Seçkiqabağı “güc” nümayişi

post-img

Yaxud Paşinyanın ictimai reytinqi qaldırmaq taktikası

Son dövrlər Ermənistan baş naziri Nikol Paşinyan erməni ictimai rəyində enməyə meyilli reytinqini yüksəltmək məqsədilə pozitiv çıxışlarla gündəmə gəlir. Onun sentyabrın 10-da parlamentdəki çıxışını məhz bu qəbildən saymaq olar. Özü ilə parlamentə Vaşinqtonda imzalanmış sənədin böyük formatda surətini gətirən Paşinyan deyib ki, Ermənistan ərazisində TRIPP adlı infrastruktur olacaq: “Məsələ bundadır ki, protokolun altında ABŞ prezidentinin də, Azərbaycan Prezidentinin də imzası var”.

Paşinyanın bu çıxışı bir neçə müstəvidə şərh oluna bilər. Baş nazir, əslində, real siyasi-hüquqi vəziyyəti deyil, ictimaiyyətə göstərmək istədiyi mənzərəni təqdim edir. O, Vaşinqton bəyanatının altında ABŞ Prezidentinin imzasını xüsusi vurğulayaraq Ermənistanı beynəlxalq arenada “böyük oyunçularla eyni masa arxasında oturan dövlət” kimi göstərməyə çalışır. Bu arqument gələcəkdə seçicilərə “zəif dövlət deyilik, dünya gücləri ilə bərabər tərəf kimi danışıqlar aparırıq” mesajı vermək məqsədi daşıyır.

Trampın imzasını qabartmaq, eyni zamanda Ermənistan cəmiyyətində “güclülərin himayəsi altında olmaq” təsəvvürünü yaratmaq üçün istifadə olunan vasitə kimi qiymətləndirilə bilər. Paşinyanın parlamentdəki çıxışı zamanı diqqətçəkən daha bir məqam onun TRIPP layihəsinin Ermənistan–ABŞ arasında ikitərəfli müzakirə mövzusu olduğunu vurğulamasıdır. Baş nazir layihəni “ABŞ–Ermənistan gündəmi” kimi təqdim etməklə həm də daxili auditoriyaya İrəvanın artıq Moskvanın asılılığından qoparaq Qərbin siyasi dəstəyini qazandığını göstərir. Bu, onun seçkiqabağı mövqeyini möhkəmləndirmək üçün vacibdir. Çünki erməni cəmiyyətində Rusiyadan narazılıq getdikcə artır.

Paşinyanın ritorikasında müəyyən manipulyativ elementlər də var. O, layihənin regional çərçivədə Azərbaycanla bağlılığını etiraf etsə də, Ermənistan prosesin “mərkəzi fiqurudur” obrazını formalaşdırmağa çalışır. Halbuki bu tip layihələrin mahiyyəti regional əməkdaşlıqdan keçir və Ermənistanın mövqeyi təkbaşına həlledici deyil. Paşinyan Ermənistanı zəif və təcrid olunmuş ölkə imicindən xilas etmək istəyir. Bundan başqa, o, çıxışında ABŞ Prezidenti Donald Trampla Ermənistanın “Dünyanın kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət protokolunu imzaladıqlarını da vurğulayıb. Bununla ABŞ-ın ölkəsinə investisiya qoymaqda maraqlı olduğu mesajını verir.

Baş nazirin erməni cəmiyyətində nüfuzunun aşağı düşməsinin səbəbini yalnız bir amillə izah etmək mümkün deyil. Proses həm daxili, həm də regional kontekstdə dəyərləndirilməlidir. Ən önəmli səbəb İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdir. Müharibə sonrası erməni ictimaiyyəti Paşinyanın ölkənin təhlükəsizliyini qorumaqda yetərsiz olduğunu düşünürlər. Daxili iqtisadi və sosial problemlər də Paşinyanın reytinqinin düşməsində həlledici rol oynayır. Müharibədən sonrakı dövrdə Ermənistan iqtisadiyyatı ciddi böhranla üzləşdi – inflyasiya yüksəldi, işsizlik artdı, sosial xidmətlərin səviyyəsi aşağı düşdü. Bu, xüsusilə gənc və fəal seçici qrupunda məyusluq yaratdı. Baş nazirin xarici siyasət kursu onu erməni ictimaiyyətinin “istənməyən” liderinə çevirdi. Paşinyanın Rusiya ilə münasibətləri gərginləşdirməsi və Qərbə yaxınlaşma cəhdləri müəyyən qruplar, xüsusilə sovet dönəmi təhlükəsizlik paradiqmasına öyrəşmiş ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Bu, baş naziri həm daxildə, həm də regional səhnədə riskli marionet kimi tanıtdı. Cəmiyyətin bir hissəsi onu “milli maraqları kifayət qədər qorumayan lider” kimi dəyərləndirdi və bu rəy zamanla seçicilər arasında geniş yayıldı. Paşinyanın siyasi idarəetmə üslubu və kommunikasiya tərzi də onun nüfuzunu zəiflətdi. Müxalifətlə dialoqda bəzən sərt və ya laqeyd mövqedə dayanması, parlamentdə qərarların açıqlığı və şəffaflığın yetərli olmaması, eləcə də kritik məsələlərdə informasiya çatışmazlığı ictimaiyyətin narazılığına səbəb oldu. Məlumatlı və fəal seçici qrupları arasında Paşinyanın dəstəkçiləri azaldı.

