Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir. Bu gün 1920-ci ildə Ankarada Böyük Millət Məclisinin (parlamentin) birinci çağırışının işinə başlaması ilə üst-üstə düşür.
Məlumatı “Anadolu” yayıb.
Ölkənin ali qanunvericilik orqanının yaradılmasının yüz illiyi münasibətilə parlament binasında təntənəli mərasim keçirilib. Parlament sədri Mustafa Şentop Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün parlament binasındakı abidəsi önünə əklil qoyub. Daha sonra Türkiyə Cümhuriyyətinin himni səsləndirilib və millət vəkilləri Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hər il bu əlamətdar tarixi qeyd etmək üçün Türkiyənin hər yerində uşaqların iştirakı ilə stadionlarda, meydanlarda və küçələrdə tədbirlər keçirilir.
Millətin gələcəyinin gənc nəslin əlində olduğunu bəyan edən Atatürkün vəsiyyətinə əsasən, bu gün böyüklər müvəqqəti olaraq yerlərini uşaqlara verirlər. Eyni zamanda, bu gün bütün ölkədə ictimai nəqliyyat pulsuzdur.
P.ƏMİRCANOV
XQ

