Təhcir qərarı və saxta soyqırımı iddiaları

post-img

Erməni millətçiləri 111 ildir ki, öz xalqını və dünyanı aldadırlar

1915-ci ildə Osmanlı dövlətində baş verən olayları anlamaq üçün həmin tarixdən əvvəlki illərə, ermənilərin üsyan və təxribatlarına nəzər yetirmək lazımdır. Osmanlı dövləti nədən belə bir qərar verdi? Bu bir gerçəklikdir ki, ermənilərin XIX əsrin sonlarında yaratdıqları təşkilatların hamısı, demək olar ki, terrorçuluq fəaliyyətinə üstünlük verirdilər. Bu partiyaların proqramlarında məqsədə çatmağın vasitəsi kimi insanları öldürmə, terror və ya sui-qəsd yolu ilə onları aradan qaldırma metodu istisna edilmirdi. Həm Osmanlı ərazilərində, həm də əzəli Azərbaycan torpaqlarında – İrəvan xanlığında, Naxçıvanda, Zəngəzurda, Qarabağda törədilən qırğınlar bu qəbildəndir.

Silahlı üsyan erməni millliyyətçi təşkilatlarına görə, “qanuni” haqq idi və 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanmasına qədər 30-40 il ərzində 50-dən çox belə üsyanlar olmuşdu. 1877-1878-ci il rus-türk müharibəsindən sonra Van və onun ətrafında ermənilər təşkilatlanmağa başlamışdılar və ermənilər burada ilk üsyanı 1895-ci ildə gerçəkləşdirdilər. Rusiyanın Van və Ərzurumda konsulu olmuş Mayevski baş verən hadisələrlə bağlı xatirələrində yazırdı ki, 1895-1896-cı illərdə Asiya Türkiyəsinin bir çox vilayətlərində yaranmış hərc-mərclik hallarının səbəbləri heç də əhalinin daha sərvətli, varlı sinifləri sırasında olan ermənilərin məzlum vəziyyətində axtarılmamalıdır. “Ermənilərin inqilabi hərəkatının səbəbləri aşağıdakılar idi:

1) onların məlum siyasi kimliyi vardı;

2) onlarda millətçilik, azadlıq və separatizm ideyalarının güclü oyanışı baş verirdi;

3) Qərbin bəzi dövlətləri tərəfindən həmin ideyaların amansız istismarı buna daha ciddi xarakter verirdi”.

Rus konsul Mayevski özü şahidlik edirdi ki, ermənilər 1896-cı ildə Vanda iyun hadisələrini hazırlamaq üçün kənardan xüsusi adamlar cəlb etmişdilər. Onlara Qafqazdan da yardımlar gəlmişdi. Həm Rusiyadan, həm də Qərb ölkələrindən ermənilərin üsyan hərəkatına dəstək gəlməkdəydi və bu, yerli ermənilərin ehtimal edilən savaşda öz dövlətlərinin deyil, düşmən dövlətin yanında yer almasına səbəb oldu. Osmanlı dövləti 1914-1918-ci illərdə, faktiki olaraq, kənarda müttəfiq dövlətlərlə, içəridə isə erməni silahlı birləşmələri ilə savaşmaq məcburiyyətində idi. Ermənilər Rusiya ordusu içərisində hərbi birliklər şəklində Osmanlı dövlətinə qarşı vuruşurdular. Ermənicə dərs kitablarında Rusiya ordusunda 200 min erməninin savaşa qatıldığı etiraf edilir və onlar bununla hətta öyünürlər.

XIX əsrin sonlarında Şərqi Anadoluda törədilən terror aktları beynəlxalq diqqəti özünə cəlb etmək üçün idi. Onlar böyük ölkələrin dəstəyinə bel bağlayaraq belə addımlar atırdılar. Həm də əməlli-başlı silahlanmışdılar. Təsadüfi deyil ki, “Proarmeniya” qəzeti yazırdı: “Biz daim Avropanın, rusların köməyinə bel bağlamamalıyıq, özümüz-özümüzə arxalanmalıyıq”. Həmin qəzetin dərc etdiyi intibahnamədə deyilirdi ki, türklər Berlin müqaviləsinin 3-cü və 61-ci maddələrini yerinə yetirməyə məcbur ediləcəklər.

Ermənilər “azadlıq uğrunda sonuncu çarpışma” adlandırdıqları I Dünya müharibəsi ərəfəsində hərtərəfli azğınlıq nümayiş etdirirdilər. Mətbuatın özündə də bu hiss olunurdu və müharibə baş verdiyi təqdirdə ermənilərin Osmanlı dövlətinə arxadan zərbə vuracaqları bəlli idi. 1912-1913-cü illərdə Bolqarıstanda türklərə qarşı vuruşan Andranik xüsusi amansızlıq etmişdi. Njde də həmçinin. Dünya müharibəsi başlanarkən onlar Tiflisə gəlib rus ordusunun tərkibində türklərə qarşı vuruşmaq niyyətində olduqlarını bildirmişdilər. Erməni könüllülərindən təşkil olunmuş 4 korpusdan birinə rəhbərlik etmək məhz Andranikə həvalə edilmişdi. Bu gün Andraniki “milli qəhrəman” adlandıraraq onun sümüklərini gətirib İrəvanın Yerablur qəbiristanlığında dəfn edib, ona abidə qoyan ermənilər bu şəxsin adicə bir terrorçu olduğunun fərqinə varmırlar. Onu da dərk etmirlər ki, saysız-hesabsız günahsız insanlara qarşı soyqırımı törətmiş bu adam həm də ermənilər üçün fəlakət gətirmişdir. Andranik hardan keçmişsə, orada ölüm və qan izi qalmışdır. Mayevski yazır ki, 1901-ci ilin noyabrında Muş yaxınlığında Andranik adlı bir erməni quldur dəstə başçısı peyda olaraq Surp (ermənicə müqəddəs deməkdir) Arakel monastırını tutur və buranı kiçik qalaya çevirir. O kəndləri daim qorxu altında saxlayırdı.

Makedoniyada qalxmış üsyan Osmanlı imperatorluğunun başını müəyyən qədər qatmış, Andranikin buradakı monastırdan qaçması təşkil edilmişdi. Ermənilər o zaman “Yaşasın Ermənistan” şüarı ilə birlikdə guya, həmrəylik ifadə etdikləri “Yaşasın Makedoniya” deyə qışqırırdılar. Onlar Makedoniyada hadisələrin necə cərəyan edəcəyini izləyir və bundan bir presedent kimi istifadə etmək istəyirdilər. Qarşıda Bolqarıstan nümunəsi də vardı. Bütün bunlar həm erməni mətbuatında, həm də digər ölkələrin dillərində çıxan mətbu orqanlarda yer alırdı. Daşnaklar Avropada fəal iş aparmaqla diqqəti “erməni məsələsi”nə yönəltmək istəyirdilər. Andranikin Balkan müharibəsində bolqarlar tərəfdən türklərə qarşı vuruşması bir tərəfdən xristian həmrəyliyi, digər tərəfdən də ermənilərin də eyni arzularla (xülyalarla) yaşadıqlarının nümunəsi idi. Rusların 31 oktyabr 1914-cü ildə Şərqi Bəyaziddən və 1 noyabr 1914-cü ildə Ərzurum tərəfdən Osmanlı sərhədlərini keçərək irəliləməsini eşidən ermənilər dərhal qisasçı dəstələr qurdular, yolları kəsdilər, türk kəndlərinə hücuma keçdilər, imkanları olan şəhərlərdə üsyana başladılar. Bu üsyanlardan birincisi Zeytunda olmuşdu. Zeytun ermənilərinin Türk bayrağı altında döyüşə getmək istəmədiklərini bəyan etmələri bir yana, onlar bir alay yaradaraq Osmanlı dövlətinə meydan oxudular və dağlara çəkilib ara-sıra əsgərlərə, jandarmaya hücumlar etdilər, xeyli əsgər öldürdülər. 1914-cü ilin 30 avqustundan başlayaraq bölgədə çox böyük gərginlik yaratdılar. “Hnçak” və “Daşnak” komitəçiləri kənd və şəhərlərdə xalqı üsyana qaldırdılar, onların sözünü eşitməyən və üsyana qatılmayan erməniləri də öldürürdülər. Erməni çetələri ingilislərin İsgəndəruna, Adana və Maraşa əsgər çıxaracaqlarını bilirdilər, bu səbəbdən öz mətbuat orqanlarında “erməniləri bu şəhər və vilayətlər işğal edilənə qədər üsyanları çoxaltmağa çağırır”, gizli səfərbərlik keçirib, hər ehtimala qarşı hazır vəziyyətdə olmaq təşviqatı aparırdılar. 1915-ci ilin fevralında Maraşda ermənilər 6 jandarmı öldürdülər, daha sonra üsyanı yatırtmağa gəlmiş 25 əsgəri də şəhid etdilər. Şəhərdən çıxan üsyançılar qarşılarına çıxan kəndlərdə müdafiəsiz dinc əhaliyə divan tutub, onları vəhşiliklə qətlə yetirirdilər. Üsyana başçılıq edən “Hnçak” komitəçiləri burada 62 evi yandırdılar.

* * *

Qafqazda isə taktika bir qədər fərqli idi. Onlar burada Anadoludakı kimi davranmırdılar, ruslara qarşı münasibətdə fərqli mövqe tuturdular, onları ələ alır, silah-sursat əldə edir, bu silahları Anadoluya göndərirdilər. Kayseridə ermənilər Gevork Ercikyan adlı bir ermənini xüsusi tapşırıqla Amerikaya göndərmişdilər ki, orada bomba düzəltməyi öyrənsin. Gevork və onun köməkçiləri çoxlu əl bombası düzəltmişdilər. Ermənilərin gizli “bomba düzəltmə fəaliyyəti” təsadüfən hazırlanan bombanın komitəçinin əlində partlaması ilə üzə çıxdı. Hökumət 21 erməni kilsə və məktəbində gizlədilmiş külli miqdarda silah-sursat ələ keçirdi.

Komitəçilər Van–Diyarbəkir–Hələb–İsgəndərin yolu üzərində olan Bitlis–Muş regionuna xüsusi əhəmiyyət verirdilər, buna görə də buraya ən seçkin nümayəndələrini göndərirdilər. “Hnçak” komitəsinin Paris Baş Mərkəzinin rəhbəri Aram Sabahgülyan və “Murad” təxəllüslü terrorçu buraya göndərilmişdi. Sabahgülyanın “İravunk” və “Hnçak” qəzetlərində silsilə yazıları çap olunurdu və komitə lideri xalqı inandırmağa çalışırdı ki, Osmanlı dövləti müharibədə məğlub olacaq və ermənilər qalib gələcəklər.

Rusiyanın Van və Ərzurumda baş konsulu olmuş general Mayevskinin vaxtilə yazdıqları öz təsdiqini tapırdı. O yazmışdı: “Türkiyədəki ermənilər türklərin zülm və qətliamına məruz qaldıqlarını Avropaya göstərmək istəyirdilər. Proqram bu şəkildə idi: “Ancaq qan tökmək lazımdır ki, ermənilər sərbəstlik qazansın. Qan tökün ki, Avropa sizi himayə etsin”.

“Daşnaksütyun” partiyası da bölgədə fəal iş aparırdı. Osmanlıda səfərbərliyin elanından sonra partiya Rusiyadan təlimat aldı ki, türk ordusunun arxasından zərbə vurulsun. Tarixi sənədlər bu gerçəyi ortaya qoyur. Muş–Bitlis bölgəsində üsyanlar təşkil etmək işinə Vanın millət vəkili Vahan Papazyan məsul idi. Ona digər millət vəkili Vramyan və erməni əsilli rus generalı Loris Melikov kömək etməli idilər. Rusiyadan gələn könüllü ermənilər, türk ordusuna girib silahları ilə birgə fərarilik etmiş ermənilər, kilsələr, komitə fəalları bir “barıt çəlləyi” idilər. Osmanlı artıq müharibə içindəydi. 1915-ci ilin yanvar ayından etibarən Şərqdə ruslarla, Qərbdə – Çanaqqalada müttəfiq dövlətlərlə müharibə edən Osmanlı imperatorluğunun əl-ayağına ermənilər dolaşırdı. Osmanlı ordusunun manevr yolları, teleqraf xətləri ermənilər tərəfindən tutulur, jandarm və əsgərlər, mülki əhali öldürülürdü. Özü də bu, sistemli şəkil almışdı. Dövlət tədbirlər görməli idi və bu məsələlər üst təbəqə səviyyəsində çox ciddi şəkildə müzakirə edilməyə başlanmışdı. Bu barədə tez-tez “Təkvimi-vəkai” qəzetində yazılar dərc olunurdu. Van və ətrafındakı kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər dözüləsi deyildi. Van vilayəti ermənilərin və onların dəstəkçisi olan məlum dövlətlərin ən çox önəm verdikləri yer idi. Buranı gələcəkdə qurulacaq erməni dövlətinin mərkəzi kimi görürdülər. Burada uzun illər missioner fəaliyyəti göstərilmiş, təbliğat və təşviqat işi aparılmışdı. İndi də Avropa ölkələrinə lazım idi ki, “Vanda ermənilər öldürülür, onların heç bir hüququ yoxdur və onların Osmanlı dövlətinə qarşı qaldırdıqları üsyanlar öz haqlarını tələb etmələridir”. Erməni millətçi təşkilatları və onların Av-ropadakı havadarları qələmə verməyə çalışırdılar ki, burada əhalinin çoxluğunu ermənilər təşkil edir. Halbuki Osmanlı statistikasına görə, 1914-cü ildə Vanda yaşayan əhalinin 166 min 609-u türk, 66 min 834-ü erməni idi. Vanın qəzalarının da heç birində ermənilər çoxluq təşkil etmirdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, o zaman Osmanlı Statistika İdarəsinin rəhbəri milliyyətcə erməni idi. Osmanlının rəsmi statistikasını digər mənbələr də cüzi dəyişikliklərlə təsdiq etmişdilər.

Ermənilər üsyan və hücumlar yolu ilə qəzada yaşayan müsəlman əhalini buradan qovub çıxarmaq, Vanda qurmaq istədikləri dövlətin paytaxtı etmək istəyirdilər. Ermənilər öz mətbuat orqanlarında bu dövlətin “Avropa kontrolunda müstəqil bir erməni dövləti” olacağına yerli həmmillətlərini inandırmışdılar. Ona görə də 1915-ci ilin fevral ayında Timar nahiyəsində ermənilər hökumət məmurlarına hücum etdilər. 1000-dən çox üsyançı əldə silah dövlətə tabe olmaqdan imtina etdi və ətraf kəndlərdə qırğınlara başladılar. Van şəhərində gənclər orduya getdiyindən qocalar, yaşlılar qalmışdı. İrandakı türk ordusunun ərzağı bitdiyindən oraya 12–13 yaşlı 120 uşağın ərzaq aparması qərarına gəlinmişdi. Könüllü olaraq 120 uşaq yanlarında bir neçə jandarm ilə birlikdə bellərinə ərzağı götürərək yola çıxmışdılar. Ermənilər uşaqların bu cəsarətinin qarşısını almaq üçün yolları kəssə də, uşaqlar ərzağı əsgərlərə çatdırmışdılar. Onlar geri dönərkən güclü qar yağmış, çovğun olmuşdu. Həmin uşaqlardan yalnız 40-ı fəlakətdən qurtula bilmişdi, qalanlarının donmuş cəsədləri tapılmışdı. Xəstəxanalar İran cəbhəsindən gətirilən yaralılarla dolu idi. Onları türk həkimlərlə yanaşı, erməni doktor Maltzyan da müalicə edirdi. Don vurmuş uşaqlardan bir çoxunun doktor Maltzyan tərəfindən xilas edilməsi erməniləri narazı salmışdı. Xalqın bu üzücü hadisələrdən sarsıntıları bitməmiş ermənilər yenidən ayağa qalxmışdılar. Aprelin 10-da doktor Maltzyan ermənilər tərəfindən asılmış və sinəsinə bu sözlər yazılmış plakat qoyulmuşdu: “Düşmənlərimizə xidmət edənlərin aqibəti budur”. Bu fakt göstərir ki, ermənilər onlara tabe olmayan həmmillətlərinə də divan tutmaqdan çəkinməmişlər. Van valisi Cevdət bəyin əmri ilə vəhşicəsinə öldürülmüş erməni doktor şərəf və xidmətinə uyğun olaraq ləyaqətlə dəfn edildi. Bu hadisə ilə əlaqədar “Təkvimi-vəkai” yazmışdı: “Doktor heç kəsin düşməni deyildi, o insanlığa qarşı gələnlərin düşməni idi”.

Osmanlı dövlətinin səfərbərlik elanından sonra erməni komitələri rusların gəlişini eşidərək onların işğalını asanlaşdırmaq üçün hər cür təxribatlara əl atırdılar. Bir qəzet yazırdı ki, onlar hətta o dərəcədə qudurmuşdular ki, küçə ilə hərəkət edən jandarm və dövlət məmurlarına hücum edir, xəlvətə salıb onları öldürürdülər. Erməni məktəb və kilsələrində “erməni istiqlalı” ilə bağlı xəritələr, plakatlar, komitə başçılarının, quldur dəstə rəislərinin (xmbabedlərin) şəkilləri asılırdı. Bu haqda dövri mətbuatda yazılar yer almaqda idi. Diyarbəkirdə ermənilərin bir məsələni də sevinclə qarşılamsı barədə “Horizon” qəzetində xəbər yer almışdı. Həmin xəbərdə deyilirdi ki, “Azərbaycanda rusların qələbəsini erməni xalqı sevinclə qarşılamışdır”. Ermənilərin əvvəlcədən qurduqları quldur qrupunun (50-dən artıq fərari erməni) şəhərin mərkəzlərini, önəmli nöqtələri tutacaqları barədə məlumat alan hökumət tədbirlər gördü. Ermənilər yaşayan evlərdə axtarışlar aparıldı. Təkcə Diyarbəkirin mərkəzində altmışdan çox qutuda dinamit, yüzlərlə tüfəng və mauzer tapançalar tapıldı. Əsgərlikdən silahı ilə qaçıb fərarilik edən 300-ə qədər erməni gənci gizləndikləri yerlərdən çıxarıldı. Onlardan bir çoxları Muş, Bitlis və Van dağlarında gizlənmiş terrorçu qruplara qoşulmuş və rusların işğalını asanlaşdırmaq üçün hər cür cinayətlər törətmişdilər.

Yozqatın ilçələrində də erməni zülmü barədə xəbərlər Osmanlı mətbuatında yer almışdı. Boğazlıyanın yunan Dikən kəndində ermənilər kəndin jandarm məntəqəsini ələ keçirmişdilər. Qumquyu kəndində Şükrü adlı jandarmı, Yaqub və Musa adlı vətəndaşı öldürmüşdülər. Sivasda erməni üsyanları ara vermirdi. Daniel Çavuş, Sivaslı Murad adlı quldurbaşılar ətraflarına çoxlu komitəçi toplayaraq dövlətə açıq müharibə elan etmişdi. Sivasda ermənilərə paylanan bir intibahnamədə (bu intibahnamə “Or” (“Gün”) qəzetində də çap edilmişdi) deyilirdi: “Türklərin məşrutiyyət və hürriyyətdə məqsədi erməniləri kəsməkdi. Müsavat (bərabərlik), uhuvvət (qardaşlıq) kəlmələrinə heç vaxt inanmayın. Ermənilərin hürriyyəti silah, bomba ilə əldə ediləcəkdir. Öküzünüzü satın, bomba alın”. Şəbinqarahisarda belə bir hadisə olmuşdu. Kənddən dönən amerikalı müəllim Huborq öldürülmüşdü. Ermənilər qatilin türk olduğunu iddia edirdilər. Lakin qısa müddət keçəndən sonra qətli törədən şəxsin erməni komitəçisi olduğu öyrənildi, amerikalı müəllimin öldürülməsinə səbəb isə onun silahını əldə etmək olmuşdu.

* * *

Arşavir Siracyan adlı erməni yazıçısı “Bir erməni terrorçunun etirafları” adlı kitab yazıb çap etdirmişdi. Həmin kitabında müəllif göstərir ki, erməni separatçı qruplar öz fəaliyyətlərini təkcə Şərqi Anadoluda deyil, İstanbul və digər böyük şəhərlərdə də genişləndirmişdilər. Onların fikri təkcə Şərqi Anadoluda müstəqil bir erməni dövləti qurmaq deyil, həm də Osmanlı dövlətini içindən parçalamaq idi. 1880-ci illərdən bəri Rusiya və digər dövlətlərin verdiyi silahlarla illər boyu davam edən erməni üsyanları nəticəsində bir çox müsəlman kəndləri talan edilmiş, qocalar və qadınlar bir yerə toplanaraq yandırılmış, tarixdə görünməmiş vəhşiliklər törədilmişdi. Siracyan qeyd edir ki, XIX əsrin sonlarından etibarən türk dövlət adamlarına qarşı terror aktları törətmək planları olmuşdur. O qeyd edir ki, “beynəlxalq politikanın oyuncağı” halına gələn ermənilərin türklərlə düşmənçilik etməkdən başqa yolu qalmamışdı. Müəllif açıq etiraf edir ki, Osmanlının ən ağır vaxtlarında belə nasistlərin başqa millətlərə tətbiq etdiyinə oxşar ermənilərə qarşı edilən bircə dənə də fakt yoxdur. Deməli, qondarma “erməni soyqırımı”nı yəhudilərə tətbiq edilmiş soyqırımı ilə qətiyyən müqayisə etmək mümkün deyil. İndi dünya üçün bu fikirlər yenilik deyildir ki, ermənilər terrora, üsyana qarşıdurmaya təhrik ediliblər. Vahe adlı terrorçunun həyat yolu bunu sübut edir. Müəllifin heç şübhəsi yoxdur ki, bu şəxs erməni xalqının qəlbində ölümsüzləşəcək, gələcək mübarizəsində ona yardımçı olacaq. Terrorçunun qətl hərəkətləri, vəhşiliyi, qana, ölümə susamış xarakteri açılarkən, çox qəribədir ki, ona haqq qazandırılır.

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri



Siyasət