Aprelin 22-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib.
“Heç kəsi arxada qoymamaq” şüarı ilə Beynəlxalq Miqrasiya Təşkilatı və UNESCAP Katibliyinin dəstəyi ilə keçirilən məclisdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nazirləri, yüksəksəviyyəli dövlət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.
Ölkəmizin kiçik ada dövlətlərinə beynəlxalq texniki yardım, iqlim dayanıqlılığı və bacarıqların artırılması sahələrində dəstək göstərdiyini bildirən natiq bu səpkidə COP29 Azərbaycan sədrliyinin uğurlu təşəbbüslərindən biri olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) cari ildə kiçik ada ölkələri ilə əməkdaşlıq planlarından danışıb.
Tonqanın daxili işlər naziri, həmçinin Maldiv, Tuvalu, Marşal adaları, Fici, Mikroneziya və Samoanın hökumət nümayəndələri ölkəmizin qlobal çağırışların həlli sahəsindəki liderliyini yüksək qiymətləndiriblər.
Eyni zamanda, qeyd edilib ki, COP29-un vacib təşəbbüslərindən olan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhə töhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssas ölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı maliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımından əhəmiyyətli imkanlar yaradır. Bu çərçivədə Mikroneziya və Marşal adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar.
XQ

