Siyasət və süni intellekt

post-img

II MƏQALƏ

Təsdiqlənməmiş informasiya

Dövlət siyasəti kontekstində təsdiqlənməmiş informasiyaların ictimai mühitdə oynaya biləcəyi rolda süni intellekt faktorunu axtarmaq ilk baxışdan qondarma görünə bilər. Ancaq süni intellektin özünün mahiyyəti üzərində düşünəndə başqa mənzərə yaranır: məhz süni intellekt fərqinə varmadan əsassız, xüsusi qərəz məqsədi ilə yaradılmış informasiyanın, demək olar hüdudsuz və siyasi sərhədsiz yayılmasının başlıca vasitəsi ola bilər.

Məsələ onunla bağlıdır ki, hər bir süni intellekt növünü insan yaradır. Buna görə də yekunda süni intellektin “iradəsi”, “ağılı”, “sözünün kəsəri”, “təsir dairəsi”, “nüfuzetmə miqyası və dərinliyi” birbaşa insanın öncədən onun üçün hansı səviyyədə proqram hazırlamasından asılıdır. Hələlik bu çərçivəni ideya, layihə, reallaşma texnologiyası və yaradılma materiallarının təbiəti aspektlərində heç bir süni intellekt nümunəsi aşa bilməmişdir.

Vədlər və nəzəri-konseptual layihələr çoxdur, ancaq praktiki olaraq hələlik süni intellektin bütün növləri “insanın sözünü deyir”. Fəlsəfədə belə bir deyim var: “nə deyilirsə, kimsə tərəfindən deyilir”! Yəni tam universal, obyektiv, heç nədən və kimsədən asılı olmayan söz və fikir mövcud deyildir (Müqəddəs kitablarla işimiz yoxdur).

İndi situasiyanı siyasət kontekstində informasiya müharibəsi aspektində təsəvvür edək. Daha güclü informasiya texnologiyalarına sahib olan ambisiyalı bir dövlətin süni intellektdən informasiya müharibəsində xüsusi məqsədli fəaliyyətinin sərhədlərini kimi müəyyən edə bilər? Və ya öncədən onun niyyətlərinin tam təsnifatını apara bilər?

Heç kimsə! Bunun səbəbi heç də informasiya texnologiyasının qeyri-bərabər (regionlar və ölkələr üzrə) inkişaf etməsində deyil, informasiyanın ötürülmə mexanizmlərinin misli görünməmiş üsul, forma və məqsəd almasındadır.

İnformasiya elə mütəhərrik və nüfuzetmə özəlliyi ilə fərqlənən fenomendir ki, onun yaradılma, yayılma və nüfuzetmə aspektlərində sonsuz sayda ssenarilərini hazırlamaq mümkündür. Buna görə də informasiyanın yaradılması, yayılması və xüsusi məqsədə xidmət etməsini tam olaraq öncədən müəyyən etmək imkansızdır.

Əgər söhbət cəmiyyətin əksər kəsimini təşkil edən adi vətəndaşlardan gedirsə, imkanlar ikiqat artmış olur, çünki həmin kəsim informasiyanı daim məişət həyatının prizmasında mənalandırır. Burada da adətən birbaşa məzmun və funksiya önə çıxır – insan qəbul etdiyi informasiyanı hərfən dəyərləndirməyə meyillidir.

Deməli, formaca normal görünən, lakin məzmununun alt qatında xüsusi məqsəd daşıyan informasiyanı insanların təhrif olunmuş qavraması qüsur deyildir, insan təbiətinin mahiyyətidir. Məhz bundan güclü informasiya potensialı olan dairələr xüsusi siyasət üçün istifadə edirlər. Bu dalğada, təbii ki, insanlar informasiyanın təsdiq olub-olmamasını müəyyən edə bilməzlər. Belə vəziyyət xüsusi məqsədli informasiyanı həqiqət kimi sosiuma sırımağa geniş imkanlar açır.

Hazırda dünya miqyasında bunun milyonlarla nümunəsi bəşəriyyətin mədəni, siyasi, sosial, iqtisadi, ekoloji, təhlükəsizlik və s. “kimliyi”ndə dolaşmaqdadır. Hətta indi bu aspektdə o qədər qəliz informasiya mühiti yaratmışlar ki, sanki Yer planet olaraq bu “informasiya ağırlıq və şantajına dözə bilməyib özünü partladacaq”! Ancaq biz bu qədər universal miqyasa deyil, indiki həyatımızda təsdiq olunmamış informasiyaların yayılmasında “süni intellektin möhtəşəm rolu”na (daha doğrusu, bu məsum texniki yeniliyi həmin qərəzə məhkum edənlərin siyasətinə) baxaq.

