“EUMA nağılı”, yaxud Ritterin qarabasmaları

post-img

Missiya rəhbəri Ermənistandan çıxarılmalı və…“EUMA nağılı”, yaxud Ritterin qarabasmaları

Avropa İttiffqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının rəhbəri Makrus Ritter danışıb. Bəribaşdan bildirək: buna danışmaq yox, sərsəmləmək demək daha münasibdir.

Əlbəttə, Ritterin başlanğıcda bildirdiyi fikirləri anormal qiymətləndirmək istəməzdik. Məsələn, o deyib ki, Aİ-nin müşahidə missiyasının nümayəndələri bir sıra ölkələrdə müxtəlif öhdəliklərlə fəaliyyət göstəriblər, lakin heç bir yerdə Ermənistandakı münasibətlə, qonaqpərvərliklə rastlaşmayıblar və bu cəhət onların motivasiyasını artırır, effektiv iş üçün şərait yaradır.

Hərçənd, onu da deyək ki, Aİ müşahidəçilərinin dünyanın hansısa nöqtəsində Ermənistandakı kimi missiyaları olmayıb. Dəqiq desək, qurum nə vaxtsa heç bir dövlətə Ermənistana göstərdiyi kimi dəstək göstərməyib. Yenə də Aİ-nin öz işidir. Effektivliyə gəlincə, Ritter müşahidəçilərin şərti sərhədin bir başından o biri başına “pikap” avtomobillərlə məsafə qət etmələrini iş sayırsa, onun həqiqi fəaliyyətlə bağlı təsəvvürlərinin qısırlığına heyrətlənməmək olmur.

Əlbəttə, EUMA adlandırılan missiyanın rəhbərinin, yumşaq desək, heyrət doğuran fikirləri də var və mövzumuz əsasən bu barədədir. O deyib ki, rəhbərlik etdiyi təsisat 2023-cü ildə fəaliyyətə başlayanda, guya, Azərbaycan Silahlı Qüvvələri irəliləmiş və Ermənistanın bəzi ərazilərinə daxil olmuşdular. Görəsən, cənab Ritter nə danışdığının fərqindədir? Diplomat adlandırılan bu şəxs ölkəmizi, az qala, işğalçı adlandırdığını düşünürmü?

Deyəsən, cənab Ritter Ermənistanda olduğu müddətdə psixi travma alıb, nə dediyini dərk etməyəcək qədər anlaqsız vəziyyətə düşüb. O bilmirmi ki, iki Cənubi Qafqaz ölkəsi arasında sərhədlər qeyri-müəyyəndir? Bilməmiş olmaz. Hər ehtimala, cənab Ritterin nəzərinə çatdıraq ki, SSRİ-nin süqutundan sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməməsinin gühankarı ikincinin işğalçılıq yolu tutmasıdır.

Azərbaycan Ordusunun irəliləməsi məntiqinə gəldikdə, 44 günlük müharibədən sonra erməni silahlı birləşmələri ordumuzun mövqelərini atəşə tuturdular. Cavab tədbirlərimiz həmin atəş nöqtələrini neytrallaşdırmaq mahiyyəti daşıyırdı və ölkəmizin rəhbərliyi həmişə bəyan edib ki, Azərbaycan üçün təhdid nöqtələri, onların harada yerləşməsindən asılı olmayaraq, qanuni hədəfdir.

Yəni, yaxşı olar ki, Ritter hazırda rəsmi İrəvanın təxribata əl atmamasına görə şükür eləsin. Çünki belə bir durum yaşansa, təxribatçılarla yanaşı, onun heç nəyə yaramayan müşahidəçilərinin də izi-tozu qalmayacaq. O zaman EUMA şefinə təkcə psixoloji deyil, hətta travmatoloji yardım da lazım olacaq. Azərbaycan Ordusu irəliləyirmiş, EUMA imkan verməyibmiş. Görəsən, Ritter öz dediyinə inanırmı?

Nə isə, Ritter, eyni zamanda, bildirib ki, EUMA-nın məqsədi regionda sülh və sabitliyin qərarlaşmasına töhfə vermək, Azərbaycanla sərhəddə gərginliyin qarşısını almaqdır. Sual olunur: Qurum indiyədək hansı gərginliyin yaşanmasına yol verməyib? Qeyd edək ki, EUMA 2023-cü ilin əvvəlindən fəaliyyətdədir. Həmin vaxt Ermənistan Qarabağdakı separatçı rejimə silah-sursat daşıyırdı. Missiya bunun əleyhinə çıxıbmı? Bəlkə müşahidəçilər erməni tərəfinin hərəkətlərinin gərginlik doğuracağını bildiriblər? Suallarımız ritorikdir. Yəqin, Qarabağa silah daşınanda EUMA təmsilçiləri iqlimə öyrəşmək çətinlikləri yaşayır, ishal problemləri keçirirmişlər. Başqa nə düşünək? Düşünək ki, müşahidəçilər Avropanın korlar dərnəklərindən seçiliblər?