Ermənistan daxilində baş nazirin kommunikasiya və yanlış media strategiyası barədə də fikir ayrılıqları mövcuddur. Paşinyan müasir media alətlərindən istifadə etməyə çalışsa da, informasiyanın auditoriyaya düzgün ötürülməməsi və ya ziddiyyətli ritorikanın meydana çıxması onun imicinə mənfi təsir göstərir. Həmçinin xarici layihələr və beynəlxalq protokolların mahiyyətini cəmiyyətə aydın şəkildə çatdıra bilməməsi, seçici üçün real nailiyyətləri göstərə bilməməsi də baş nazirə qarşı artan narazılığın səbəblərindəndir. Paşinyan vəziyyəti yumşaltmaq üçün mövcud narazılığı yumşaltmağa çalışır. O deyir ki, siyasət, diplomatiya və beynəlxalq münasibətlər sistemində tərəflər öz narahatlıqlarını bölüşür və problemi aradan qaldırmaq və ya minimuma endirmək üçün əməkdaşlıq yollarını axtarırlar. Daim tənqid atəşinə tutulan və vaxtilə ölkəsindəki narahatlıqları heçə sayan Paşinyanın bu fikirləri söyləməsi kənardan hər nə qədər gülünc görünsə də, gələcək perspektivdə müsbət tendensiyaya çevriləcəyi sezilir.

Sonda qeyd edək ki, Paşinyanın zəifləmiş nüfuzunu bərpa etmək üçün parlamentdə pozitiv çıxışlarla gündəmə gəlməyi, TRIPP layihəsi və ABŞ ilə əməkdaşlıq kimi təşəbbüslərin qabardılması ictimaiyyətdə həm daxildə, həm də xaricdə “hər şeyin nəzarət altında olduğu” təəssüratını yaratmaq məqsədi daşıyır. Görünür, seçkilərə qədər parlamentdən Paşinyanın gur səsli çıxışları hələ çox eşidiləcək...

Oğuz MİRZƏYEV,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti

Paşinyanın parlamentdə səsləndirdiyi çıxışında TRIPP layihəsinə xüsusi yer ayırması təsadüfi deyil. O, Vaşinqton Bəyannaməsini təqdim edərkən sənəddə həm ABŞ, həm də Azərbaycan prezidentlərinin imzasını qabartdı. Bu, bir tərəfdən Ermənistanın daxili auditoriyasına "biz regionda təcrid vəziyyətində deyilik" mesajı vermək məqsədi daşıyır. Digər tərəfdən isə onun seçkilər ərəfəsində siyasi imicini möhkəmləndirməyə hesablanıb. Obyektiv reallıq ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Bu, region üçün strateji dönüş nöqtəsidir. Paşinyan isə TRIPP layihəsini Ermənistan–ABŞ münasibətlərinin ikitərəfli formatı kimi təqdim etməyə çalışır. Halbuki layihənin təməli regional xarakter daşıyır və onun uğuru kommunikasiyaların açılması ilə birbaşa bağlıdır.

Paşinyanın ritorikasında diqqətçəkən daha bir paradoks var. O, həm Azərbaycanın bu layihəyə inteqrasiyasını etiraf edir, həm də bunu daxili auditoriyaya Ermənistanın “müstəqil təşəbbüsü” kimi göstərməyə çalışır. Ancaq şübhəsiz ki, Ermənistanın kommunikasiya xətlərinin davamlılığı razılaşmaya əməl etməklə və regionun bütöv nəqliyyat şəbəkəsinə qoşulmaqla təmin oluna bilər. TRIPP layihəsi regionda gələcək təhlükəsizliyi, qarşılıqlı etimadı və hətta geosiyasi balansı formalaşdıracaq strateji alətdir. İstənilən halda Ermənistanın populist şüarları daxili auditoriya üçün qısamüddətli təsir yarada bilər, lakin real nəticə gətirməz. Hazırkı mərhələdə əsas sual odur ki, Paşinyan bu çıxışları yalnız seçkilərqabağı reytinq toplamaq üçün edir, yoxsa həqiqətən də Ermənistan adına regionun sabitliyinə yönəlmiş liderlik nümayiş etdirmək istəyir? Cavab isə yaxın aylarda atılacaq konkret addımlarda görünəcək və həmin addımlar Ermənistanın gələcək geosiyasi mövqeyini müəyyən edəcək.

Nəzrin ELDARQIZI
XQ



Siyasət