Qədim mətnlərdə və klassik mənbələrdə erməni saxtakarlıqlarının və uydurmalarının ifşası

post-img

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyində 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş konfrans keçirilib.

“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri” mövzusunda məclisdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür. Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür və aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında Azərbaycanın artıq böyük təcrübəsi var. 1997-ci ildən Kitab və Müəlliflik hüququ bayramı, 2001-ci ildən əqli mülkiyyətin günləri təntənə ilə keçirilir.

Bu ənənə agentlikdə illər boyu davam edir. 10 ildir ki, ənənəvi “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur: “Bu konfransın keçirilməsində məqsədimiz əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Son illər tədbirlərimizin keçirilmə zamanı xüsusi əhvali-ruhiyyə ilə müşahidə olunur: öz gücü hesabına ədaləti bərqərar edən müzəffər xalq və qalib dövlət suveren ərazisinə özü nəzarət edir. Unudulmayan tarix və bərpa olunan gələcək hamımızı ruhlandırır.

Prezident İlham Əliyevin sözləri ilə desək, hər zaman “güclü olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq”.

Agentliyin rəhbəri diqqətə çatdırıb ki, hərbi gücü diplomatiya ilə, iqtisadi inkişafı sosial ədalətlə və milli birliyi qlobal mövqe ilə uzlaşdıran, konseptual inkişaf xəritəsini və Azərbaycan vətəndaşını bu siyasətin mərkəzində saxlayan müəllif – Prezident İlham Əliyevdir:

– Heç təsadüfi deyildir ki, məşhur türk müdriklik xəzinəsi “Qutadqu-bilik”də qeyd olunduğu kimi: “Səadətə aparan əqldir”. 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saat 43 dəqiqə şərəf və sevinc gətirən Ali Baş Komandan səadətimizi qurdu. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi ilə ölçülməlidir.

Məşhur Seneka demişdi ki, sabahkı günün sahibi olmadan gələcəyə aid planların qurulması mənasızdır. Odur ki, gələcəkdə dəyişikliyi gözləyiriksə, gerçəkdə o dəyişikliklərə üz tutub, əsasını qurmalıyıq. Burada Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna tarixi rolu danılmazdır – o sabahın memarı olaraq hər bir ötən günü səxavətlə gələcək naminə qura bilib. Hadisələrin göstərdiyi kimi, Prezident İlham Əliyev nə qədər uzaqgörən, səbirli, düşməni səhv etməyə vadar edən və həmin səhvlərdən məharətlə üstünlük əldə edən, gərəkli hadisələri yaratmağı bacaran və baş verənlərdən ustalıqla istifadə edən dahi siyasətçidir.

On illər boyu mifologemlər yuxusunun əsiri olan Armeniyaya hazırda qalib dövlətin təklif etdiyi sülh Vaşinqtonda paraflandı və bununla bağlı Azərbaycan dövləti əməli addımlar atır. Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasını formalaşdıran “böyük torpaqlar və qonşulara qarşı ərazi iddiaları bağlantısı” keçmişə çevriləcək, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik”, hətta “legitimlik” gətirən fəlsəfəsi maneə kimi aradan götürüləcək, erməni siyasətçilərinin, dövlət və kilsə xadimlərinin, alimlərinin, nəhayət kütlənin əxlaqını təyin edən dünyagörüşü aradan qaldıracaq. Bununla da ermənilərin “müstəsnalığı” və “əzabkeşlik” “xüsusi missiyaları” tezislərindən irəli gələn ambisiya və iddialar erməniçilik düşüncəsində təbii olan adilik rolu ilə əvəz olunacaq. Təəssüflər olsun ki, qədim xəstəliyin residivləri bu gün də özünü büruzə verir.

