Terrorla mübarizədə “türk strategiyası”: konseptual aspekt

post-img

II MƏQALƏ

Total terrora qarşı Azərbaycan dirənişi

Öncə, terminoloji izaha ehtiyac vardır. Faktlar göstərir ki, Azərbaycana qarşı terror həqiqi mənada total xarakterlidir. Yəni burada kimi və ya kimlərisə fiziki məhv etmək məqsədi əsas deyildi. Əksinə, insanları fiziki məhv etməyin strateji məqsədlərinə aparan üsullardan biri idi. Əgər terror dövlət səviyyəsində strateji məqsədlidirsə, ona aparan yollar çox ola bilər və onlardan biri o birindən üstün deyildir. Hətta terror törədən bu yolda kimləri və ya hansısa xidməti olmuş qrupları qurban verə bilər. Çünki əsas məqsəd rəqib hesab etdiyini məhv etməklə dövlət qurmaq olanda geridə qalan təfərrüatdır. Bu anlamda “Qnçak”ın “Daşnaksyutun”dan, onun “Aremenakan”dan və bunların hamısının bir yerdə “Ermənistan”a rəhbərlik etmiş hər bir kəsdən elə bir fərqi yoxdur. Məhz bu anlamda Azərbaycan əsrlərlə total terror hədəfi olmuşdur.

Başqa bir izaha da ehtiyac görürük. Əksəriyyət bütün bu proseslərdə ermənilərin hansısa “döyüşkənliyi”, “mübarizliyi” və hətta “mərdliyi” kimi əlamətlərini vurğulamağa çalışırlar. Bunlar tamamilə ideoloji məqsəd üçün uydurmadır, çünki bəşəriyyətin fəzilət kriteriyasında “terrorçu mərd ola bilər” şərti yoxdur. Terrorçu sərt ola bilər, qəti addım atar, kritik situasiyada özünü qurban verər, lakin bunlar mərdlik deyildir. Mərdlik fəzilətdir. Deməli, Azərbaycan həm də psixoloji çaları qabarıq olan ideoloji-mənəvi terrora məruz qalmışdır!

Bunlardan Azərbaycana qarşı “total terror” anlayışının məna çalarları haqqında təsəvvür əldə edə bilərik. Bu terror “Azərbaycan” ideyasına, coğrafiyasına, kimliyinə, azərbaycanlılığa, mədəniyyətinə və geniş anlamda dövlətçiliyinə qarşı aparılan uzunmüddətli hərəkat idi. Bu aspektdə də Azərbaycana qarşı terror daha çox geosiyasi çalarlı idi. Bu xüsusiyyələrdən avtomatik olaraq həyati sual meydana gəlir: belə bir miqyaslı total terrora qarşı Azərbaycan hansı strategiyanı seçə bilərdi?

İki mərhələnin fərqi: imperiya və sovet dönəmləri

a) İmperiya dönəmi

Birinci mərhələ XVIII əsrin ikinci yarısından XX əsrin üçüncü onilliyinin başlanğıcına qədər olan müddəti əhatə edir. Bu mərhələni faktiki olaraq terrorun Azərbaycan ideyasını, kimliyini, mədəniyyətini, demorafik özəlliyini, coğrafiyasını və modern dövlət qurmaq imkanlarını yoxa çıxarmaq üçün istifadə edilməsi dönəmi adlandıra bilərik. Onun da bir neçə altmərhələləri vardır.

Hər şeydən öncə, azərbaycanlıların yaratdıqları və bir müddət güclü və geniş coğrafiyada mövcud olan imperiyanı çökdürdülər. Əsl terror bundan sonra vüsət aldı. Azərbaycan dövlətinin qalıqları üzərində demoqrafik soyqırımı, yerləşim yerlərinin dağıdılması və insanların deportasiyası, mədəniyyətə və toponimlərə qarşı terror törədilməsi, ayrı-ayrı nüfuzlu fərdlərə, ağsaqqallara və tanınmış din xadimlərinə qarşı terror aksiyaları getdikcə davamlı hal aldı.

Bunlara paralel olaraq azərbaycanlıların yaşadıqları ərazilərə erməniləri köçürürdülər və ərazini öz maraqlarına uyğun inzibati bölgələrə bölürdülər. Bununla demoqrafiya, mədəniyyət, toponim və idarəetmə aspektlərində Azərbaycanı parçalamaq xətti getdikcə gücləndi. Bunları Rusiya İmperiyası həyata keçirirdi.

Artıq XIX əsrin sonlarında erməniləri terror təşkilatlarında birləşdirmişdilər və onların sayını artırmaqla bütün Azərbaycan siyasi-coğrafi məkanında aborigenliyi məhv etməyə girişmişdilər. Nəticədə XX əsrin əvvəllərindən daha mütəşəkkil və məqsədyönlü şəkildə antiazərbaycan siyasəti həyata keçirilməyə başlandı.

Dəfələrlə təşkil edilən terror aktları sayəsində 1920-ci ilə düşmən dairələr Azərbaycanı ərazicə bir neçə yerə bölünmüş, demoqrafik olaraq çox zəiflədilmiş, cəmiyyət kimi ideya baxımından parçalanmış, dövlət olaraq məhv olmaq ərəfəsinə gətirilmiş hala salmışdılar. Artıq Azərbaycanın tarixi və dövləti ərazisinin bir hissəsində “Ermənistan” yaratmışdılar. Azərbaycanlıları bir-birinə qarşı ən azı laqeyd etmişdilər. Ümumi Azərbaycan ərazisi deyə bir anlayış yox edilmişdi. Elə təsəvvür yaradırdılar ki, azərbaycanlılar (əsasən türklər) hər yerə gəlmədir və onlar şükr etməlidirlər ki, fiziki məhv edilmirlər.

Bu gedişatı Azərbaycan Xalq Cümhuriyyəti dövləti xeyli zəiflətdi. Bir illik də olsa, o dövlət qurulmasaydı, Azərbaycanın sonrakı taleyi daha da müəmmalı olacaqdı. Çünki həmin dövr Azərbaycanın zəkalı övladları dünyaya sübut etdilər ki, əsrlərdir imperilayarın apardığı terror siyasəti “Azərbaycan” ideyasını, azərbaycanlılığı, azərbaycançılığı və milli dövlətçilik ruhunu yox edə bilməmişdir. Bu, bizə düşmən olmağa qərar verənlər üçün bir siyasi, geosiyasi və ideoloji şok idi! AXC “Azərbaycan var!” nidasının rəmzi idi!

Ancaq bu, sonrakı 70 ildə Azərbaycana qarşı total terrorun tam məhv edilməsinə yetərli olmadı. AXC-ni süqut etdirdilər. Və Azərbaycana qarşı total terrorun daha təhlükəli, hiyləgər və əsasən dövlətçiliyi hədəf alan ikinci mərhələsi başladı.

b) Sovet dönəmi

Artıq parçalanmış Azərbaycanın şimal hissəsini güclə sovetləşdirdilər. 1920-ci ildən ölkənin yeni bir “terrora məruz qalmaq məcarası” başladı. Mərkəzin birbaşa dəstəyi və əmrləri ilə Azərbaycan torpaqlarını sürətlə Ermənistana hədiyyə etmək tendensiyası davamlı prosesə çevrildi. Paralel olaraq mütəmadi qaydada Qərbi Azərbaycandan azərbaycanlılar deportasiya olundular. Onun ən kütləvi və miqyaslı mərhələsi 1948-1953-cü illər deportasiyasında oldu. Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini 2 dəfədən çox artırmışdılar. Bu prosesin son mərhələsini 1987-1993-cü illərdəki deportasiyalar və ərazi işğalları təşkil etdi.

İkinci mərhələnin birincidən ciddi fərqləri vardı. Hər şeydən öncə, ikinci mərhələ eyni dövlət tərkibində olan iki respublika arasında baş verirdi. Vahid mərkəzdən idarə edilən bu respublikalardan birinin coğrafi, mədəni, demoqrafik və dövləti maraqları digərinə qurban verilirdi. Bunun üçün Mərkəz əsas olaraq “hüquqi və humanist” üsuldan istifadə edirdi. Yəni Azərbaycan torpaqlarını Ermənistana mərkəzin əmrləri və göstərişləri ilə verirdilər, azərbaycanlıları öz yurdlarından “qardaş” kimi qovurdular. Bununla da Moskva iki məqsədə eyni zamanda nail olmağa çalışırdı.

Birincisi, ermənilərin azərbaycanlılara düşmən olmadığı obrazını yaradırdı. Hərçənd mərkəzə sərf edəndə bütün günahları ermənilərin üstünə atırdı. Guya Moskvanın olan-bitənlərdən xəbəri yox idi.

İkincisi, hadisələrin beynəlxalq aləmdə real dərk edilməməsi üçün SSRİ-nin qapalı siyasi rejimindən istifadə edilirdi. Yəni hər hansı kənar təsiri “SSRİ-nin daxili işlərinə qarışmaq” və ya “xalqlar arasına nifaq slmaq” kimi təqdim edirdilər. Bu da Azərbaycana qarşı həm terroru pərdələyirdi, həm də azərbaycanlıların onunla mübarizə aparmaq manevrlərini minimuma endirirdi.

Yəni ikinci mərhələdə Azərbaycana qarşı total terrora başlıca olaraq bir dövlət daxilində olan proseslər kimi baxmaq lazım gəlir. Bu hal özünün pik nöqtəsinə 1987-1991-ci illərdə çatdı. Həmin dönəmdə həm Qərbi Azərbaycandan soydaşlarımız tamamilə deportasiya edildilər, həm də Ermənistanı müstəql respublika etdilər. Azərbaycan da müstəqillik əldə etdi, lakin çoxlu sayda problemlər də üzərinə yükləndi.

Beləliklə, ikinci mərhələdə total terrorun əsas əlamətləri kimi aşağıdakıları vurğulaya bilərik.

Birincisi, ilkin mərhələnin yekunu kimi XX əsrin üçüncü onilliyində qondarılmış “Ermənistan”ın tarixi, siyasi, geosiyasi, mədəni və dövləti aborigenləşdirilməsi (qafqazlaşdırılması, “yerliləşdirilməsi”) prosesi aparılmışdır.

İkincisi, bu mərhələ daha gizli, üstüörtülü və aldadıcı məzmun daşımışdır. Əsas səbəbi Azərbaycan və Ermənistanın bir dövlət tərkibində iki respublika olması ilə bağlı idi.

Üçüncüsü. Azərbaycana qarşı total terror ikinci mərhələdə başlıca olaraq dörd istiqamət üzrə həyata keçirilmişdir.

Birincisi, Qərbi Azərbaycandan bütün azərbaycanlıların deportasiya olunması.

İkincisi, Azərbaycan SSR-dən ərazilərin tədricən Ermənistan SSR-ə verilməsi.

Üçüncüsü, mədəniyyət və toponimləri erməniləşdirmək istiqamətində davamlı addımların atılması.

Dördüncüsü, total terroru ört-basdır etmək üçün müxtəlif süni ideoloji konseptlərin inkişaf etdirilməsi (“əzəli erməni mədəniyyəti”, “böyük Ermənistan”, “qədim sivilizasiyanın beşiyi” və sair cəfəngiyyatlar).

İkinci mərhələnin nəticəsi Ermənistanın özünü siyasi, hüquqi və ayrıca dövlət kimi mövcudluğunun tamamilə təbii və qanuni olduğuna inanması oldu. Erməni siyasi və ictimai şüuru bu nağıla o dərəcədə inanmışdır ki, indi də torpaqlarında qondarılmış saxta bir dövlət kimi Azərbaycanın təbii və beynəlxalq haqlarına təcavüz etməyin fonunda “suverenliyimdən və ərazi bütövlüyümdən zərrə qədər də vaz keçmərəm” deyə, hay-küy salır. Əslində, onlardan soruşulmalı əsas sual belə olmalıdır: “sənin ərazin var ki, onun da bütövlüyü və ya təminindən danışasan?”

Əlbəttə, tarixi, mənəvi və siyasi baxımdan son sual sadəcə ritorika deyildir, həqiqət anıdır. Lakin müasir beynəlxalq hüquq prizmasında belə görünmür. Çünki dünya dövlətləri “Ermənistan Respublikası” adlı dövləti tanımışlar və onun hazırda ABŞ, Aİ, Rusiya, İran və hətta uzaq Hindistan kimi havadarları vardır. Bunları görməzlikdən gəlmək reallıqdan uzaq durmaq demək olardı.

Bütün vurğulanan tarixi, siyasi, mədəni, mənəvi gerçəkliklərin və hazırda beynəlxalq hüquqda Ermənistanın respublika kimi tanınması fonunda, total tettora qarşı mübarizədə Azərbaycanın strategiyasının əhəmiyyəti daha da artmış kimi görünür. Məsələnin bu tərəfinin iki cəhəti vardır.

Birincisi, indiyə qədər bizə qarşı olan terrorun anatomiyasını dərindən qavramalıyıq ki, bu istiqamətdə keçmişimiz daha aydın olsun. Erməni havadarları başda olmaqla kimin kim olduğunu bilməliyik. Yaddaş aldatmamalıdır!

İkincisi, bütövlükdə terrora qarşı Azərbaycanın (ümumi miqyasda türklərin) terrorla mübarizə strategiyasının ən perspektivli variantı tapılmalıdır. Bunun üçün hazırda çoxlu sayda faktlar mövcuddur. Həmin faktlar Azərbaycanın terrorla mübarizə strategiyasının uğurunu ifadə edirlər. Eyni zamanda, qardaş Türkiyənin terrorla mübarizədə uğurunu əks etdirirlər. Bu prosesin parlaq nümunəsi Qarabağdır, Türkiyədir, İraqdır, Suriyadır.

Ancaq terrorla mübarizədə türk strategiyasının dönüş nöqtəsi Qarabağ oldu! Qarabağ savaşları həm ayrıca Azərbaycanın terrorla mübarizəsinin tarixi nümunəsidir, həm də o, bütövlükdə terrorla mübarizənin türk strategiyasının nüvəsidir! Bu anlamda “hər şey Qarabağdan başladı!”, – deyə bilərik!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət