Türkiyədə 15 yaşadək uşaqların sosial şəbəkələrə girişi qadağan edilir

post-img

Türkiyə parlamenti bir sıra qanun layihələrini, o cümlədən 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışı haqqında qanunu nəzərdən keçirib və qəbul edib.

Məlumatı “Anadolu” yayıb. 

Plenar iclasda sosial şəbəkələr və analıq məzuniyyəti ilə bağlı müddəaları da əhatə edən “Sosial Xidmətlər haqqında Qanuna və bəzi digər qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul edilib və qüvvəyə minib.

“İnternetdə nəşrlərin tənzimlənməsi və bu cür nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında” qanun “oyun”, “oyun distribütoru”, “oyun tərtibatçısı” və “oyun platforması” terminlərinin təriflərini müəyyən edir.

Qanuna edilmiş düzəlişə əsasən, sosial media provayderlərinə 15 yaşdan kiçik uşaqlara xidmət göstərmək qadağan ediləcək və bu cür xidmətlərin göstərilməməsini təmin etmək üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirləri görməlidirlər. Sosial media provayderləri 15 yaş və yuxarı uşaqlar üçün xüsusi olaraq nəzərdə tutulmuş ayrıca xidmətlər göstərmək üçün zəruri tədbirləri görəcəklər. Bu kontekstdə görülən tədbirlər sosial media provayderinin veb saytında dərc olunacaq.

Sosial şəbəkə provayderi açıq, aydın və istifadəsi asan valideyn nəzarəti alətləri təqdim edəcək. Bu valideyn nəzarəti alətlərinə hesab parametrlərini idarə etmək, alış-veriş, icarə və ödənişli abunəliklər kimi ödənişli əməliyyatlar üçün valideyn icazəsi və ya təsdiqini tələb edən mexanizmlər, eləcə də monitorinq və vaxt məhdudiyyəti mexanizmləri daxil olacaq.

P.ƏMİRCANOV
XQ

Dünya