Şərq paradiqmasının yüksəlişi

post-img

ŞƏT sammiti və dəyişən güc konfiqurasiyası

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammiti beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcını göstərən hadisə oldu. Sammit böyük güclərin qlobal səhnədəki qarşıdurma və yaxınlaşma dinamikasının vizual təsdiqi idi. Sammtin paradla müşayiət olunması təsadüfi deyildi: Çinin siyasi teatrı vasitəsilə dünyaya göstərdiyi əsas mesaj ondan ibarət idi ki, Qərbin dominant güc nümayişlərinə alternativ olaraq “Şərq paradiqması” formalaşır.

Sammitdə Rusiya və Çin faktiki olaraq “vahid siyasi tandem” kimi çıxış etdi. Ukrayna müharibəsindən sonra Moskvanın Pekinə daha çox söykənməsi gözlənilən idi. Lakin ŞƏT platformasında bu yaxınlaşma ABŞ-a qarşı daha geniş geosiyasi konfiqurasiyanın elementinə çevrildi. Burada məqsəd yalnız hərbi balans yaratmaq deyil, həm də ideoloji müstəvidə rəqabəti genişləndirməkdir: “liberal dünya nizamına” qarşı “alternativ çoxqütblü nizam” konsepsiyası.

Bəs Rusiya–Çin yaxınlaşması müvəqqəti taktiki ittifaqdır, yoxsa uzunmüddətli strateji ox? Suala birmənalı cavab vermək çətindir. Qısa müddətdə Moskva üçün Çinlə yaxınlaşma həyati zərurətə çevrilib – sanksiyaların təsiri, Qərb bazarlarının itirilməsi və texnoloji asılılıq səbəbindən Kreml alternativ iqtisadi dəstək axtarır. Çin isə Rusiyanı strateji resurs və Qərbə qarşı geosiyasi “təzyiq aləti” kimi görür. Lakin uzunmüddətli perspektivdə maraqlar tam üst-üstə düşmür: Rusiya özünü “böyük güc” kimi qorumaq istəyir, Çin isə liderliyi təkbaşına iddia edir. Deməli, bu tandem həm real əməkdaşlıq, həm də gizli rəqabət elementlərini daşıyır.

ABŞ üçün Rusiya–Çin yaxınlaşması hansı riskləri yaradır? Ağ Ev üçün əsas risk iki böyük gücün resurs və təsir imkanlarının birləşməsidir. Çin iqtisadi texnologiya və maliyyə gücü ilə, Rusiya isə hərbi-strateji və enerji resursları ilə çıxış edir. Belə sintez Vaşinqtonun “parçala və hökmranlıq et” siyasətini çətinləşdirir. Lakin ABŞ eyni zamanda bu yaxınlaşmanın zəif tərəflərini də görür: Rusiya və Çin arasında tarixi etimadsızlıq, mərkəzi Asiyada nüfuz uğrunda rəqabət və uzunmüddətli maraq fərqləri. Buna görə də, Vaşinqton daha çox Hindistan və digər regional aktorlar vasitəsilə bu oxu balanslaşdırmağa çalışır.

Rusiya–Çin oxu, sadəcə, hərbi təhlükədir, yoxsa qlobal ideoloji alternativ? Təbii ki, burada əsas məsələ ideoloji komponentdir. Çin “alternativ qlobal idarəetmə modelini” – Qərbin demokratiya və liberal bazar prinsiplərindən fərqli olaraq, avtoritar stabilliyə əsaslanan çoxqütblü düzəni – təklif edir. Rusiya isə bunu özünün anti-Qərb ritorikası ilə gücləndirir. Beləliklə, söhbət yalnız tanklardan və qaz kəmərlərindən getmir; yeni qlobal təsir mübarizəsi informasiya, diplomatiya və beynəlxalq təşkilatlar vasitəsilə aparılır. Bütün bunlar isə ABŞ-ın ənənəvi üstünlük sahələrinə birbaşa meydan oxumaqdır.

Bu oxun davamlı olub-olmaması məsələsinə gəldikdə isə, davamlılıq həm qlobal proseslərdən, həm də daxili dinamikadan asılıdır. Əgər ABŞ–Çin rəqabəti daha da kəskinləşərsə, Pekin Moskvadan asılılığı artırmaq məcburiyyətində qalacaq. Əksinə, əgər Qərb–Rusiya münaqişəsi müəyyən mərhələdə yumşalarsa, Moskva balans siyasətinə qayıtmağa çalışa bilər. Bu mənada Rusiya–Çin oxu “tarixi ittifaq” yox, daha çox zərurətdən doğan strateji konfiqurasiya kimi dəyərləndirilə bilər.