***

Ritter deyir ki, rəhbərlik etdiyi missiyanın üzvləri münaqişədən zərər çəkmiş sərhədyanı yaşayış məntəqələrini ziyarət edir, orada təhlükəsiz mühit yaratmaq və sərhədyanı icma sakinlərinə inam vermək istəyirlər. Azərbaycan dilində belə bir ifadə var: dəlinin yadına daş salmaq. Deyəsən, Ritter və komandasının işi bundan ibarət imiş. Bu komandanın təmsilçiləri, görəsən, nəyə inam aşılayıblar? Bəlkə təxribat toxumları səpiblər? Bu, daha ağlabatandır.

***

Amma EUMA rəhbərinin sərsəmləmələri bunlarla yekunlaşmır. Onun sözlərinə görə, missiya fəaliyyətə başlayanda Aİ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və münaqişənin həlli prosesində vasitəçi rolunu üzərinə götürdü. Bəli, belə bir durum yaşanmışdı. Amma Ritter ardınca yenə cəfəngiyyata köklənir. O deyir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və daha sonra Almaniya Kansleri Olaf Şolts dərhal sülh danışıqlarına dəstək üçün addımlar atdılar və hazırda Ermənistanla Azərbaycan arasında birbaşa dialoq aparılır.

Ritterin dediklərindən belə çıxdı ki, Bakı-İrəvan münasibətlərində müşahidə edilən pozitivlik, o cümlədən sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırılması birbaşa Aİ-nin səylərinin nəticəsidir. Deyəsən, missiyabaşı tam anlaqsız durumdadır. O qədər anlaqsız ki, Makronun farmazonluqlarını, Şoltsun üzdə tərəfsizliyini yaddan çıxarıb. Ola bilər, Ermənistanın sülh danışıqlarında hazırda nümayiş etdirdiyi müəyyən pozitivliyin Qərbin illüziya yaradan vədlərinin puça çıxmasından sonraya təsadüf etdiyini unudub. Amma unutmamalıdır. Özünə hörmət qoyan rəhbər şəxs belə məqamlara diqqət yetirməli, gülünc vəziyyətə düşməməlidir.

***

Əlqərəz, sərsəmləmələrini davam etdirən Ritter onu da bildirib ki, iki il əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi “missiyaçılardan” Xaçik kəndi ətrafında müşahidə aparmağı xahiş edib. Sən demə, azərbaycanlı hərbçilərin Naxçıvan istiqamətində “kəndlilərə atəş açması və kənd təsərrüfatı işlərinə maneə yaratması ilə bağlı məlumat” yayılmışdı. “Biz müşahidəyə başlayanda və gözlə görünən məsafədə dayandığımız zaman azərbaycanlı hərbçilərin Naxçıvandan atəş açdıqlarını gördük və atəş dayandı” kimi qarabasmalarını danışan Ritterə nə deyəsən? Yalançının…

***

Hə, onu deyirdik axı, yalançının evi yandı, heç kəs ona inanmadı. Yəqin, Ritter elə bilir, kimsə onun dilə gətirdiklərini həqiqət kimi qəbul edəcək. Eləcə də təsisat rəhbərinin “Ermənistana qonşu olan ölkələr artıq anlayırlar ki, Aİ-nin Ermənistandakı müşahidə missiyası sabitlik faktoru kimi çıxış edir” şəklindəki pafosuna heç kəs inanmayacaq. Görəsən, söhbət hansı qonşu ölkələrdən gedir? Ermənistanın özündə belə EUMA-nın ciddi qəbul edilmədiyi, onunla əlaqədar mütəmadi tənqidlərin səsləndiyi, qurumun məsxərə predmetinə çevrildiyi bir durumda Ritterin dedikləri çox gülməlidir.

…Ritterin sözlərinə görə, EUMA sərhəd boyunca genişmiqyaslı araşdırmalar aparır, faktları toplayır və müvafiq hesabatları Brüsselə - siyasi qərar qəbul edən şəxslərə göndərir ki, Aİ nümayəndələri razılaşdırılmış nəticələr çıxarsınlar, sərhəddəki vəziyyətə dair aydın təsəvvürə sahib olsunlar. “Bu hesabatlar tərəflərə təqdim olunmur”, - deyən Ritter yenə ağ yalan danışmaqla məşğuldur. Çünki EUMA topladığı yarımçıq bilgiləri Ermənistan ordusuna ötürməkdən başqa bir iş görmür.

