Türk dünyasında uşaq ədəbiyyatı

post-img

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı”nda Azərbaycan heyəti də iştirak edib.

KKTC-nin Turizm, Mədəniyyət, Gənclik, Ətraf Mühit və Milli Təhsil nazirlikləri, Türk Dil Qurumun və Atatürk Müəllimlər Akademiyasının birgə təşkil etdiyi müzakirənin məqsədi Türk dünyasında uşaq ədəbiyyatının mövcud vəziyyətini qiymətləndirmək, keyfiyyətli ədəbi nümunələrin yaranmasını təşviq etmək, ortaq ədəbi düşüncə formalaşdırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

Açılış mərasimində AMEA Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, Türk Dil Qurumunun sədri Osman Mert, Atatürk Müəllimlər Akademiyasının rəhbəri Güner Konedralı, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Aygün Bağırlı, Kiprin Mədəniyyət İdarəsinin müdiri Şirin Zaferyıldızı Zaimağaoğlu, Təlim və Tərbiyə İdarəsinin müdiri Murad Aktuğ çıxış ediblər.

İki gün davam edən seminarın birinci sessiyasında Türk Dil Qurumunun uşaq ədəbiyyatı sahəsində strateji baxışına nəzər salınıb, ikinci iclasda isə dünya üzrə uşaq ədəbiyyatının mövcud vəziyyəti müzakirə edilib.

Elmi məclisdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Makedoniya və Kosovodan da alimlər, yazıçılar və nəşriyyat nümayəndələri iştirak ediblər.

XQ

Mədəniyyət