İmişli Rayon Prokurorluğunda “açıq qapı” günü

post-img

Aprelin 22-də İmişli Rayon Prokurorluğunda “açıq qapı” günü təşkil olunub. Qeyri-hökumət təşkilatları təmsilçilərinin, ictimai fəalların və media nümayəndələrinin iştirak etdikləri aksiyanın əsas məqsədi vətəndaşları prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və şəffaflıq prinsiplərinə necə əməl edildiyini ictimaiyyətə çatdırmaqdan ibarət olub.

İştirakçılarla görüşdə İmişli rayon prokuroru Valeh Səmədov belə təmasların hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın təmin olunmasının və ictimaiyyətlə açıq dialoqun üstünlük təşkil etdiyini vurğulayıb. Prokuror rəhbərlik etdiyi orqanın səlahiyyətləri, fəaliyyət mexanizmləri və gündəlik iş istiqamətləri barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ölkə üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, aparılan yeniləşmənin hədəfinin vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb. K.Zeynalov prokurorluq orqanlarının media və ictimaiyyətlə əlaqələri ilə bağlı görülən işlərdən və bu sahədə nəzərdə tutulan gələcək planlardan da bəhs edib.

İmişli Rayon Prokurorluğunun əməkdaşları da fəaliyyət sahələri barədə məlumat veriblər, təcrübələrindən söz açıblar. İştirakçıların hüquqi prosedurlar və prokurorluğun iş prinsipləri ilə bağlı sualları ətraflı cavablandırılıb.

“Açıq qapı” günü “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlarla yaxından tanışlıqla davam edib. İştirakçılar istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Sonda prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Son xəbərlər