Bu ortaq yolun “hərəkət trayektoriyası” Azərbaycandan keçir
Tarixi bir dönəmdə yaşayırıq. Bu dönəmi xarakterizə edən amillərdən biri, bəlkə də, birincisi, Türk dövlətlərinin bir-birinə bu qədər yaxın olmaları, mədəni, iqtisadi, siyasi və hərbi vəhdətə sahiblənmələridir. Türkdilli xalqların şərəflə addımladığı bu yol öz başlanğıcını 33 il əvvəl –1992-ci ildə Azərbaycanın Naxçıvan bölgəsi ilə Türkiyə arasında “Ümid” körpüsünün açıldığı tarixdən götürür. İki dövlətin sərhədində, Araz çayı üzərində salınan bu körpü təkcə qardaş xalqları bir-birinə bağlayan nəqliyyat dəhlizi deyildi. Həmin körpü sonradan Azərbaycan və Türkiyə üzərindən türkdilli dövlətlərə uzanan nəqliyyat qollarının, bir əsrə yaxın ayrı düşmüş türk elləri arasında qarşılıqlı təmasların yaranmasına vəsilə oldu. Bəli, bu gün Türk dünyası geniş geosiyasi coğrafiyada getdikcə mövqeyini gücləndirən, ən nüfuzlu beynəlxalq platformalarda sıçrayışlı irəliləyiş nümayiş etdirən vahid alyansa çevrilib. Bu alyansın təşkilatçısı və hərəkətverici qüvvəsi Türk Dövlətləri Təşkilatıdır.
* * *
TDT-nin budəfəki sammitinə xüsusi maraq və diqqət göstərilirdi. Bunun bir səbəbi kimi çağdaş dünyanın üzləşdiyi qlobal problemlərin həllini asanlaşdırmağa qadir olan təşkilatın nüvəsi kimi Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə təsəvvürün güclənməsini göstərə bilərik.
BMT-nin COP29 iqlim konfransına evsahibliyi etməklə “qlobal sıçrayışa” imzasını atmış Azərbaycan dünyanın “böyük gücləri”nin tanıdığı və hesablaşdığı iriçaplı aktor kimi qəbul olunur. Bu, təkcə diplomatik uğur deyil, həm də ölkəmizin neft ixracatçısından qlobal layihələrin memarına və icraçısına çevrilməsinin təsdiqləyici faktorudur. Məhz bu kontekstdən yanaşanda, Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısındakı çıxışı bir neçə aspektdən əhəmiyyət kəsb edir. Nəticələri gözləyərək, dərhal qeyd edəcəyik ki, bu çıxış, sadəcə, görülən işlərin hesabatı deyil, həm də mərkəzində Bakının rolunun getdikcə daha çox göründüyü türk ölkələrinin inteqrasiyasında yeni mərhələnin bəyannaməsi idi. Dövlətimizin başçısının çıxışının inamlı və praqmatik tonu Azərbaycanın regionda iqtisadi, nəqliyyat və diplomatik qovşaq kimi artan təsirini əks etdirirdi.
Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Budapeşt Zirvə görüşündə çıxışında Macarıstanla əlaqələrimizin inkişafının məmnunluq doğurduğunu dilə gətirdi. “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm”. Dövlət başçımızın bu sözlərini Azərbaycan–Macarıstan münasibətlərinin bütün kompleksini, bir gün əvvəl Baş nazir Viktor Orbanla görüşü kontekstində nəzərdən keçirsək, deyə bilərik ki, dünyada qütbləşmənin artması fonunda Macarıstan və Azərbaycan müstəqil xarici siyasət yürüdən suveren dövlətlər imicini çatdırırlar.
Belə bir qənaətə gəlmək olar ki, İlham Əliyevin çıxışı, sadəcə, TDT-nin qazandığı uğurların nümayişi deyil, böyük coğrafiyanın strateji “yol xəritəsidir”. Azərbaycan ənənəvi suverenlik prinsipindən əl çəkmədən fəal inteqrasiya modelini təklif edir. Bu isə Türk dünyasının tələb etdiyi formatdır. Eyni zamanda, Azərbaycan lideri ölkəmizin türk inteqrasiyasının lokomotivi kimi imicini deklarativ ritorika ilə deyil, konkret nəticələrin və strateji təşəbbüslərin nümayişi ilə möhkəmləndirib.
Zirvə görüşünün yekunu olaraq Budapeşt Bəyannaməsi qəbul edilib. Bəyannamədə yaşıl enerji layihələrinin həyata keçirilməsi, dayanıqlı infrastrukturun inkişafı və üzv dövlətlər arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin qüvvəyə minməsi alqışlanır. Bəyannamənin bu bəndi İlham Əliyevin nitqinin leytmotivini də təsdiqləmiş olur – infrastruktura qoyulacaq yatırımlar Türk dünyasının gələcəyinin iqtisadi təminatıdır.
* * *
Əminliklə deyə bilərik ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında əlaqələri daha da gücləndirmək məqsədi daşıyan strateji təşəbbüslərə rəhbərlik edir. TDT ətrafında cərəyan edən bu təşəbbüslər təkcə regional əməkdaşlıq üçün deyil, həm də vahid Türk dünyasını – Turan Birliyini yaratmaq yolunda uzaqgörən səylər kimi dəyərləndirilməlidir. Bu səylər 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT-ni qarşılıqlı etimadı, sülhü və rifahı təşviq edən dinamik qlobal platformaya çevirib. On-on beş il bundan əvvələ qədər Azərbaycan və Türkiyəni çıxmaq şərtilə digər türk dövlətləri bu platformaya yaxınlaşmağa tərəddüd edir, birlikdən kənarda durmağa üstünlük verirdilərsə, bu gün tamamilə fərqli mənzərəni görürük. İndi TDT-nin hər bir üzvü bacardığı qədər bu prosesi irəli aparmağa, çiyinlərini bu yükün altına qoymağa həvəsli və maraqlıdır. Çünki artıq hər bir türk dövləti təhlükəsizlik və sabitliyin, qlobal təhdidlərdən sığortalanmanın birlik və bərabərlikdən keçdiyinin fərqindədir. Bu baxımdan, XXI əsrin Türk əsri olacağını deyənlər heç də yanılmayıblar. Azərbaycan TDT-nin uğurlu gələcəyinin formalaşmasında mərkəzi fiqur, daşıyıcı lokomotiv kimi çıxış edir, təşkilatın dünya çapında rolunu və nüfuzunu artırmaq üçün strateji mövqeyindən və geosiyasi uğurlarından yararlanır.
Ölkəmizin TDT-də fəal iştirakı onun digər türkdilli xalqlarla tarixi və mədəni əlaqələrindən, eləcə də regional məsələlərdə fəal iştirak etmək niyyətndən irəli gəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın TDT üzrə strategiyası dəqiq müəyyən edilib. Prezident TDT-ni təkcə Türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafın mayakı rolunu oynayan əsas platforma kimi nəzərdə tutur. Bu yanaşmanın nüvəsində vahid Türk dünyasının beynəlxalq aləmdə öz üzvlərinin hüquq və mənafelərini müdafiə edərək qlobal işlərə əhəmiyyətli təsir göstərə biləcəyi inamı dayanır. Türkdilli ölkələr arasında birlik, ortaq məqsəd və hədəflər hissini gücləndirməklə Azərbaycan həm daxili çağırışları, həm də xarici təzyiqləri effektiv şəkildə həll edə bilən sabit və firavan region yaratmağı hədəfləyir.
Sonda bir daha qeyd etməyi vacib sayırıq ki, Prezident İlham Əliyev TDT-nin strateji əhəmiyyətini vurğulayan zaman onu öz komandasının prioriteti statusunda görür. Bu status təkcə regional əlaqələri gücləndirmək deyil, həm də beynəlxalq münasibətlərdə vahid cəbhə yaratmaq üçün daha geniş ambisiyanı özündə əks etdirir.
Tofiq ABBASOV,
siyasi şərhçi
– Müasir dövrdə Türk birliyinin yenidən qurulması və formalaşması, yeni çağırışlara qoşulması həm təşkilatçılıq, həm də ideoloji baxımdan çox vacib məsələlərdir. Bu prosesi ərsəyə gətirən və əməli işlərlə möhkəmləndirən Heydər Əliyev olub. Siyasi hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Türk dünyasının müasir dönəmdə missiya, vəzifə və imkanlarını nəzərdən keçirdi, digər tərəfdən “Qafqaz 20” məsələsini gündəmə gətirdi. Doğrudur, bu ideyanın gerçəkləşməsi ermənilərin günahı ucbatından hələlik problematik görünür, amma bu məqsədmizə də çatacağıq.
Biz görürük ki, Prezident İlham Əliyev indiki mərhələdə, xüsusilə 2009-cu ildə Naxşıvanda Türk Birliyi Əməkdaşlıq Şurasının təsis toplantısını reallaşdırmaqla, əsas prioritetləri müəyyən etdi və bildirdi ki, bizim yolumuz Türk ailəsinə doğrudur. Bu sözləri parlamentdəki çıxışında da dünyaya bəyan etdi. Əsas məsələ ondan ibarətdir ki, dünya nizamı yenidən formalaşır, qlobal sistemin oturuşması bir qədər ağrılı prosesdir. Tarix göstərir ki, yeni dünya düzəni qlobal kataklizmlər, fəlakətlər və müharibələrdən sonra baş verir. Birinci Dünya müharibəsindən sonra Xalqlar liqası, İkinci Dünya savaşından sonra BMT böyük kataklizmlərin nəticəsində ortaya çıxıb. Dünya qaydalara riayət etdiyi halda özünün sabit axarı ilə yaşayır.
Avropa İttifaqı dünyanın nəhəng güc mərkəzlərindən biri olaraq çox zəif, xaotik, hətta böhran dövrünü yaşayır. ABŞ-ın məlum prosesdən yaxasını kənara çəkməsi Avropa qitəsi üçün faciəyə çevrilə bilər. Məhz belə bir vəziyyətdə Türk Dövlətləri Təşkilatı dünyanın əsas aktorlarından birinə çevrilməkdədir. Burada Azərbaycanın, onun lideri İlham Əliyevin rolu müstəsna xarakter daşıyır. O, heç kəsin edə bilmədiklərini reallaşdırdı. Ən azı, İkinci Qarabağ müharibəsində Zəfər qazanmaqla Türk dünyasına yeni nəfəs vermiş oldu. Mərkəzi Asiyadakı qardaşlarımızı hərəkətə gətirdik. Azərbaycan öz zəfəri ilə yolgöstərən, qurucu ölkə olduğunu sübut elədi. TDT-nin şuradan sağlam təməllərə və nüfuza malik alyansa çevrilməsi də Azərbaycanın hərbi-siyasi uğurları sayəsində mümkün oldu. İndi ölkəmiz TDT-nin vasitəsilə dünyaya həm sərt, həm yumşaq, həm də ağıllı gücün mesajlarını çatdırır.
İmran BƏDİRXANLI
XQ