1987-ci ildə Aleksan Akopyanın “Yunan-Latın və Qədim Erməni Mənbələrində Albaniya-Aluank” kitabının 1-ci nəşri çap olundu. 2022-ci ildə nəşr yenidən işlənib, tarixi saxtakarlığın yeni bir hissəsi ilə tamamlandı və bu yalançı tarixi əsərin 2-ci nəşri ləğv olunmuş qondarma “Artsax Respublikası”nın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin maliyyə dəstəyi ilə peyda oldu və “iş” Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi şurası tərəfindən nəşr üçün tövsiyə edilmişdi (İrəvan, 2022). Yenidən çap olunmuş əsərə hansı prinsipial yeni əlavələr daxil edildi? Elanda qeyd edildiyi kimi, müəllif inandırıcı şəkildə göstərir ki, heç vaxt formalaşmamış etnik birlik kimi özünütəyinini əks etdirməyən “albanlar” termini yalnız Albaniya adlı etnoslararası siyasi və inzibati cəmini əks etdirən əhalisini ifadə edir.

Yalançı elmi terminologiyanı bir kənara qoysaq, bu düzəliş alban etnik qrupunun mövcudluğunun inkarına bərabərdir, baxmayaraq ki, oxşar saxtakarlıqlar digər hay-erməni müəllifləri tərəfindən dəfələrlə istifadə edilmişdir. Bu təkrar nəşrin digər “yeniliyi” ümumi qəbul edilmiş “Albaniya tarixi”nin Musa Kalankatuklu müəllif kimi adının əvəz edilməsidir və bu əsər Movses Dasxurantsi adı altında ortaya çıxır. Bu da yeni bir şey deyil, çünki bəzi tədqiqatçıların fikrincə, “Albaniya tarixi”nin son hissəsi fərqli üsluba malik başqa bir müəllif, ehtimal ki, Dasxurantsi tərəfindən yazıla bilərdi.

Professor Kamran İmanov bu saxtakarlıqların necə yaranmasına diqqət çəkərək bildirib:

– Birincisi, hay-erməni müəlliflərinin böyük əksəriyyətində olduğu kimi, Kür çayının sağ sahilindəki ərazinin əvvəlcə «Böyük Ermənistan»ın bir hissəsi olduğu iddia edilir. Lakin IV-V əsrlərdən sonra Ermənistan, İberiya və Albaniya dövlətləri Sasani hakimiyyəti altında marzpanlıqlar oldu və Kür çayının sağ sahilini (Utik və Artsax) Alban Marzpanatına daxil edən Sasanilər oldu.

Məhz bu andan etibarən və xüsusən də bizə gəlib çatan “Albaniya Tarixi”ndə Artsax və Utik torpaqları alban torpaqlarına çevrildi.

İkincisi, tanınmış alban tayfaları olan kaspilər, qarqarlar, eləcə də udilərin etnik kimlikləri və yaşadıqları ərazilər saxtalaşdırılır, sakesinlərin Albaniya torpağı olan Sakasena sakasenləri ilə eyniləşdirilməsi inkar edilir və ümumiyyətlə, Saklar Xəzərin şərq və ya cənub-şərq sahilində, Sakasinlər isə Kürün sol sahilində yaşamalıdırlar.

Üçüncüsü, Kaspi tayfasının Paytakaran (sağ sahil) ərazisində lokalizasiyası inkar edilir və qədim mətnlərdən və klassik mənbələrdən məlumatlar şübhə altına alınır, Kaspilərin yaşayış yeri Xəzər dənizinin cənub sahilinə “köçürülür”. Üstəlik, Kaspilərin yaşayış yeri Paytakaran deyil, sadəcə qədim Albaniyanın sahil bölgəsidir. Lakin əsl Kaspiana Paytakaran ərazisində yerləşən erməni Kaspkıdır.

Bu, Kaspiananın yığma ad olduğu və müəllifin fikrincə, “Kaspilərdən alban tayfalarından biri kimi danışmaq əsassız” olduğu qənaətinə gəlməyə əsas verir.

Dördüncüsü, müəllifin fikrincə, Qarqarlar (Qarqarey) alban tayfası deyil və bu etnonim tarixçi (M.Xorenatsi) tərəfindən təhqiramiz şəkildə, yəni Albaniyanın sol sahili və qonşu dağlıq bölgə əhalisinə qarşı narazılıq, ikrah və ya mənfi məna ifadə edən sözlərdən istifadə etməklə, təqdim olunur.

Bu məqsədlə, Kür çayının sağ və sol sahillərinin eramızdan əvvəl II əsrdən əvvəl Qafqaz Albaniyasına məxsus olduğunu iddia edən məşhur alim K.V.Treverin (“Tarix və Mədəniyyət haqqında esselər...”) fikri inkar edilir.

