Portuqaliyanın paytaxtı Lissabondakı Azərbaycan icması 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirib.
XQ xəbər verir ki, tədbirdə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Kolumbiya, Braziliya, Yunanıstan, Türkiyə, Polşa, Niderland və Ukrayna diasporunun nümayəndələri iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçılara 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından və bu Qələbənin xalqımız üçün əhəmiyyətindən geniş bəhs olunub.
Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, eləcə də Qarabağ atları haqqında təqdimatlar göstərilib.
Bədii hissədə “Baran” türk musiqi qrupunun rəhbəri Gülüm Baranın ifasında “Xudayar təsnifi”, “Gəl, ey səhər”, “Sarı gəlin”, “Bu qala daşlı qala” kimi Azərbaycan musiqi inciləri səsləndirilib.
Ədəbiyyat bölməsində “Əkinçi” qəzeti haqqında məlumat verilib, musiqi bölməsində isə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və Fikrət Əmirovun “Sevil” operalarından danışılıb. “Sevil” operasının qadın azadlığı mövzusuna həsr olunması və Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşməsi xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli simvolu olan buta naxışlı kəlağayılar hədiyyə edilib.