Ritter EUMA-nın müşahidə planı ilə bağlı Azərbaycanın birbaşa olmasa da, Aİ-nin Tbilisidə yerləşən Cənubi Qafqaz Nümayəndəliyi vasitəsilə məlumatlandırıldığını vurğulayıb. O deyib ki, iş aparmaq üçün icazə almır, cavab gözləmirlər. Əlbəttə, Azərbaycanın razılığı olmadan fəaliyyət göstərən qurum ölkəmizdən icazə almayacaq. Amma Ritter rahat ola bilər, əziyyət çəkməsinə ehtiyac yoxdur. Çünki missiyanın məlumatlarına ehtiyac duymuruq. Həm də ona görə ki, onun heç bir faydalı işi yoxdur. İş yoxdursa, ölkəmizin missiya üzvlərinin “bir il yarımda 5500-dən çox müşahidə” keçirdiyini bilməsində heç bir məna yükü ola bilməz. O ki qaldı, erməni tərəfinə yardıma, ondan yaxşı xəbərdarıq.

Missiya rəhbəri həmçinin deyib ki, Ermənistana gələndə EUMA-nın üzvləri ilə bağlı böyük gözləntilər vardı: “Bir çoxları düşünürdü ki, biz rus sülhməramlılarının yerinəyik, silahlı qüvvələrin nümayəndələriyik və Ermənistanı mümkün təcavüzdən qorumağa gəlmişik. İzah etməli olduq ki, yalnız mülki, hərbi olmayan bir missiyayıq və vəzifəmiz sərhədyanı əhalini qorumaq yox, rəhbərliyimizi məlumatlandırmaqdır”.

Deyəsən, Ritter ağlını tam itirib. O, əvvəlcə insanlara yardımdan danışır, habelə, bildirir ki, yerli icmalarla görüşlər keçiriblər, onları sakitləşdiriblər, indi də rəhbərliyi məlumatlandırmağı prioritet saydığını vurğulayır. Görünür, bu şəxs işinin konkret nədən ibarət olmasından ya xəbərsizdir, ya da Avropanın psixi dispanserlərindəki boş qalmış yerlərdən birinə iddialıdır. Hər şey mümkündür.

Amma o qədər bədbin olmayaq. Çünki Ritter bildirir ki, müşahidəçilər yalnız binokl və kameralardan istifadə edirlər. Adam axır ki, düz əməlli söz dedi. Çünki EUMA üzvlərinin sayəsində Cənubi Qafqaz coğrafiyasında “Binokl diplomatiyası” ifadəsi yaranıb. Bu mənada qurumun iddia etdiyi yalnız bir yer var ki, o da “Qırmızı kitab”dır. Yəni, nəsli kəsilməkdə olan canlıların adlarının əksini tapdığı kitab.

***

Nəhayət, Ritter onu da vurğulayıb ki, fəaliyyətləri dövründə missiya haqqında müxtəlif fikirlər yayılıb: “Azərbaycan bizimlə əməkdaşlıq etmək istəmir. Hətta, bizi bölgədən çıxarmağı tələb edir və müşahidə missiyasını guya casus şəbəkəsi kimi göstərir. Lakin bütün bunların reallıqla heç bir əlaqəsi yoxdur. Biz gizli xidmət orqanı deyilik. Yeganə məqsədimiz Cənubi Qafqazda gərginliyi azaltmaq və Ermənistanı dəstəkləməkdir ki, danışıqlar prosesində daha güclü mövqeyə malik olsun. Bu proses atəş səsləri olmadan daha səmərəli keçə bilər”.

Göründüyü kimi, beynəlmiləl zəngulələr vuran Ritter EUMA-nın əsas məqsədini açıqlayır – danışıqlar prosesində güclü tərəfə çevrilməsi üçün Ermənistanı dəstəkləmək. Necə deyərlər, dil çaşar, düzünü deyər. Ermənistanı güclü tərəfə çevirməyin hədəf seçildiyini vurğulayan Ritter bitərəflikdən dəm vurur. Belə bir durumda Azərbaycan niyə bu qurumla əməkdaşlıq etsin? Əməkdaşlıq etməlidir ki, Ermənistan daha da güclənsin? Bəlkə, ölkəmizin təmsilçiləri “Binokl diplomatiyası”nın “Qırmızı kitab”a namizədlərinə ordumuzun mövqeləri barədə də məlumat ötürsünlər?

Həqiqətən, cənab Ritterə kömək lazımdır. Çünki səhhəti heç yaxşı deyil. Aİ-də sırf insani nöqteyi-nəzərdən bu barədə düşünənlərin tapılması, missiyabaşının əvəzlənməsi mütləqdir. Axı o, xəstədir, müalicə almalıdır, amma Ermənistanda qalır, durumu daha da ağırlaşır. Allah bilir, gələn dəfə mikrafonlar önünə keçəndə nələrdən danışacaq, hansı yuxularını əyan edəcək. Belə olmaz! Qətiyyən olmaz! Təcili tədbir görülməli, Ritter Ermənistandan çıxarılıb Avropaya aparılmalıdır. Özü də birbaşa xəstəxanaya, daha doğrusu, psixi dispanserə yerləşdirilməlidir. Biz öz növbəmizdə ona Allahdan şəfa diləyirik.

R.ƏVƏZ
XQ

 

Siyasət