Beynəlxalq festivalda ilk orta metrajlı filmimiz

post-img

Fransanın Briv şəhərində keçirilən 23-cü Beynəlxalq Orta Metrajlı Filmlər Festivalında Azərbaycan ilk dəfə təmsil olunub. Rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi müsabiqə proqramına daxil edilib.

Festivala təqdim olunan 2 mindən çox film arasından cəmi 25-i müsabiqədə baxılmaq hüququ qazanıb. “Tənha insanın monoloqu” da onların sırasındadır.

Rejissor Emin Əfəndiyev bu filmində müharibənin insanın daxili dünyasında yaratdığı təlatümü ekranlaşdırmağa çalışıb. O, savaşların ailədaxili münasibətlərə də mənfi təsirini göstərmək üçün incə məqamlara üz tutub.

Filmin nümayişindən sonra festivalın baş meneceri Culio Kassadininin moderatorluğu ilə keçirilən müzakirələrdə rejissor tamaşaçıların və kino mütəxəssislərinin suallarını cavablandırıb. O bildirib ki, məqsədi müharibənin ailələrə gətirdiyi bədbəxtlikləri ekrana gətirmək olub.

Müxtəlif mövzuları əhatə edən suallar filmin böyük maraq doğurduğundan xəbər verib. Kino mütəxəssisləri aprelin 25-dək nümayiş etdiriləcək filmlərdən qalib gələnləri mükafatlandıracaqlar.

XQ

Mədəniyyət