Eynilə, digər aparıcı mütəxəssis A.P.Novoseltsevin (Qafqaz Albaniyası: Problemlər, Çətinliklər və Onların Aradan Qaldırılması Yolları, “Vostok”, 1991, № 5, Moskva) tənqidi materialı, hansında Akopyanın yazdıqları qərəzli fikirləri təqdim etməsinə görə mübahisəli hesab edilir.

Beşincisi, müəllifin udilər haqqındakı nəticələri səhv olaraq, alban tayfaları siyahısından çıxarılır. İstinad edilən əsərə görə, “26 alban tayfasından biri – udilər – qədim mənbələrdə müəllifin fikrincə qeyd olunmur, lakin qədim müəlliflərin Dərbəndin şimalında, Xəzər sahilində yaşayan eyni adlı digər ləzgi dilli tayfaları bildiyi faktına əsaslanaraq yenidən qurula bilər...”.

Bunu necə yenidən qurmaq olar? A.Akopyanın fikrincə, nə qədim klassik, nə də qədim erməni mənbələrində X əsrdən əvvəlki “Qərbi Alban udilər”dən bəhs edilmədiyindən, bu tayfanın heç bir əhəmiyyətli rol oynamadığını düşünmək ağlabatan görünür...”

“Yalnız son orta əsrlərdə Kutkaşen-Şəki bölgəsindəki alban tayfalarının qalıqları vahid etnik qrupda (millətdə) birləşdi və ehtimal ki, bu ərazinin qədim alban tayfalarından birinin – utilər-udilər...” adını qəbul etdilər.

Altıncısı, oxşar bir konfransda biz tərəfdən bildirdiyimiz və yenilik kimi təqdim edilən daha bir sınaqdan keçirilmiş yalan. Mahiyyəti odur ki, alban tayfaları hay erməniləri ilə “əvəz olunurlar”, Akopyanın yazdığı kimi, “hay erməniləri özlərini Ermənistanın qalan hissəsindən inzibati və kilsə-yurisdiksional sərhədlərlə ayıraraq, özlərini yalnız Alban marzpanlığının tamhüquqlu bir hissəsi kimi deyil, həm də onun əsas ağaları kimi hiss etməyə başladılar”, yəni “Albaniya ölkəsi” onlar üçün “öz” və doğma oldu. Başqa sözlə, hay-ermənilər yalançı albanlara çevrildilər.

Deyilənlər gülməlidir və şərhləri lazımsız hesab edirəm. İndiki Ermənistan ərazisinin keçmiş zamanlarda faktiki sakinlərini xatırlatmaq istəyirəm. Yalnız bugünkü Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qorunub saxlanılıb və müasir Ermənistan Respublikasının ərazisinin tamamilə Saklar Çarlığına məxsus olduğu məlum bir faktdır.

Eramızdan əvvəl III əsrdən başlayaraq türk tayfalarının birliyi olan Hunlar sonradan iki hissəyə bölünüb və I əsrdə onun bir hissəsi Zəngəzurda məskunlaşıb. Stepan Orbelyanın (eramızın XIII əsri) qeyd etdiyi kimi, “sisaklar təkcə Hunların deyil, həm də albanların əcdadlarıdır və hətta onlarla müqayisədə daha qədimdirlər.

Başqa sözlə, qədim Sakaların mövcud erkən etnik təbəqəsi eyni etnik mənşəli Saka mənşəli yeni bir təbəqə olan Sisaklarla örtülmüşdür.

Məhz buna görə də Adonts özünün “Yustinian dövründə Ermənistan” kitabında Prokopinin “Sünilərin (Süniklərin) fars erməniləri ilə heç bir qohumluğu olmayan ayrı bir xalq olduğunu” göstərdiyini qeyd edir (Biz illərdir Sisak sülaləsi haqqında məlumat veririk və nəşr olunmuş kitablarımızda Sünik-Sisakan termininin etimoloji izahını vermişik).

XX əsrin əvvəllərindən bəri fəal şəkildə istifadə edilən hay-ermənilərin – Hayi adlandırılmasını əsaslandırmaq üçün vurğulayırıq ki, “Hayastan” termini əvvəlcə etnonim deyil, siyasi termin idi.

Əraziyə münasibət, mənsubiyyət göstəricisi idi. Ona etnik məna vermək üçün bu terminlə “Hayasa” ölkəsi və xalqı arasındakı əlaqə saxtalaşdırılıb və bununla da “Hayastan” Hayas + tun = “Hayaların evi kimi” təqdim edilib. Lakin erməni alimi Q.Kapantsyan bu yalanı ifşa edərək yazırdı ki, “erməni qrammatik normalarına zidd olaraq, bu [termin] açıq, yalançı etimologiyadır”. Terminlər kimi “Hayasa” və “Hayastan” sözləri etimoloji cəhətdən əlaqəli deyil.

Eyni saxtakarlıq “Ermənistan” termininə və onun “Hayastan” adı ilə əlaqəsinə də aiddir, çünki avstriyalı mütəxəssis E.Fayqlin yazdığı kimi, “erməni” [daha dəqiq desək, arminli] anlayışı qədim zamanlarda etnonim deyildi, məna etibarilə bu gün “rus”, “amerikalı”, “moskvalı” və s. ifadələri ilə eyni şeyi əks etdirirdi. Bir sözlə, bu termin coğrafi əraziyə münasibəti və ya mənsubiyyəti əks etdirirdi və etnonim deyildi. Lakin Xristian Kilsəsinin parçalanmasından sonra, hakim Karen (Müqəddəs Qriqori) Parfiya ailəsindən olan Suren tərəfindən təqdim edilən bidətçi (eretik) hərəkata və ya erməni qriqorian inancının doğmalarına (Orta əsrlərdə, Ermənistan bölgəsinin sakinlərinin əksəriyyətinin İslamı qəbul etdiyi dövrdə) hay-ermənilər bu coğrafi ərazidə yaşayan xalqların bütün maddi və qeyri-maddi sərvətlərini mənimsəmiş və özlərini onların varisləri elan etmişdilər.

Nəticə etibarilə, haylar «ermənilər» adını mənimsəmişdilər. Biz bunu dəfələrlə ictimai çıxışlarımızda qeyd etmişik və çap nəşrlərimizdə də əks etdirmişik. Hay-erməni saxtakarlıqları və uydurmaları yalnız hay-ermənilərin tarixinə aid deyil və əvvəllər qeyd etdiyim kimi, hay-erməni təbliğat qrupu qonşu xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və irsini təhrif etməkdən çəkinmir.

Professor Kamran İmanov xatırladıb ki, 2013-cü ildə Ruben Qalçyanın müəllifliyi ilə “Azərbaycanın tarixi-coğrafi saxtakarlıqları” adlı kitabı nəşr edilib: “Bundan öncə isə 2005-ci ildə “Ermənistan dünya kartoqrafiyasında”, 2010-cu ildə “Azərbaycanın, Ermənistanın mifiligiyalaşması, mülahizələr və faktlar” və bir neçə nəşrlər uydurmalı coğrafi xəritələrə əsaslandırılırdı. Həmin nəşrlərin məqsədi, kitabda qeyd olunduğu kimi, “Azərbaycan elmi və elm ətrafındakı dairələr tərəfindən ermənilərə qarşı yönəlmiş və yüksək hakim təbəqənin dəstəyinə arxalanan tarixi, mədəni-tarixi və kartoqrafiya təbliğatını aşkar və təhlil etməkdən ibarətdir”.

Konfransda iştirak edən şəxslərin elmi dairəyə aid olduğunu qeyd edən Kamran İmanov deyib:

– Bəs, bizim “uydurma” və “saxtakarlığımız” nədən ibarətdir?

Birincisi, yarım əsrdən çoxdur ki, biz erməniləri Cənubi Qafqaza gəlmə, özümüzü isə alban və türk-oğuz qəbilələrdən yaranan köklü, aborigen xalq hesab edirik.

Gülməli və şərhə ehtiyacı olmayan “dəlildir”. Lakin hər şeyi kənara qoyub, (çünki bunların cavabı dəfələrlə verilib) bir məsələyə aid dinməmək, susmaq mümkün deyil. Ədaləti öz gücümüz ilə bərpa edən xalq kimi ermənilər tərəfindən işğal edilmiş və hazırda qaytarılmış torpaqlar, əgər onların qədim sahibi, avtoxton əhali olsaydı, bu cür dağıdılmış, yerlə-yeksan olmazdı.

İkincisi, 1918-ci ilə qədər olmayan Azərbaycanla bağlı uydurmaların biri “olmayan qədimliyi” və milli identikliyi təsbit edərək beynəlxalq ictimai rəyə sırımaq və çevirməkdir.

Azərbaycan anlayışı və onun qədimliyi ilə bağlı onlarla milli və xarici alimlər sübutlar gətirib. Millətimizin identikliyi və milli şüuru ilə bağlı İkinci Vətən müharibəsi tam aşkarlığı ilə cavab gətirdi.

Üçüncüsü, erməni mədəni irsini mənimsəyib, onu albanların və ya azərbaycanlıların mədəni irsi kimi təqdim edirik. Buna layiqli cavablar verilib və bir misal kimi onu da deyə bilərəm ki, 20 ildən artıqdır ki, mənim “Erməni yadelli nağılları” tədqiqatım ingilis, rus və bir neçə dilə tərcümə olunaraq, işıq üzü görüb, lakin bu günə qədər bir sanballı “yalanlarımızı” ifşa edən ermənilər tərəfindən yazılan və (lənətlər və təhqirlər istisna olmaqla) bir etiraz görməmişik.

Halbuki, erməni saxtakarlıqları və uydurmaları bu kitabda geniş təqdim olunur.

Dördüncüsü, müəllifin fikrincə, “əgər Azərbaycan ziyalıları hesab edirlər ki, müstəqil, özünəməxsus və qədim mədəniyyətə malikdirlər, onlar müəyyən etməlidirlər – kökləri haradandır – asiyalı türklərdən, yoxsa xristian Qafqaz albanlardan?”

Cavab, necə deyərlər, göz qabağındadır.

Lakin ermənilər də yaxşı olar digər məsələyə cavab axtarsınlar: Armeniya sözü haradan əmələ gəlib, uydurma Xayasa necə Xay-ermənilərlə bağlıdır və nəhayət, İncili təftiş edən yeganə xalq hansıdır?

Sonda türklər haqqında kitab yazan adam, ən azı müasir rus dilində səslənən “тюрк” və “турок” («тюрки» və «турки») sözləri arasında fərqi görməlidir. Lüğətlərdə «тюрки» qohum dillərdə danışan xalqların geniş qrupu kimi təsbit olunur; bu qrupa azərbaycanlılar, qazaxlar, qırğızlar, türkmənlər və türklər daxildir. Buna uyğun olaraq, “тюрк” geniş, yəni konkret bir etnik qrupu deyil, ümumən türk xalqlarını ifadə edən üst-etnik mənada işlədilir.

“Турки” isə rus dilinin normasına görə Türkiyənin əsas əhalisini təşkil edən konkret xalqın adıdır; tək halda bu söz “турок” formasında işlənir. Başqa sözlə, münasibət belədir: bütün türklər türk xalqlarına daxildir, lakin bütün türk xalqları türklər deyildir. Türk dili də öz növbəsində türk dillərindən biridir.

İngilis dilində bu fərq adətən daha aydın şəkildə ifadə edilir:

• Turkic – geniş linqvistik və etnomədəni termin: Turkic peoples, Turkic languages;

• Turkish – Türkiyəyə, Türkiyə türklərinə və ya türk dilinə aid olan anlayış.

Məhz buna görə də ingilis dilində bu anlayışların qarışdırılması daha az baş verir. “Tюрки” və “турки” sözlərinin zahiri oxşarlığı səbəbindən qarışıqlıq yaranır (İngilis dilində isə Turkic/Turkish qarşılığı həm qrafik, həm də semantik baxımdan daha aydın ayrılmışdır).

Bunlar belədir. Lakin Azərbaycan türkləri haqqında yazmağı cəsarət tapan, üstəlik, köklərimizi axtaran və bizə “məsləhətlər” verən “alim” ən azı bunları bilməlidir.

Corc Bernard Şounun sözlərini yenidən ifadə etsək, yalan və böhtanların bu və ya digər şəkildə cəzalandırıldığını qeyd edirik. Əsas cəza isə artıq heç kimin yalançıya və saxtakara inanmaması deyil, özlərinin artıq heç kimə inanmamasıdır.

Sual yaranır: hay-erməni millətçi alimlərinin heç olmasa öz liderləri, Baş nazir N.Paşinyanın çağırışına qulaq asmalarının vaxtı çatmayıbmı?

Hay-ermənilərlə heç bir əlaqəsi olmayan Van Krallığının (Urartu dövləti) yalan mövqelərindən bugünkü Ermənistana, uydurma, saxtalaşdırılmış tarixi Ermənistandan əsl Ermənistana keçməyin vaxtı çatmayıbmı, çünki əsl Ermənistan tarixi Ermənistana çevrilə bilər?

Həqiqətən də Ermənistanda tarixin çarxını geri çevirməyə çalışan, ölkədə iyun seçkilərindən sonra yeni müharibə riskini yaradan sülh gündəliyinə qarşı çıxan qüvvələr var.

Baş nazirin sözlərinə görə, müharibə partiyaları “...başqaları tərəfindən yazılmış mətnləri səsləndirir..., ağır nəticələrə səbəb olacaq yeni sentyabr müharibəsi hazırlayırlar”. Bu cür planların legitimləşdirilməsi üçün əsas rol oynayan və qonşu torpaqlara iddialar irəli sürən və qonşularına qarşı təhdidlər ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsi mahiyyət etibarilə “münaqişə və asılılıq bəyannaməsi”dir. Bu baxımdan, Paşinyan Ermənistan cəmiyyətini xarici dəstək vasitəsilə “sağ qalmaqla ömür sürmək məntiqi”ndən imtina etməyə və “inkişaf, çiçəklənmə və sülh məntiqi”ni qəbul etməyə çağırır.

Beynəlxalq hüququ və tarixi ədaləti öz gücü ilə bərpa edən xalqımız milli iradənin və dövlət qətiyyətinin dünyaya parlaq nümunəsini gətirdi. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhə və əmin-amanlığa səs verib və praktiki əməllərlə bu istəyini nümayiş etdirir. Antisülh, revanşist qüvvə və dairələrin mövcudluğuna baxmayaraq, biz sülhsevər münasibəti qonşu ölkədən gözləyirik və buna bizim qalib ölkə və müzəffər millət kimi haqqımız çatır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tarixi-mədəni irsin qorunmasının beynəlxalq hüququn və insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, əqli mülkiyyət hüquqlarının müdafiəsi və hüquq pozuntularının qarşısının alınması Ombudsman Aparatının əsas fəaliyyət istiqamətlərindəndir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dünya xalqlarının böyük əksəriyyətinin sivilizasiyaların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Akademik ermənilərin qədimdən səpələnmə xalq olduqları barədə fikirlərini səsləndirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, qədim mənbələrə əsaslanan elmi yanaşma tarixə obyektiv baxışın formalaşmasında həlledici rol oynayır. Mədəni irsin qorunması və onun beynəlxalq müstəvidə düzgün təqdimatı tarixi saxtalaşdırma cəhdlərinə qarşı ən təsirli vasitələrdən biridir. Deputat əlavə edib ki, bu istiqamətdə sistemli elmi tədqiqatların genişləndirilməsi və əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli həm Azərbaycan, həm də regionla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu proses erməni saxtakarlıqlarının ifşası ilə paralel şəkildə aparılmalıdır və müstəqil Azərbaycan artıq öz tarixinə sahib çıxır.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov Azərbaycan tarixinə yeni konseptual baxışın vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və onun inkişaf yolu dünya ölkələri ilə müqayisədə olduqca mürəkkəb tarixi mərhələlərdən keçib.

Daha sonra Kamran İmanov konfransın mövzusuna uyğun geniş məruzə ilə çıxış edib, qədim mətnlər və klassik mənbələr əsasında aparılan tədqiqatların əhəmiyyətindən danışıb.

Konfrans müzakirələrlə davam edib.

XQ



Mədəniyyət