Şəkinin XIX əsr qala abidələri

post-img

“Şəhərsalma və Memarlıq İli”

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus rolu olmuş Şəki xanlığının daxili və xarici siyasəti qonşu dövlətlərin siyasi maraqları ilə uyğunlaşmırdı. Xüsusilə Azərbaycanın birləşdirilməsi uğrunda apardığı mübarizə Rusiya imperiyasını daha çox narahat edirdi.

1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsindən sonra Şəki xanlığı formal şəkildə Rusiyanın tabeliyinə keçmiş, 1819-cu ildə isə tamamilə ləğv edilərək imperiyanın inzibati ərazi sisteminə daxil edilmişdir. Bu dəyişikliklər Şəki şəhərinin, xüsusilə də qala daxilinin memarlıq simasına birbaşa təsir göstərmişdir.

İmperiya bölgədə idarəetməni gücləndirmək üçün qala daxilində rus qoşunları üçün inzibati və hərbi binalar tikdirdi. Qala daxilində tikilən binalar memarlıq baxımından xanlıq dövrü tikililərindən müəyyən dərəcədə fərqlənirdi. Belə ki, onların inşasında yerli memarlıqla yanaşı, rus memarlığının da izlərini görmək mümkündür.

Çar Rusiyası dövründə Şəki qalası daxilində inşa olunan tikililərin bir hissəsi günümüzədək qorunub saxlanılmış, bir qismi isə zamanla dağıntıya məruz qalmışdır. Günümüzə gəlib çatmış binalardan; əsgər kazarmalarını, keçmiş hərbi-inzibati binanı, əsgər camaşırxanasını, təcridxana binalarının və başqalarını qeyd edə bilərik.

Qala daxilində yerləşən mühüm tikililərdən təcridxana binaları xüsusi yer tutur. Binalar 1895-ci ildə bişmiş qırmızı kərpicdən inşa edilmişdir. Binaların tikintisində inzibati nəzarət və təhlükəsizlik prinsiplərinə əməl olunmaqla yanaşı, fasad görünüşlərinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, tikintidə qırmızı kərpicdən istifadə olunaraq maraqlı fasad görünüşləri də əldə edilmişdir.

Qala daxilində yerləşən mühüm tikililərdən biri keçmiş qəza idarəsi binasıdır (keçmiş hərbi-inzibati bina). Bina inzibati mərkəz kimi fəaliyyət göstərərək bölgənin idarə olunmasında əsas rol oynamışdır. Funksional plan quruluşu olan tikili sadə fasad görünüşünə malikdir.

Qala daxilində yerləşən hərbi kazarma binaları da xüsusi yer tutur. Bu binalar rus qoşunlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş və strateji baxımdan əlverişli mövqelərdə inşa edilmişdir. Kazarmalar, əsasən, daşdan və kərpicdən tikilmiş, möhkəm və davamlı konstruksiyaya malik olmuşdur.

Həmin dövrdə inşa edilmiş anbar binası da xüsusi əhəmiyyət daşıyır. Bu tip tikililərdə ərzaq və hərbi ləvazimatlar saxlanılırdı. Anbarlar, adətən, qalın divarlı, az pəncərəli və təhlükəsizlik baxımından etibarlı şəkildə layihələndirilirdi.

Adları sadalanan binaların inşasında yerli tikinti materiallarından – daş, bişmiş qırmızı kərpic və əhəng məhlulundan istifadə edilmişdir. Yerli sənətkar və ustalar bu tikililərdə həm milli memarlıq ənənələrinin, həm də rus memarlıq üslubunun sintezini yaratmışlar.

Sovet hakimiyyəti dövründə sözügedən binalarda səhiyyə, mədəniyyət müəssisələri (muzey, arxiv, kitabxana, musiqi məktəbi və s.) uzun müddət fəaliyyət göstərmişdir.

Müstəqillik dövründə həmin tikililərdə fəaliyyət göstərən bəzi müəssisələr müasir tələblərə cavab verən başqa binalara köçürüldüyü üçün tikililər boşaldılmışdır. Boşaldılan və hazırda fəaliyyət göstərən binalarda (muzey, rəsm qalereyası, şəbəkə emalatxanası) AR DTA təşkilatçılığı və maliyyə dəstəyi ilə təmir-bərpa işləri aparılmış, tarixi tikililərə ikinci nəfəs verilmişdir.

Bununla yanaşı, qala daxilində yerləşən tarixi tikililərə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci il 338 nömrəli qərarı ilə yerli əhəmiyyətli abidə statusu verilmişdir.

Şəki qalasında çar Rusiyası dövründə inşa olunan, qorunub saxlanılan bu abidələr regionda baş verən siyasi və sosial dəyişikliklərin memarlıqda əksini nümayiş etdirir. Bu tikililər, eyni zamanda, Şəkinin tarixi inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sevil MIRZƏLİYEVA,
Şəki “Yuxarı baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi





Sosial həyat