Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin və bu ölkədəki Azərbaycan Evinin birgə təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Budapeştdə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstanda yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin, o cümlədən dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr - Zəfər Gününün xalqımızın birliyi, əzmkarlığı və mübarizliyinin simvolu olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdiyi, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyi qeyd olunub. Şanlı Qələbəmizin regionda və onun hüdudlarından kənarda sabitlik və inkişafa verdiyi töhfədən danışılıb. Cari ilin 8 avqust tarixində Vaşinqtonda keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün əhəmiyyəti vurğulanıb.
T.Tağızadə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından danışıb, Macarıstanın buna verdiyi töhfəni qeyd edib.
Sonra Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb, onun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin, xalqımızın qəhrəmanlığının və birliyinin rəmzi olduğunu qeyd edib. Bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün xüsusi önəm daşıdığını vurğulayan İ.Səfərli soydaşlarımız arasında həmrəyliyin vacibliyindən danışıb. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədən sonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və sevinclə qeyd etdiyi diqqətə çatdırılıb.
Daha sonra tədbir “Harmoniyada Zəfər” adlı konsert proqramı ilə davam edib. İstedadlı gənc pianoçular Ayan Məmmədli və Sona Ağarzayeva xalq mahnılarımızı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Ziyafətlə davam edən tədbirdə, həmçinin Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.