* * *

ŞƏT sammitinin diqqətçəkən məqamlarından biri Hindistanın mövqeyi oldu. Narendra Modinin sammitdə iştirakı Qərb analitiklərinin gözündə ziddiyyətli siqnallar doğurdu. Bir tərəfdən, Hindistan Çin və Rusiya ilə eyni platformada görünərək “Şərq qütbü”nün tərkibində iştirak etdi, digər tərəfdən isə real qərarların qəbul edilməməsi Dehlinin açıq mövqe göstərməkdən çəkindiyini ortaya qoydu. Ziddiyyətli mənzərə əslində Hindistan siyasətinin ənənəvi xüsusiyyəti – strateji muxtariyyət doktrinasını sərgildi.

Burada əsas sual yaranır: Hindistanın balans siyasəti zəiflikdir, yoxsa güc göstəricisi? Qərb mediası çox vaxt onun tərəddüdlü davranışını zəiflik kimi təqdim edir, amma bu yanaşma birtərəflidir. Əslində, Hindistanın davranışında zəiflik yox, özünü qlobal güc kimi mövqeləndirmə cəhdi görünür. O, eyni vaxtda ABŞ-la hərbi əməkdaşlıq edir, Rusiyadan silah alır, Çindən iqtisadi asılılığını qoruyur və ŞƏT və BRICS platformalarında aktiv iştirakçı kimi çıxış edir. Çoxvektorlu siyasət ona beynəlxalq münasibətlərdə sadəcə bir blokun peyki yox, müstəqil qütb kimi görünmək imkanı verir.

Burada daha bir sual ortaya çıxır: bəs nə üçün Hindistan tamamilə ABŞ-ın anti–Çin strategiyasına qoşulmur? Vaşinqton Dehlini Asiyada Pekinə qarşı əsas balanslaşdırıcı güc kimi görmək istəyir. Amma Dehli üçün bu rolun riskləri böyükdür. Çinə qarşı açıq cəbhə almaq onun iqtisadi asılılığını təhlükə altına salar, çünki Çin Hindistanın ən iri ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, regionda açıq qarşıdurma Hindistanın daxili sosial-siyasi sabitliyini riskə atar. Strateji baxımdan isə Hindistan üçün əsas məqsəd qlobal güc statusunu tədricən qazanmaqdır. Bu isə ABŞ-ın “ön xəttində döyüşən” aktor olmaqla deyil, çoxvektorlu diplomatiya ilə mümkündür.

Burada Rusiya ilə münasibətlərin rolu xüsusi qeyd olunmalıdır. Hindistan üçün Moskva ənənəvi silah tədarükçüsüdür və enerji sahəsində mühüm tərəfdaş olaraq qalır. Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya qarşı təzyiqləri artsa da, Dehli bu əlaqələri kəsmədi. Əksinə, ucuz rus neftindən istifadə etməklə iqtisadi üstünlüklər qazandı. Bunlar Hindistanın balans siyasətinin mahiyyətini bir daha göstərdi: bir tərəfdən ABŞ-la hərbi təlimlər keçir, digər tərəfdən Rusiya ilə əməkdaşlığı davam etdirir.

Hindistan ŞƏT və BRICS kimi platformalarda qalmaqla nə əldə edir? Bu strukturlar ona qlobal qərarvermə masasında iştirak imkanı verir. Qərb ittifaqları Hindistanı “strateji tərəfdaş” kimi qəbul edərkən, ŞƏT və BRICS onu alternativ güc mərkəzlərində bərabər oyunçu kimi təqdim edir. Bu isə Dehlinin öz qlobal imicini möhkəmləndirmək, beynəlxalq auditoriyada “müstəqil güc” obrazını formalaşdırmaq üçün mühüm vasitədir.

Nəhayət, ən önəmli məsələ Hindistanın uzunmüddətli strategiyası ilə bağlıdır. O, yaxın 20–30 ildə ABŞ və Çinlə eyni səviyyədə qlobal qütbə çevrilmək niyyətindədir. Bunun üçün Dehli özünü oyunçular arasında körpü rolunda saxlayır. Yəni, onun strategiyası nə tam Qərbə inteqrasiya, nə də tam Şərq blokuna qoşulmaqdır. Hindistan öz yolunu açmaq üçün hər iki tərəflə işləməyi, hər iki qütbdən faydalanmağı seçir. Bu da onu dünya siyasətində həm maraqlı, həm də strateji baxımdan fərqli aktora çevirir.

* * *

ŞƏT sammitindən sonra beynəlxalq münasibətlərdə yeni reallıq daha aydın şəkildə üzə çıxdı: dünya artıq klassik ikiqütblü Soyuq Müharibə modelinə qayıtmır, amma ABŞ–Çin rəqabəti ətrafında çoxlaylı qütbləşmə formalaşır. Hazırkı mənzərədə Rusiya, Hindistan, İran, Türkiyə kimi aktorların hər biri müxtəlif istiqamətlərdə prosesə qoşulur və nizamın mürəkkəbliyini daha da artırır. Beləliklə, beynəlxalq sistem eyni anda həm yeni imkanlar, həm də yeni risklər doğuran bir müstəviyə keçir.

Burada ilk sual meydana çıxır: yeni qütbləşmə ABŞ və Qərb üçün hansı çağırışları yaradır? Əsas çətinlik odur ki, ABŞ artıq “vahid qlobal lider” statusunu qorumaqda çətinlik çəkir. Avropa İttifaqı müəyyən mənada Vaşinqtonun xəttini dəstəkləsə də, Asiyada alternativ güc mərkəzlərinin meydana gəlməsi ABŞ üçün yalnız hərbi və iqtisadi rəqabət anlamına gəlmir. Burada ideoloji meydan da getdikcə daha mühüm əhəmiyyət kəsb edir, çünki liberal dəyərlərə qarşı “avtoritar sabitlik” modeli daha çox ölkəni özünə cəlb etməyə başlayır.

Digər tərəfdən, bu qütbləşmə Çinə mühüm üstünlüklər qazandırır. Pekin üçün prosesin ən böyük gəliri ABŞ-ın dominant rolunun zəifləməsidir. Təkqütblü nizam zəiflədikcə Çin öz təsir imkanlarını artırır. Bundan əlavə, ŞƏT və BRICS kimi platformalar Pekinə alternativ diplomatik məkan təqdim edir. Bu məkanda Çin özünü Qərbin diktəsinə qarşı çıxan güc kimi göstərir və Rusiya, İran, Hindistan kimi aktorları müxtəlif dərəcələrdə öz orbitinə cəlb etməyə çalışır.

Rusiyanın mövqeyi isə daha mürəkkəbdir. Kreml artıq qlobal siyasətdə özbaşına “qütb” ola bilmir, lakin Çinə yaxınlaşaraq ABŞ-a qarşı blokun ikinci dayağına çevrilib. Rusiya üçün əsas məqsəd Qərbin təzyiqlərini yumşaltmaq və təsir dairəsini Şərq istiqamətində qorumaqdır. Bu mənada Moskva “strateji katalizator” rolunu oynayır: özü böyük güc olmaqda çətinlik çəksə də, qlobal balansı dəyişdirən faktora çevrilir.

Hindistanın davranışları isə tamam başqa məntiqlə izah olunur. Dehli üçün əsas məsələ qlobal rəqabətdə tam tərəf seçməməkdir. O, ABŞ-la əməkdaşlığı gücləndirsə də, eyni zamanda, ŞƏT və BRICS platformalarında qalmaqla alternativ mərkəzlərdə də mövcudluğunu saxlayır. Bu yanaşma Hindistana “balans saxlayan qütb” obrazı qazandırır. Əlbəttə, bu həm risklidir, həm də fürsətlidir: risk ondadır ki, Qərb Hindistanı qeyri-müəyyən tərəfdaş kimi qiymətləndirir, amma fürsət ondan ibarətdir ki, Dehli hər iki tərəfdən fayda götürərək öz gücünü artırır.

Gələcəyin mümkün ssenariləri də bu məqamda ön plana çıxır. Ehtimal olunan variantlardan biri bloklaşmanın dərinləşməsidir – ABŞ və müttəfiqləri bir tərəfdə, Çin–Rusiya oxu digər tərəfdə daha sərt qarşıdurmaya girə bilər ki, bu da yeni “yarımsoyuq müharibə” modelini yaradar. İkinci ssenari çoxvektorlu rəqabətdir: Hindistan, Türkiyə, Braziliya kimi ölkələr heç bir blokda tam yer almayaraq, öz maraqlarını hər iki tərəflə balanslaşdıracaq və bu, sistemi daha dəyişkən edəcək. Üçüncü ssenari isə parçalanmış qlobal nizamdır: burada qlobal qurumlar zəifləyəcək, onların yerini isə regional bloklar və koalisiyalar tutacaq. Elə olan halda artıq qütbləşmədən deyil, daha çox “mozaik nizam”dan danışmaq lazım gələcək.

Bunlar beynəlxalq təhlükəsizlik müstəvisində əhəmiyyətli nəticələr doğurur. Risklərin artacağı aydındır, çünki sərt bloklaşma olmadığı üçün tərəflər arasında daim “oyun sahəsi” qalacaq. Bu, lokal münaqişələrin, proksi savaşların, texnoloji və iqtisadi müharibələrin daha çox rast gəlinən hal alacağı deməkdir. Lakin eyni zamanda böyük dövlətlər arasında birbaşa hərbi toqquşma riski nisbətən azalacaq, çünki onlar qarşıdurmanı dolayı vasitələrlə idarə etməyə üstünlük verəcəklər.

Nəticə etibarilə, ŞƏT sammiti göstərdi ki, qlobal nizam yeni mərhələyə qədəm qoyub. Hazırkı mərhələ nə tam soyuq müharibədir, nə də Qərbin arzuladığı təkqütblü dünya. Bu, çoxlaylı qütbləşmə və balans oyunu mərhələsidir. Ən mühüm nəticə isə budur: artıq heç bir güc təkbaşına dünya nizamını müəyyənləşdirə bilmir – hər şey qarşılıqlı asılılıqlar, dəyişkən koalisiyalar və dinamik tərəfdaşlıqlar üzərində qurulur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət