Dünən Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının təqdimat mərasimi keçirilib.
Məclisi giriş sözü ilə açan kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan qorqudşünaslığının dərin və gizli qatlarının öyrənilməsinə önəmli töhfələr vermiş akademik Kamal Abdullanın yeni kitabında ulu kitabımızla bağlı son araşdırmalarının yer aldığını söyləyib. O bildirib ki, oxucuların müzakirəsinə verilən bu fundamental tədqiqat əsərini Azərbaycan Yazıçılar Birliyi respublika Dövlət mükafatına təqdim edib.
Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanın çağdaş dövrün görkəmli alim və yazıçısı olduğunu vurğulayaraq onun yeni kitabını milli qorqudşünaslığı zənginləşdirən daha bir qiymətli əsər olduğunu bildirib. O qeyd edib ki, akademikin dünya mifologiyası ilə müqayisəli şəkildə dərin elmi və poetik ruhlu araşdırmasının Dövlət mükafatı alması həm də Dədə Qorqud adına, Dədə kitabımıza veriləcək qiymət olardı.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova Kamal Abdullanın qorqudşünaslığa növbəti töhfəsini böyük qazax şairi və araşdırmaçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək qiymətli türkoloji tədqiqat kimi Dövlət mükafatına tam layiq olduğunu bildirib.
Yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarına yeni miqyas və aktuallaq gətirmiş dərin zəkalı alim olduğunu nəzərə çatdırıb, təqdim edilən yeni kitabın qorqudşünaslıqda növbəti ciddi yenilik kimi səciyyələndirib.
Akademik Muxtar Kazımoğlu Kamal Abdullanın Dədə Qorqud mövzusu ilə gənc yaşlarından məşğul olduğunu xatırladaraq, uzun illər boyu ərsəyə gətirdiyi “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş”, “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı”, “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərindən söhbət açıb. O dostunun həm də Azərbaycan ədəbiyyatında postmodernizmin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu da yada salıb.
Xalq şairi Vahid Əziz Kamal Abdullanın elmi yaradıcılığında Dədə Qorqud mövzusunun qiymətli bir silsilə yaratdığından söz açıb, bu fundamental araşdırmaların mövzuya yeni yanaşmalara meydan açdığını söyləyib.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə Kamal Abdullanın Dədə Qorqud araşdırmalarının ana dilimizin qədim qatlarında gizlənmiş mənaların açılmasında önəmli rol oynadığını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu nadir və ensiklopedik düşüncəli alim və populyar yazıçı olan Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının elmi və bədii dəyər daşıdığını deyib.
Mərasimdə digər çıxış edənlər də Kamal Abdullanın yeni kitabının Dövlət mükafatına layiq olduğunu əsaslandırıblar.
Tahir AYDINOĞLU
XQ