Süni intellektin “aldanması”

Təsdiqlənməmiş informasiyanın süni intellekt vasitəsilə (müxtəlif çatlar, Youtub, Votsap, X, Tik-Tok və digər informasiya platformaları) istənilən formada yayılması yeni texnologiyaların “aldadılmasıdır”. Görünür, insanlar onları məhz (həm də) öz gizli məqsədləri üçün istifadə etməyə yaratmışlar. Yəni “yüksək dərəcədə maskalanmaqla hədəfi necə aldatmaq olar?” kimi niyyətlər ortadadır (əlbəttə, bütün hallarda belə deyildir və burada söhbət ancaq informasiya müharibəsinin aparılmasından gedir, yəni vurğuladığımız müddəanı universallaşdırmaq və bədbin yönə istiqamətləndirmək qətiyyən yolverilməzdir).

Belə alınır ki, informasiya müharibəsində informasiyanın əsaslandırılmaması və təsdiqlənməməsi məlumatın mahiyyətindən irəli gəlmir – o, xüsusi insani məqsədin konkret kontekstdə təsiri ola bilən niyyətidir. Nümunə kimi bir prosesi qısa təqdim edək.

Hələ bir il bundan öncə müxtəlif informasiya mənbələri vasitəsilə belə bir “astroloji proqnoz” yaydılar: 2026-cı ilin əsas geosiyasi xüsusiyyəti nəzarətsiz informasiyaların daha geniş aspektdə yayılması, ilk növbədə, siyasi liderlərin və tanınmış insanların həyatına aid yoxlanmamış informasiyaların yayılmasının və müxtəlif pandemiyaların vüsət almasının ciddi yer tutmasından ibarət olacaq.

Bu cür “öncəgörmə”nin alt qatdakı semantikası ondan xəbər verir ki, 2025-ci ildən başlayan informasiya şantajı yeni forma və vüsətlə dünyanı zəbt edəcək. Bu ilin ilk ayları bu “proqnozu” (əslində öncədən hazırlanmış fəaliyyət sxemini) tam təsdiq edir.

Məsələn, D.Tramp ən çox sevdiyi fotonu jurnalistlərə necə təqdim etmişdir? Həmin fotonun alt qatda mənası belədir: “mən istədiyimi edəcəm, qəbul etsəniz də, etməsəniz də”! Əlbəttə, bu rəmz informasiya daşıyıcısı kimi keçici deyildir. Burada siyasi güc, qüdrət və onları həyata keçirmək tərzi yığcam ifadə olunmuşdur. Və bütövlükdə həmin üsul dünyanın hər bir böyük gücünə aiddir.

Əlbəttə, məsələ bununla məhdudlaşmır. Dünyanın bir çox siyasi liderləri, onların ailələri, yaxın ətrafı, keçmişi haqqında süni intellekt vasitəsilə qondardıqları mətnlər, səslər, obrazlar, “faktlar” vasitəsilə nələri yaymırlar? Gündəlik həyatın mürəkkəblikləri içində yaşayan adi insan həmin informasiyaların qondarma olduğunu necə anlasın? Onun gücü - Tik-Tokda belə göstərmişlər, “X”də belə yazmışlar, “Yotubda gözlərimlə gördüm” gördüm kimi “isbatlara” çatır. Və prosesin əslində hansı məqsədlə təşkil edildiyi anlanana qədər kütlə yalan informasiyanın təsiri altına düşür. Bu da seçkilərə, ictimai rəyin dəyişməsinə, cəmiyyətdə sosial münasibətlərin gərginləşməsinə, toplumun rəy baxımından parçalanmasına, cəmiyyətin öz rəhbərliyinə və elit təbəqəsinə qarşı hirsli olmasına gətirib çıxarır.

Bu kontekstdə “Epşteyn” olayına baxaq. Başdan-ayağa təsdiqlənməmiş, lakin müəyyən faktlarla əlaqəsi olan informasiya təsiridir. Bizcə, bu, öncədən xüsusi məqsədlə hazırlanmış prosesdir. Əlbəttə, Epşteyn və ona bənzərlərin dünyanın müxtəlif siyasi kəsimləri ilə əlaqələri ola bilər. Ancaq onu məhz indi və xüsusi niyyətlə aktuallaşdırmaları səbəbsiz deyildir. Hətta Böyük Britaniyanın baş naziri Epşteynlə əlaqəsi olan birinin nazir təyin edilməsinə görə cəmiyyətdən üzr istəyir!

İnformasiya müharibəsinin yeni növü

Bu prosesin qarşısını almaq mümkündürmü? Bizcə, ehtimal çox azdır və zaman-zaman seçilən hədəflə bağlı həmin xüsusi məqsədli informasiyalar müxtəlif peşəkar simulyasiyalarla yayılacaq. Eyni zamanda, problem yalnız “Epşteyn”lə məhdudlaşmır. Hazırda çox müxtəlif informasiya kanalları, kompüter simulyasiyaları və “məntiqi və faktlarla dolu arqumentli” təqdimatlar dünya informasiya məkanını zəbt edir ki, mənbəni müəyyən etmək çox çətin olur. İndi mənbə ilə hədəf bir-birinə qarışmışdır. Ümumi informasiya mənzərəsi ziddiyyətli, məntiqsiz və antifəzilət xarakterli “memlər”lə doludur.

Bu xüsusda kiçik bir haşiyə çıxaq. Azərbaycan və Türkiyə istiqamətində təsdiqlənməmiş, əsaslandırılmamış informasiyaların süni intellekt vasitələri ilə yayılması getdikcə intensivləşir. Bu prosesi son zamanlar daha çox türk dövlətlərinin liderlərinə qarayaxma kampaniyası kimi aparırlar. Həmin bağlılıqda son nümunələrdən biri Atatürkün ingilis imperatoru qarşısında guya baş əyməsini göstərən kompüter görüntüsüdür.

Azərbaycan rəhbərliyi haqqında da olmazın uydurmalarla ictimai rəyi çaşdırmağa cəhdlər edirlər. Xüsusilə xaricdə yuvalanmış bir qrup şantajçı və təxribatçıdan bu məqsədlə istifadə olunması acı təəssüf hissi doğurur!

Burada iki əsas məqsəd özünü göstərir: birincisi, ümumiyyətlə, türk dövlətləri, ölkələri və xalqlarının sivil olmadığı təəssüratı yaratmaq. Bunun əsas səbəbi XXI əsrdə ilk növbədə məhz türk xalqlarının müstəqil yaşamaq uğrunda qətiyyətli mübarizə aparmasıdır. Burada Azərbaycanın oynadığı rol danılmazdır.

Məhz Azərbaycan təkbaşına bir çox böyük dövlətlərə qarşı mübarizə apararaq (o cümlədən informasiya mübarizəsi, çünki Prezident İlham Əliyevin hərbi əməliyyatlar müddətində möhtəşəm informasiya mübarizəsi qətiyyən unudlamaz!) Vətən müharibəsində qalib gəlməsi tarixi bir dönüş idi. Postmüharibə mərhələsində də Azərbaycan Prezidenti informasiya sferasında çox səmərəli siyasət həyata keçirir və sistemli şəkildə bundan sonrakı qələbələr üçün istiqamətlər müəyyənləşdirir.

Bütün bunların sayəsində indi türklərin dövlət qura bilmək və onu hüquqi əsasda inkişaf etdirmək potensialının çox böyük olduğunu ən qərəzli dairələr belə qəbul etməyə məcburdurlar.

Deməli, dünyanın hər bir müstəqil dövləti çox kəskin şəkildə informasiya müharibəsinin reallıqları ilə üz-üzə qalmışdır və onunla mübarizə qaçılmazdır. Süni intellekt kontekstində bu mənzərədə çox önəmli bir məqam mövcuddur. Biz ümumi şəkildə süni intellektin insan tərəfindən, məcazi desək, “aldanması”nın mümkün informasiya, sosial, siyasi, mənəvi-əxlaqi və ümumi halda dövləti fəsadları ilə bağlı olmasını nəzərdə tuturuq.

Yəni təsdiqlənməmiş informasiya siyasətin bir parçası olanda, bütövlükdə mənzərə çox mürəkkəbləşir və onunla mübarizə məsələsi daha da aktuallaşır. Belə alınır ki, faktiki olaraq, informasiya müharibəsinin hədəfi süni intellekt deyil, ondan süni istifadə edənlər olmalıdırlar. Bu isə artıq həmin dairələrə qarşı xüsusi qələbə hədəfli antikurs formalaşdırmağı tələb edir. Həmin kursun formalaşdırılması sırf siyasət məsələsidir. Onun önəmli saydığımız iki aspektini vurğulamaq istərdik.

Birincisi, Azərbaycan da daxil olmaqla geniş bir geosiyasi məkanda yerləşən ölkələrə qarşı faktiki olaraq pozucu xarakterli yeni informasiya müharibəsi növü meydana gəlir. Onu şərti olaraq “posthibrid informasiya müharibə” adlandıra bilərik. Onun izahını irəlidə verəcəyik.

İkincisi, informasiya müharibəsində süni intellektin imkanlarından sistemli surətdə Azərbaycanın strateji siyasi kursu və ayrıca ölkəmizdə süni intellektin inkişaf strategiyası kontekstlərində yararlanmaq xətti konseptual səviyyədə müəyyən edilməlidir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət