“Şəfəq” layihəsinin ilk günəş paneli quraşdırılıb

post-img

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində icra olunan “Şəfəq” günəş elektrik stansiyası layihəsinin investorları olan bp, “SOCAR Green”, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bu ayın əvvəllərində inşaat meydanında günəş panellərinin quraşdırılmasına başlayıblar. Bununla da, layihə növbəti mərhələyə qədəm qoyub.

İlk günəş panelinin quraşdırılmasından sonra layihə üzrə tikinti işləri hazırda plana uyğun irəliləməkdə davam edir. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov deyib: “Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək.”

Qeyd edək ki, “Şəfəq” günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Ötən müddətdə fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub. Artıq sözügedən avadanlıqların, təxminən, 30 faizinin quraşdırılması başa çatdırılıb.

Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir. İşlərin pik dövründə layihə çərçivəsində 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə, təxminən, 350 nəfər yerli işçi cəlb olunub ki, bunların da 123-ü işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərdir.

Layihə çərçivəsində tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. 240 meqavatlıq “Şəfəq” Elektrik Stansiyasında ildə, təqribən, 500 giqavat-saat bərpaolunan enerji istehsal ediləcəyi gözlənilir.

XQ

İqtisadiyyat