Azərbaycan dünya birliyində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirir. Son 40 gün ərzində ölkəmizin beynəlxalq təşkilatlarda namizəd olduğu 6 seçkidə ardıcıl qələbə qazanması onun beynəlxalq nüfuzunun artmasının parlaq sübutudur. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq platformalarda əldə etdiyimiz uğurlar ölkəmizin balanslı xarici siyasətinin, qlobal təşəbbüslərə verdiyi töhfələrin və diplomatik bacarıqlarının nəticəsidir. Eyni zamanda, bu uğurlar uzun illər ərzində həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlıdır. Azərbaycan milli iqtisadiyyatını davamlı inkişaf yoluna çıxarıb, maliyyə dayanıqlığını artırıb, müasir infrastruktur quruculuğu ilə innovasiyaları sürətlə mənimsəyib. Bütün bunlar ölkənin insan kapitalı və rifah səviyyəsinin yüksəlməsi ilə nəticələnib.
Bu dayanıqlı inkişaf ölkəmizin regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Azərbaycanın böyük maliyyə resursları və strateji coğrafi mövqeyi ölkəmizin enerji təhlükəsizliyinin təminatında əvəzolunmaz amilə çevirib. Bu isə Bakının beynəlxalq və regional əməkdaşlıqda fəal iştirakına, habelə qlobal layihələrin uğurla həyata keçirilməsinə şərait yaradıb.
Azərbaycanın artan siyasi nüfuzu və iqtisadi gücü isə ona Cənubi Qafqaz və ətraf regionların iqtisadi və siyasi mənzərəsini dəyişdirə biləcək iri layihələrin təşəbbüskarı olmaq imkanı verir. Bu layihələr ölkəmizi “qlobal oyunçu” statusuna yüksəldib, regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən qüvvəyə çevirib. Bakının beynəlxalq seçkilərdəki uğurları da məhz bu siyasi və iqtisadi gücün təzahürüdür.
Azərbaycanın ən əhəmiyyətli uğurlarından biri isə 2025–2029-cu illər üçün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına üzv seçilməsi oldu. Bu, Azərbaycanın şəhərsalma, infrastruktur və ekoloji planlaşdırma sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi deməkdir. Həmçinin, bu seçki Azərbaycanın davamlı şəhər inkişafı və “yaşıl” gələcək konsepsiyasına verdiyi töhfələri təsdiqləyir. Bakı şəhəri ağıllı şəhər və yaşıl şəhər konsepsiyalarının tətbiqində əhəmiyyətli irəliləyişlərə nail olub. Zəngilan, Cəbrayıl və Füzuli kimi işğaldan azad olunmuş bölgələrdə ağıllı infrastruktur modellərinin qurulması, “sıfır tullantı” prinsipi ilə şəhərlərin yenidən qurulması və müasir ekoloji yaşayış məkanlarının yaradılması Azərbaycanın bu sahədə liderliyini nümayiş etdirir. İcraiyyə Şurasında ölkəmizin dayanıqlı urbanizasiya ilə bağlı qlobal siyasətlərin formalaşmasında iştirak edəcək, innovativ təcrübə mübadiləsində fəal rol oynayacaq.
Azərbaycanın beynəlxalq seçkilərdə qazandığı ikinci uğur 2025–2029-cu illər üçün BMT-nin Turizmin İcraiyyə Şurasına üzv seçilməsidir. Bu, ölkəmizin turizm sahəsində qlobal qərarların qəbulunda iştirak etməsi və mədəni-təbii potensialını dünya ictimaiyyətinə təqdim etməsi üçün geniş imkanlar açır.
Xatırladaq ki, Azərbaycanın turizm sektoru ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. “2016–2026-cı illər üçün Strateji Yol Xəritəsi” çərçivəsində aparılan islahatlar, beynəlxalq hava əlaqələrinin genişləndirilməsi, ASAN Viza sistemi və “Made in Azerbaijan” turizm brendinin yaradılması ölkənin turizm imicini əhəmiyyətli dərəcədə gücləndirib. Həmçinin, beynəlxalq idman və mədəniyyət tədbirlərinin təşkili turizmin inkişafına təkan verib.
Azərbaycan artıq turizmin, sadəcə, istehlakçısı deyil, həm də qlobal turizm siyasətinin formalaşmasında fəal iştirak edən ölkədir. İşğaldan azad olunmuş Qarabağ bölgəsinin turizm marşrutlarına daxil edilməsi, burada mədəni, dini və ekoturizm obyektlərinin bərpası və inkişafı ölkənin bu sahədə strateji inkişafının öncüllüyünü nümayiş etdirir.
Azərbaycanın UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitəsinə üzv seçilməsi isə ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanınması və qorunması istiqamətində atdığı sistemli addımların nəticəsidir. UNESCO-nun 2003-cü ildə qəbul etdiyi “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi” Konvensiyası 150-dən çox ölkə tərəfindən ratifikasiya olunub. Azərbaycanın bu komitədə təmsil olunması bu mühüm beynəlxalq platformada söz sahibi olmaq deməkdir.
Hazırda ölkəmizdə çox sayda etnik qrup dinc yanaşı yaşayır. Multikulturalizm konsepsiyası dövlət siyasətinin prioritetlərindən biridir. Yada salaq ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycanın 14-dən çox nümunəsi daxil edilib, o cümlədən “Muğam” (2008), “Azərbaycan Xalçası” (2010), “Novruz” (2009) və “Qobustan Qaya Sənətləri” (2007) kimi unikal mədəniyyət elementləri beynəlxalq aləmdə tanınır. Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsin bərpası işləri ilə bağlı ölkəmiz bir sıra regional və beynəlxalq layihələrə rəhbərlik edir.
Azərbaycanın 2026–2029-cu illər üçün BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinə üzv seçilməsi isə ölkəmizin miqrasiya siyasətindəki uğurlarını və əmək hüquqlarının qorunması sahəsində beynəlxalq səviyyədə qazandığı etimadı göstərir. Rəsmi Bakı işçi miqrantların sosial müdafiəsini gücləndirmək məqsədilə inteqrasiya proqramları və hüquqi maarifləndirmə kampaniyaları həyata keçirir. Eyni zamanda, ölkə beynəlxalq əməkdaşlıq çərçivəsində təhlükəsiz və qanuni miqrasiya marşrutlarının təşviqinə xüsusi diqqət ayırır. Bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan beynəlxalq müstəvidə daha 2 mühüm nailiyyət əldə edib. Ölkəmiz BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinə sədrlik hüququ qazanıb və eyni zamanda Azərbaycan nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICPD) Baş Katibi vəzifəsinə seçilib. Bu mühüm uğurlar, Azərbaycanın qlobal ekoloji və humanitar siyasətdə artan nüfuzunun bariz göstəricisidir.
Onu da qeyd edək ki, UNEP-in əsas qərarverici orqanlarından birinə sədrlik, Azərbaycanın beynəlxalq iqlim siyasətində təşəbbüskar mövqeyini gücləndirir. Ölkəmiz artıq COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə qlobal yaşıl gündəliyin mərkəzində yer alır. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” modelinin tətbiqi, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, karbon emissiyalarının azaldılmasına yönəlik tədbirlər Azərbaycanın ekodiplomatiyada sistemli yanaşma nümayiş etdirdiyini göstərir. UNEP çərçivəsindəki bu sədrlik Azərbaycana ətraf mühitin qorunması sahəsində qlobal qərarların formalaşdırılmasına rəhbərlik etmək, inkişaf etməkdə olan ölkələrə texniki və bilik dəstəyi göstərmək, yaşıl maliyyələşmə və təmiz texnologiyalar üzrə tərəfdaşlıq platformaları yaratmaq imkanı verir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi vəzifəsinə Azərbaycan nümayəndəsinin seçilməsi ölkəmizin fövqəladə hallar, humanitar yardım və mülki müdafiə sahəsində artan beynəlxalq nüfuzunun sübutudur. Azərbaycan bu sahədə mərkəzləşdirilmiş cavab sistemləri qurub, təlim və texniki infrastruktur formalaşdırıb, bir sıra ölkələrə – Türkiyə, Pakistan, Ukrayna və digər dövlətlərə – yardım göstərməklə humanitar həmrəylik nümayiş etdirib. Bu vəzifə ölkəmizə qlobal səviyyədə humanitar təhlükəsizlik siyasətinə rəhbərlik etmək, böhranlara qarşı texniki və operativ müdaxiləni koordinasiya etmək, regionda humanitar mərkəz kimi rolunu gücləndirmək imkanı qazandırır.
Bu nailiyyətlər Azərbaycanın diplomatik fəaliyyətinin sistemliliyini, xarici siyasətinin strateji yanaşmaya əsaslandığını və beynəlxalq platformalarda təşəbbüskar aktora çevrildiyini təsdiqləyir. Azərbaycan yalnız müşahidəçi deyil, qlobal proseslərin formalaşdırılmasında aktiv iştirak edən, beynəlxalq hüququn prinsiplərinə sadiq və məsuliyyətli tərəfdaş kimi qəbul edilir. Bütün bu uğurlar ölkəmizin beynəlxalq siyasi arxitekturadakı yerinin daha da möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir. Bu, təkcə diplomatik uğur deyil, həm də Azərbaycanın dünya miqyasında artan rolunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının təzahürüdür.
Pünhan ƏFƏNDİYEV
XQ