı mövcud media böhranı bununla bitmir. Yeni prezident komandası məşhur media qurumlarını qeyri-peşəkarlıqda ittiham edir, onlarla açıq qarşıdurmaya gedir. Fəaliyyətlərinə müdaxilə edərək, müxtəlif formada əngəllər yaradır. Məsələn, dünyanın ən yaşlı, məşhur və peşəkar informasiya agentliklərindən biri hesab olunan “Associated press”in “Ağ ev”dəki media toplantılarına girişi məhdudlaşdırılıb. Ona qarşı rəsmi formada açıq ittihamlar səsləndirilib. Digər məşhur media subyektləri də bu kontekstdə müxtəlif sıxıntılarla üzləşiblər.
“Demokratiyanın beşiyi” adlandırılan bir ölkədə medianın bu duruma salınması təkcə ABŞ-da deyil, bütün dünyada məyusluq yaradıb. Çünki “superdövlətdə” yaşanan hər bir hadisə ciddi rezonans doğurur, qlobal cərəyana çevrilir. Okeanın o tayında baş verənlərin tendensiyaya çevrilərək dünyanın dörd bir tərəfinə yayılacağı hər kəsdə narahatlıq doğurur. Peşəkar, nüfuzlu jurnalist təşkilatları bu prosesin qarşısını almaq üçün hərəkətə keçiblər. ABŞ media ictimaiyyətinə müraciət edərək, etiraz kampaniyalarına başlamağı təklif ediblər. Özləri də qlobal kampaniyalar hazırlığına başlayıblar.
İş bu məqamda ümumi ahəngi pozan, paradoksal görünən cərəyanlar baş qaldırır. Beynəlxalq diqqəti ABŞ-dan yayındırıb digər istiqamətlərə yönəltmək təşəbbüsü müşahidə olunur. Məsələn, Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Azərbaycanda medianın vəziyyətindən narahatlığı ifadə edən” açıqlama yayıb. “Abzas media” işi üzrə aparılan məhkəmə prosesindən narahatlığını bildirib. Maraqlıdır, CPJ-ni ABŞ-da cərəyan edən proseslərə, peşəkar media üzərinə basqılara göz yumub Azərbaycan üzərinə yönəlməyə nə vadar edir? Bütün dünya ABŞ mediasının durumundan, CPJ isə Azərbaycan mediasının vəziyyətindən narahat olur. Hansı məntiqlə? Ağla gələn bir səbəb var: CPJ beynəlxalq diqqətin ABŞ üzərindən yayındırılmasına yönəlmiş prosesdə rol alır.
Bənzər durum bədnam “Sərhədsiz reportyorlar” təşkilatının (RSF) fəaliyyətində də görünür. “2025 Dünya mətbuat azadlığı indeksi”ni açıqlayan RSF “ABŞ-ni məzəmmət etməyə” çalışıb. Amma cəsarəti çatmayıb. “Superdövlətin” adını “Mətbuat azadlığı indeksi”ndə cəmi 2 pillə geri çəkə bilib – onu 55-ci yerdən 57-ci yerə endirib. Əvəzində öz nifrinini ölkəmizə yönəldib. Azərbaycanın adını Ermənistandan yüz pillə geri atıb.
ABŞ-ın donor institutlarından qrantlar götürən, maliyyə alan təşkilatlar – o cümlədən RSF və CPJ – uzun illər ərzində çərçivəli davranıblar. ABŞ və onun maraq çevrəsində olan dövlətləri qoruyublar, tənqidlərdən yayınıblar. ABŞ-dəki sabit durum, “super demokratiya” imitasiyası peyk təşkilatların bu tendensiyalı davranışlarını ört-basdır edib, diqqətdən yayındırıb. Amma bu gün vəziyyət dəyişib. Tramp komandasının açıq və riskli davranışları “demokratiya aşiqləri” olan yandaş təşkilatları – RSF və CPJ-ni daxil olmaqla – çaşqın duruma salıb. Onların əsl mahiyyətinin üzə çıxmasına yol açıb. ABŞ mediası acınacaqlı duruma düşüb. Nə CPJ, nə də RSF ağzını açıb bir kəlmə deyir.