Gəncə sənayesində yeni bir səhifə açılır. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi bu dəfə beynəlxalq əməkdaşlıq sahəsində diqqət çəkən uğura imza ataraq Çinin iki böyük şirkəti ilə strateji tərəfdaşlıq qurub. Bu razılaşma təkcə bir müqavilə deyil, həm də Azərbaycanın sənaye xəritəsində Gəncənin rolunu daha da gücləndirən mühüm addım kimi qiymətləndirilir. Müəssisənin mətbuat xidmətinin yaydığı məlumata görə, CLW Chengli Group ilə imzalanan saziş Azərbaycanda ticarət və yük avtomobillərinin istehsalına – daha dəqiq desək, yığımına başlanmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Gəncə Avtomobil Zavodu bu şirkətin ölkəmizdə elektrik şassilərinin satışı, satış sonrası xidmətlər, ehtiyat hissələri və digər texniki təminat üzrə eksklüziv distributoru olacaq. Bu isə həm texnologiya transferi, həm də xidmət sektorunun inkişafı baxımından əhəmiyyətli bir mərhələdir.
İstehsal olunacaq nəqliyyat vasitələrinin ilkin mərhələdə daxili bazara yönəldilməsi planlaşdırılır. Lakin perspektiv daha genişdir – gələcəkdə ixrac imkanlarının yaradılması nəzərdə tutulur ki, bu da yerli istehsalın beynəlxalq bazarlara çıxışına zəmin yaradır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib. Bu addım, həm də dövlətçilik ənənələrinə və tarixi irsə verilən dəyərin göstəricisi kimi yadda qalıb.
Eyni zamanda, Çinin digər nüfuzlu şirkəti Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd (SAGMOTO) ilə imzalanan saziş də diqqət çəkir. Bu əməkdaşlıq Azərbaycanda ticari avtomobillərin yığımını, eləcə də elektrik və dizel şassilərin satışı və texniki xidmətinin təşkilini əhatə edir. Beləliklə, ölkədə avtomobil sənayesinin həm ənənəvi, həm də müasir istiqamətlər üzrə paralel inkişafı üçün imkanlar genişlənir.
Sənədlər Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, “CLW Chengli Group”un baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun tərəfindən imzalanıb. İmzalanma mərasimindən əvvəl keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə formalaşan əlverişli biznes və investisiya mühitindən bəhs edib. O, Gəncənin qədim İpək yolu üzərində yerləşməsinin və bu gün Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilməsinin şəhərin iqtisadi potensialını daha da artırdığını vurğulayıb.
Xanlar Fətiyev isə çıxışında zavodun tarixindən söz açaraq bildirib ki, müəssisənin əsası 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə qoyulub, 2004-cü ildə isə Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayıb. Bu gün 500-ə yaxın əməkdaşın çalışdığı zavod müasir yığım xətləri ilə təchiz olunmuş iri sənaye kompleksinə çevrilib və müxtəlif növ nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.
Görüşlər zamanı həm Gəncə şəhərinə, həm də Çin şirkətlərinin fəaliyyətinə dair təqdimat videoları nümayiş etdirilib. Bu isə tərəflər arasında qarşılıqlı anlayışın və gələcək əməkdaşlıq perspektivlərinin daha da möhkəmlənməsinə xidmət edib.
Gəncə Avtomobil Zavodunun bu uğuru göstərir ki, düzgün strategiya və beynəlxalq tərəfdaşlıq sayəsində yerli sənaye müəssisələri qlobal bazarda öz mövqelərini daha da gücləndirə bilər. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də texnoloji inkişaf baxımından yeni imkanların qapısını açır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri










