Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından – Qələbə təntənəsindən 4 il ötür
Bəzən insan hansı ölkədə yaşamasından asılı olmayaraq, öz dilində danışdığı bir nəfərlə qarşılaşdığı anda coğrafiya, sərhədlər və minlərlə kilometr məsafə önəm daşımır, yalnız tanış sözlərin yaratdığı istilik insanın könlünü oxşayır. Başqa ölkədə yaşamaq insanı yeni mədəniyyətlərə uyğunlaşdırır. Yeni dillər, adətlər, gündəlik ritm fonunda isə əsas məqam dəyişməz qalır, milli kimlik hissi...
Dünya azərbaycanlılarının qurultayları müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir araya gəldiyi platformadır. 2001-ci ildə keçirilən ilk qurultay müstəqil Azərbaycanın diasporla münasibətlərində yeni səhifə açdı. O dövrdə əsas məqsəd dünya azərbaycanlılarını bir araya toplamaq və əlaqələri sistemli hala gətirmək idi.
Azərbaycan diaspor siyasətinin son onilliklərdəki inkişafı dövlətçilik strategiyasının mühüm istiqamətlərindəndir. Bu prosesin ideoloji və praktik əsasları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirdiyi siyasətlə yeni mərhələyə yüksəlib. Diaspor siyasəti milli kimliyin qorunması və Azərbaycan həqiqətlərinin qlobal müstəvidə təqdim olunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahə artıq sistemli və konkret hədəflər üzərində qurulub. Bu hədəflər arasında milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması xüsusi yer tutur. Azərbaycançılıq ideologiyası diaspor siyasətinin mərkəzində dayanır. Bu ideologiya müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir amal uğrunda birləşdirir. Qurultaylarda ABŞ, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və digər ölkələrdə yaşayan azərbaycanlılar bir araya gəlir.
İkinci Qarabağ müharibəsi dövründə diaspor fəaliyyətinin inkişafının yeni mərhələyə keçidi açıq şəkildə nümayiş olundu. Bu proses Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında ictimai gücə çevrildi. Diaspor təşkilatları və fərdi fəallar Ermənistanın uzun illər davam edən işğal siyasəti, beynəlxalq hüququn pozulması və münaqişənin real mahiyyəti barədə məlumatları müxtəlif platformalarda yayaraq beynəlxalq ictimaiyyəti məlumatlandırdılar. Müxtəlif ölkələrin parlamentlərinə, hökumət strukturlarına və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər, bəyanatlar və informasiya kampaniyaları diasporun sistemli fəaliyyətinin göstəricisi oldu.
15 ölkədə 30-a yaxın “Azərbaycan Evi”nin yaradılması diaspor fəaliyyətində mühüm mərhələ hesab olunur. Bu mərkəzlərdə Azərbaycanın tarixi, mədəniyyəti təbliğ olunur, kitab təqdimatları, mədəniyyət günləri, sərgilər və gənclər üçün maarifləndirici layihələr həyata keçirilir.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıq lar qurultayın məzmununa da təsir göstərdi. Artıq əsas mövzu ölkəmizin yeni mərhələdə beynəlxalq mövqeyi idi. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı da xüsusi məna daşıdı.
Zəfər Qurultayında geniş nitq söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Şuşa Qurultayı Qarabağ tarixi Zəfərimizi ümummilli qürur mənbəyi səviyyəsinə yüksəltdi. Uzun illər işğal altında qalan şəhərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlıların bir arada olması dərin məna daşıdı. Şuşa illərlə dağıntıların, vandalizmin və tənəzzülün simvoluna çevrilmişdi. Şəhərdə bir zamanlar yaşayan əhalinin böyük hissəsi məcburi köçkün düşmüş, infrastruktur tamamilə məhv edilmişdi. Tarixi abidələrə, məscidlərə və mədəni irs nümunələrinə ciddi ziyan vurulmuşdu.
İşğal dövründə şəhərdə, təxminən, 1800 nəfər yaşamış, onların da böyük bir hissəsi hərbçi olmuşdur. Ən dəhşətli faktlardan biri isə şəhərin mədəni və tarixi yaddaşının məhv edilməsi, bulaqların qurudulması, memarlıq abidələrinin dağıdılması, dini və mədəni məkanların təhqir olunması idi. Qarabağımızın baş tacı illər boyu kədərlə ümidin birləşdiyi məkan olub.
Prezident İlham Əliyevin çıxışında Şuşanın mədəni ruhunun özünə qaytarılması xüsusi vurğulanırdı. “Xarıbülbül” festivalının və Vaqif Poeziya Günlərinin yenidən bu şəhərdə keçirilməsi Qarabağın mirvarisinin özünə qayıdışı idi. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixində yeni bir səhifə açdı. “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günləri isə bu dönüşün ən parlaq zirvəsi oldu. Səhnələr yenidən quruldu, musiqi sədaları yüksəldi, Cıdır düzündə min bir büsat quruldu.
Bu gün Şuşada tarixi binalar yenilənir, yollar salınır. Zəriflik nişanəsi, kökündə dözüm, rəngində şəhid qanının alovu parlayan Xarıbülbül həm də dönüşün, dirçəlişin, qayıdışın rəmzidir. Vaqif Poeziya Günləri isə sözün, musiqinin, şeirin yenidən öz evinə dönməsidir. Bütün bunların dünyaya çatdırılmasında diaspor təşkilatlarının və xarici ölkələrdə yaşayan həmyerlilərimizin rolu böyükdür. Onlar milli kimliklərini qoruyaraq yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirak edirlər.
Məqsədyönlü siyasətin nəticəsi olaraq diaspor təşkilatları daha sistemli və koordinasiyalı fəaliyyət göstərir. Müxtəlif ölkələrdəki icmalar arasında əlaqələrin güclənməsi, ortaq layihələrin həyata keçirilməsi və informasiya mübadiləsinin genişlənməsi bu prosesin əsas göstəricilərindəndir. Bu gün diaspor təşkilatları Azərbaycanın beynəlxalq mövqeyini dəstəkləyən ictimai-siyasi resurs kimi çıxış edir. Onların fəaliyyəti informasiya mühitində ölkəmizin mövqeyinin daha aydın təqdim olunmasına mühüm töhfə verir.
Dünyada dəyişən geosiyasi reallıqlar diaspor fəaliyyətini daha da aktuallaşdırır. Azərbaycan bu prosesə çevik şəkildə uyğunlaşaraq məqsədyönlü və sistemli diaspor siyasəti formalaşdırıb. Xaricdə böyüyən azərbaycanlı uşaqlar üçün milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində yaşadıqları ölkələrdə mühüm layihələr həyata keçirilir. Bunlardan ən önəmlisi “Qarabağ” həftəsonu Azərbaycan məktəbləridir.
Bu məktəblər Vətənə açılan bir pəncərədir. Ottava, Nant, Bern, Varşava, Stokholm və London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbləri” minlərlə kilometr uzaqda olsa da, milli ruhu daşıyan təhsil ocaqlarıdır. Burada uşaqlar doğma ana dilini öyrənir, milli ədəbiyyatla tanış olur, tarix dərsləri vasitəsilə öz köklərinə doğru bir yolçuluğa çıxırlar. Ən vacib addımlardan biri də 6–10 yaşlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinin nəşridir.
Bu kimi layihələr nəticəsində diaspor təşkilatları gündən-günə daha da fəallaşır, beynəlxalq aləmdə Azərbaycanın gur səsinə çevrilir.
Ləman TƏHMƏZ
XQ

