Naxçıvan xəbərləri

post-img

Jurnalistlərin zəka yarışı

Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinə start verib.

Naxçıvan Şahmat Mərkəzində layihənin ilk tədbiri – media nümayəndələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. İki turdan ibarət yarışmada 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Ümumilikdə, 32 sual səsləndirilib, doğru cavablar 1 xal ilə qiymətləndirilib. Nəticələrə əsasən, "Sosial press" komandası yarışmanın qalibi olub. "Əkinçi" və "İrşad" komandaları müvafiq olaraq 2-ci, 3-cü yerlərə sahib çıxıblar.

Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə stolüstü tennis, şahmat və futzal yarışları da keçiriləcək. İyulun 21-i isə mükafatlandırma mərasimi olacaq.

Su hövzələrinə mediatur

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qlobal su böhranına, yay mövsümündə sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil edib.

Jurnalistlər ilk olaraq Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən "Qanlıgöl" sututarına baş çəkiblər. Burada məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də obyektin suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Şahbuz Şəhər Təmizləyici və Çirkab Su Təmizləyici qurğular komplekslərində isə bildirilib ki, bu avadanlıqlar bölgədə ekoloji tarazlığın qorunması, əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər zamanı media nümayəndələri həmçinin Batabat yaylağında yerləşən unikal Batabat göllərinə də baxış keçiriblər. Sonda isə hazırda su səviyyəsi minimum həddə yaxınlaşan Heydər Əliyev Su Anbarında vəziyyətlə tanış olublar. Mediatur iştirakçılarının bütün sualları ətraflı cavablandırılıb, jurnalistlərə bölgədəki su təsərrüfatının vəziyyəti və aparılan tədbirlər barədə ətraflı məlumat verilib.

Jurnalistlərə müsahibə verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev bildirib:

– Qlobal səviyyədə baş verən proseslər sututarlarına diqqət yetirməyi vacib sayır. Hər il biz yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, "Qanlıgöl" sututarına bənzər layihələri həyata keçirək. Ümumilikdə 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni, təqribən 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir.

Mühüm layihələrdən biri də Araz Su Anbarından Heydər Əliyev Su Anbarına təzyiqli boru xətti ilə suyun çəkilməsidir. 16 yarımbəndlik tədbirlərin artıq 12-nin icrasına başlanılıb. Eyni zamanda 90-na yaxın kənd və qəsəbədə içməli su-kanalizasiya xətlərinin dayanıqlı su mənbələrindən qidalanmasının layihələndirilməsi üçün müqavilə bağlanılıb. Yaxın zamanlarda icrasına başlanacaq.

Bilyard turniri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü şərəfinə bilyard üzrə muxtar respublika açıq turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Marvel Bilyard Salonunda təşkil etdiyi yarışa 18 həvəskar bilyardçı qatılıb. İştirakçılar qarışıq piramida növündə qalibiyyət mübarizəsi aparıblar.

Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub.

S.HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri





Son xəbərlər