Azərbaycanın qadınlardan ibarət milli futbol komandası final turniri gələn ilin iyun–iyul aylarında Braziliya stadionlarında keçiriləcək dünya çempionatının seçmə mərhələsində inamlı çıxışları ilə pərəstişkarlarını sevindirməkdə davam edir. “C” Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız ötən şənbə günü Masazırdakı “Bank Respublika Arena” stadionunda Bosniya və herseqovinalı hakimlər briqadasının idarə etdiyi oyunda Andorra kollektivinə iki cavabsız qolla qalib gələrək (2:0 ) turnir cədvəlinin ikinci pilləsində mövqeyini bir qədər də möhkəmləndirmiş və mundiala vəsiqə qazanmaq imkanlarını qoruyub saxlamışdır.
Macarıstan yığması isə son iki turda Şimali Makedoniya komandası üzərində böyük hesabla iki qələbə qazanmışdır – səfərdə 5:0, evdə 7:0. Hazırda qrupun vahid lideri də bu ölkədir. Dörd görüşün üçündən qalib ayrılıb, birində heç-heçə ilə kifayətlənən macarlar 10 xalla turnir cədvəlinə başçılıq edirlər. Millimizin 9, Şimali Makedoniyanın 3, Andorranın isə 1 xalı var.
Komandamızın baş məşqçisi Siyasət Əsgərov və yetirmələri Andorra üzərində hər iki oyunda qələbə qazanmağı qarşıya məqsəd qoymuşdular və kollektiv istəyinə inamla nail olmuşdur. Qrupda yayda keçiriləcək son iki turda da komanda uğurlarını daha da inkişaf etdirib, finişə cədvəlin zirvəsində çatmaq əzmindədir. Bunun üçün iyunun birinci ongünlüyündə müvafiq surətdə “doğma divarlar” arasında Macarıstana və səfərdə Şimali Makedoniyaya qarşı keçiriləcək görüşlərdə də fədakar oyun, əsl qələbə əzmi göstərmək tələb olunacaq. Xüsusən də iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Macarıstan qarşılaşması qrupda 1-ci yer uğrunda mübarizədə həlledici əhəmiyyət kəsb edəcək. Bunu yaxşı başa düşən komandanın liderləri Sevinc Cəfərzadə, Nigar Mirzəliyeva və onların oyundaşlarının yay sınaqlarına necə səylə hazırlaşacaqlarını təsəvvür etmək çətin deyil. Axı, qarşıda mundialda Azərbaycanı təmsil etmək perspektivləri var.
Ölkəmizin futbol ictimaiyyəti çempionatın seçmə mərhələsində “B” Liqasının 2-ci qrupunda çıxış edən Türkiyə komandasının da çıxışlarını maraqla izləyir. Qardaş ölkə futbolçularının ilkin mərhələdə rəqibləri İsveçrə, Şimali İrlandiya və Malta komandalarıdır. Türkiyə millisi 4 turdan sonra 7 xalla qrupun turnir cədvəlində ikinci pillədədir. Lider isə 10 xala malik İsveçrədir. Üçüncü mövqedə olan Şimali İrlandiyanın 6 xalı var. Maltalılar bütün dörd oyunda uduzmuşlar. Burada da qrupun qalibi yayda məlum olacaq. Hər iki komandamızın növbəti oyunlarını ümidlə gözləyək.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

