“Demokratik  dilənçilik”

post-img

Ararat Mirzoyanın növbəti hoqqası

Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin əllərinə düşən hər fürsəti anti-Azərbaycan kampaniyasına çevirdikləri məlumdur. Bu mənada ölkənin xarici işlər naziri Ararat Mirzoyanın xüsusi fərqləndiyi də həmçinin. Onun Şərqi Avropanın və Mərkəzi Asiyanın diplomatik təmsilçiləri ilə keçirilmiş toplantıdakı çıxışına da eyni prizmadan yanaşmaq üçün əsaslar var. Doğrudur, Mirzoyan daha çox subliminal tona üstünlük verir, birbaşa ittihamlardan çəkinir və eyhamla danışır. Hər bir halda, nəticə dəyişmir və yazımızda bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir məqama diqqət yetirək.

Ümumən, hay hakimiyyəti təmsilçiləri bütün beynəlxalq platformalarda, eləcə də xarici auditoriya qarşısında Ermənistanın, guya, demokratik ölkə olmasından dəm vururlar. Təxminən belə: biz demokratikik və buna görə kömək etməlisiniz. Hətta, bəzən kömək borc kimi də təqdim olunur. Sanki, “Ermənistan demokratiyası”nın ayaqda qalmasına yardım bəşəri missiya imiş. Mirzoyan da belə təqdimat dəst-xəttinə sadiqdir. Əlbəttə, buna sadiqlik demək mümkündürsə.

Bir zəruri haşiyə də çıxaq ki, ümumən, tipik hay düşüncəsinə görə, Ermənistan və ermənilər mütləq qorunmalıdırlar. Məsələn, bir vaxtlar qorunmanın başlıca motivini, ermənilərin, guya, eramızın 301-ci ilində xristianlığı ilk qəbul edən xalq olduğu uydurması təşkil edirdi. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan ­2025-ci ilin əvvəllində ABŞ-da dini tədbirdə iştirakı zamanı mövzuya dair nağıl da danışmışdı. Sən demə, 301-ci ildə Ermənistanda krallıq var imiş və kral görüb ki, “xristianlıq yaxşı dindir və onu qəbul edib”. 

Bir sözlə, dini avantürizmə alət etmək hay varlığının çoxdankı şakəridir. Hərçənd, Nikolun bu mənada ciddi fərqləndiyini söyləmək olmaz. O, ölkəsində bir çox şeyləri dəyişdiyi kimi, erməni ambisiyalarının həyata keçirilməsindəki “üsul və vasitələrə” də müəyyən korrektələr edib. İndi ambisiyaları başlıca reallaşdırmaq vasitəsi demokratiyadır. Mirzoyanın da səfirlər önündəki nitqinin istinadgah nöqtəsi məhz bu məhfumdur. 

***

Beləliklə, A.Mirzoyan dünyanın sürətlə dəyişdiyini, yeni reallıqların formalaşdığını vurğulayır və bildirir ki, ağlagəlməz proseslər fonunda yaşanan olaylardan biri də demokratiyanın hibrid hücumlara məruz qalmasıdır. Bu səbəbdən fundamental dəyərlərin möhkəm sintezinin təminatına ehtiyac var. “Dörd il əvvəl hibrid müharibəsi şəraitində Ermənistan tam azad və demokratik seçkilər keçirməyə nail oldu”, – deyən erməni XİN rəhbərinin ölkəsində 2021-ci ilin iyunundakı növbədənkənar parlament seçkilərini nəzərdə tutduğu aydındır. Aydın olmayan onun nə üçün durumu mürəkkəbləşdirib təhrif etməsidir. 

Məsələ ondadır ki, 44 günlük müharibədəki rüsvayçılıq nəticəsində Paşinyan hakimiyyətinin seçkiyə getməkdən başqa yolu qalmamışdı. Müharibədən sonra Nikolu satqınlıqda və xainlikdə günahlandıranlar etiraz dalğasını genişləndirmişdilər. Belə bir durumda rəqiblərin əl-qolunu bağlayan məhz seçki oldu. Paşinyan anlayırdı ki, Ermənistandakı revanşist və şovinist kəsimin heç bir sosial dayağı yoxdur (indi də vəziyyət dəyişməyib – red.). Yəni, erməni iqtidarı seçkiyə getməklə, başıpozuqları zərərsizləşdirdi və onların qeyri-ordinar hərəkətlərlə, məsələn zorakı çevrilişlə hakimiyyətə yiyələnmələrinin qarşısını kəsdi. İndi anlaşılmayan məqam isə Mirzoyanın həmin vaxt yaşananları demokratiyaya qarşı hibrid müharibə kimi qələmə verməsidir. Axı səbəb başqa idi. Məgər, Paşinyanın 44 günlük müharibəyə səbəb olmuş “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, yoxsa onun təyin etdiyi müdafiə nazirinin “Yeni ərazilər uğrunda yeni müharibələr” şüarı, yaxud Nikolun Cıdır düzündə “yallı” getməsi, sərxoş olub yerə sərilməsi demokratiyanın əlaməti idi? Bəlkə həmin vaxt demokratiya özünün həzz anlarını yaşayırdı?

***

Əlbəttə, demokratiya, ilk növbədə, hüquq prinsiplərinə sadiqlikdir. İndiki halda, söhbət beynəlxalq hüquqa riayətdən gedir. Paşinyan və komandasının üzvləri həqiqi demokrat olsaydılar, anlayardılar ki, Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, ona bitişik yeddi rayonu işğal edib və həmin bölgələr geri qaytarılmalıdır. Bunu nəzərə almayıb özünü qövmün rəhbəri, quldur tayfa başçısı kimi aparan Nikolun, necə deyərlər, başı əzilməli idi və əzildi də. 

Sözümüz ondadır ki, bu proseslərin təsiri ilə Ermənistanda dörd il əvvəl yaşananları demokratiyaya qarşı hibrid müharibə kimi qiymətləndirmək, ən azından, siyasi vicdansızlıqdır. Görünür, Mirzoyana “demokratik vidansız” olmaq heç bir mənəvi əzab yaşatmır. O zaman belə bir sual verək: 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından çox keçməmiş İrəvanda parlament binasına soxulan kütlənin, o vaxt Milli Assambleyanın sədri vəzifəsini tutan həmin bu Mirzoyanı əzişdirməsi də demokratiyanın üzləşdiyi hibrid hücum idi? 

***

Yeri gəlmişkən, Ermənistan hakimiyyəti 44 günlük müharibəyə rəvac verən bəyanatlar səsləndirəndə də məhz demokratiyaya güvənmişdi. Ümumən, rəsmi İrəvan 2018-ci ildən 2020-ci ilin noyabrınadək eyforiya yaşamışdı. Yuxarıda qeyd etdiyimiz sərsəm bəyanatlar da məhz həmin eyforiyanın təsiri ilə verilmişdi. Nikol və tərəfdarları hesab etmişdilər ki, dünya “demokratik Ermənistana” “avtoritar Azərbaycanla” mübarizədə dəstək verəcək. 

Çox güman, özünü “demokratiyanın qladiatoru” sayan Paşinyan ölkəmizi dizə gətirməyin, hələ bəlkə Bakını ələ keçirməyin xəyalını da qurmuşdu. Axı o, Ermənistanın əvvəlki liderlərindən fərqləndiyini gözə soxmaq istəyirdi. Əsl demokratik liderin necə ola biləcəyini sübuta yetirməyə çalışırdı. Nikolun yekunda hansı acınacaqlı vəziyyətə düçar olduğunu bütün dünya gördü. Yəqin razılaşarsınız ki, gerçək demokratiyanın rəzil durumla üzləşmək kimi təhlükəsi yoxdur. 

***

Bəli, Ermənistanın indi də qurtula bilmədiyi rəzil durumun səbəbi avantürizmdir. Rəsmi İrəvan 44 günlük müharibədən sonra da tipik erməni xəstəliyinə xas bu xüsusiyyətdən əl çəkmədi. Mirzoyan isə bildirir ki, guya, ölkəsi ötən müddətdə xarici siyasət kursunda diversifikasiya həyata keçirib. Görəsən, Fransa başda olmaqla, Avropa İttifaqının “qucağında oturmaq” nə zamandan diversifikasiya olub? Sualımız ritorikdir. 

Erməni iqtidarının xarici siyasəti balanslaşdırmaq xətti kimi qələmə verdiyi kurs birbaşa anti-Azərbaycan mahiyyət daşıyıb və yenə daşımaqdadır. Rəsmi İrəvan ötən müddətdə Bakı ilə sülhün olmaması, yaxud sülhün erməni avantürizmi üçün hansısa tutacaq yer, istinad nöqtəsi saxlaması üçün hər şeyi edib. Fikrimizin sübutu kimi, sonda Mirzoyanın səfirlər önündəki çıxışının daha bir hissəsinə diqqət yetirəcəyik.  

***

Erməni XİN rəhbəri Paşinyan tərəfindən irəli sürülmüş “Dünyanın kəsişməsi” təşəbbüsündən söz açıb. Bu “təşəbbüsün” Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı olduğu məlumdur. “Dünyanın kəsişməsi”nin Ermənistanı qlobal kommunikasiya habının açar fiquruna çevirərək güclənməsinə, yenidən avantürist niyyətlərə köklənməsinə hesablandığı da həmçinin. 

Azərbaycan, heç bir halda, buna imkan verməyəcək. Ümumən, ölkəmizin razılığı olmadan regionda hansısa irimiqyaslı layihənin gerçəkləşməsi mümkünsüzdür. Mirzoyan isə çıxışında bildirir ki, guya, “Dünyanın kəsişməsi” təşəbbüsü çərçivəsində Ermənistanın İranla və Gürcüstanla produktiv əlaqələri var. Göründüyü kimi, XİN rəhbəri cəfəngiyyat danışır. Ən pisi isə budur ki, belə bir cəfəngiyyat fonunda Azərbaycan subliminal şəkildə pozitiv çağırışlara reaksiya verməyən ölkə qiyafəsində göstərilir. 

***

Əlbəttə, böyük pozitiv çağırış sülhdür. A.Mirzoyan çıxışında bilavasitə Azərbaycan – Ermənistan sülh prosesinə də toxunub. “Biz Azərbaycanla hərtərəfli və institusional sülhün bağlanması üçün ardıcıl olaraq çalışırıq. Məlum olduğu kimi, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin mətnini razılaşdırıblar və Ermənistan onu dərhal imzalayıb ratifikasiya etməyə hazırdır. Hələ məlum deyil ki, Bakı səmimi şəkildə narahatdır, yoxsa süni əngəl törədir. Amma hər şey göz qabağındadır: saziş hələ imzalanmayıb. Avropalı tərəfdaşlarımızı bu prosesi daha fəal dəstəkləməyə çağırırıq. Biz gözləyirik ki, Avropa İttifaqı həm Bakı ilə birbaşa dialoqda, həm də ictimai bəyanatlarda sazişin mümkün qədər tez imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulayacaq”.

Çox güman, Mirzoyanın “demokratik Ermənistan” yönümlü çıxışının “hibrid müharibə” məntiqinin başlıca hədəfinin nə olduğunun fərqinə vardınız. Bəli, yenə beynəlxalq aləmdən dəstək ummaq kimi bir motiv var. Halbuki, rəsmi İrəvanın reallığı görməsi vacibdir. Nəinki görməsi, eyni zamanda, dərk etməsi. Reallıq isə Paşinyan və komandasının avantürizmdən tamamilə daşınmasını zəruriləşdirir. Həm zəruriləşdirir, həm də İrəvan üçün ölüm-qalım məsələsinə çevirir. Bir sözlə, Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi ölkəmizin iki şərtinin qəbul edilməsindən sonra mümkündür. Şərtlər isə məlumdur – Ermənistan konstitusiyasına dəyişiklik, sənədin işğalçı mahiyyətli, ərazi iddiasına əsaslanmış İstiqlaliyyət ­bəyannaməsinə istinaddan xilas edilməsi və ATƏT-in özündə artıq olmayan Qarabağ münaqişəsinin varlığını vurğulayan Minsk qrupunun rəsmən ləğvi. 

***

Sonda A.Mirzoyanın diqqətə çatdırdığımız sitatdakı anti-Azərbaycan eyhamına gəlincə, bildirək ki, ölkəmiz bütün məsələlərdə səmimidir və bu səbəbdən həyata keçirdiyi hər bir tədbir süni əngəl yaratmağa yox, praqmatizmə və rasionallığa əsaslanır. Azərbaycan, indiki halda sülhü təminatlı etmək, ona fundamental obraz qazandırmaq əzmindədir. Görünən isə budur ki, durumdan narahat olan Ermənistandır və ölkə dayanıqlı sülhü deyil, narahatlıq içində qıvrılaraq, demokratiyanı “sipərə” çevirərək, xaricdən mədət ummaq yolu tutursa, çeşidli manipulyasiyalara baş vurursa, nə etmək olar, seçim onundur. Amma nə vaxtadək?

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət