Slovakiyaya “Drujba” neft kəməri ilə nəql bərpa olunub

post-img

Bratislava üç aylıq fasilədən sonra “Drujba” boru kəməri ilə xam neft qəbul etməyə başladığını təsdiqləyib. 

Məlumatı “Euronews” verib.  

Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib ki, Ukraynadan keçən “Drujba” boru kəməri ilə Rusiya neftinin Slovakiyaya axını bərpa olunub. “İqtisadiyyat Nazirliyi bildirir ki, bu gün saat 2:00-da “Drujba” boru kəməri ilə Slovakiyaya neft daşınması bərpa olunub”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Rusiyanın zərbəsi boru kəmərinə zərər verdikdən sonra yanvar ayında “Drujba” marşrutu ilə ucuz Rusiya neftinin tranziti dayandırılmışdı.

Bratislavadan gələn siqnal Kiyevə 90 milyard avroluq hərbi kreditin verilməsini sürətləndirməlidir. Maliyyələşdirmə barədə 2025-ci ilin dekabr ayında Aİ səviyyəsində razılıq əldə edilmişdi, lakin Macarıstan və Slovakiya sonradan ona veto qoymuşdular.

Budapeşt və Bratislava Kiyevi tranzitdən qəsdən imtina etməkdə ittiham edirdilər. Ukrayna isə tədarükü dayandırmasının boru kəmərinin təmirinə ehtiyac olması ilə bağlı olduğunu iddia edirdi.

P.ƏMİRCANOV
XQ

Dünya