Bakı–Pekin: məmnunluq doğuran strateji tərəfdaşlıq

post-img

Çinlə müttəfiqlik ölkəmizin regiondakı lider mövqeyini möhkəmləndirir

Qlobal iqtisadi və siyasi güc mərkəzlərinin yenidən dizayn edildiyi mürəkkəb mərhələdə Azərbaycan manevr alətlərini genişləndirərək Çinlə strateji tərəfdaşlıq kursunu yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin aprel ayında Pekinə dövlət səfəri iki ölkə arasında münasibətləri, sadəcə, ticarət dövriyyəsinin həcmi ilə ölçülməyən, geosiyasi koordinatlar üzərində qurulan strateji xəritə kimi təsbit edən hadisə oldu. Bu kurs ölkəmizi Cənubi Qafqazda Çin kapitalı, texnologiyası və logistikasının təməl dayağına çevirərək beynəlxalq iqtisadi-siyasi balansdakı çəkisini artırır, regiondakı status-kvonu isə yeni arqumentlərlə formalaşdırır.

Çinin Fucien əyalətindəki Siamen şəhərində keçirilən 25-ci Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) qlobal iqtisadi gündəmin mühüm hadisələrindən biridir. Çin Kommersiya Nazirliyinin və Fucien hökumətinin ev sahibliyi etdiyi sərgiyə 120-dən çox ölkə və regiondan nümayəndə heyətləri, 5 min beynəlxalq şirkət və 50 mindən çox iş adamı qatılıb.

CIFIT-də ikinci dəfə təmsil olunan Azərbaycan qlobal iqtisadi sistemdə yerini və mövqeyini nümayiş etdirir. Baş nazirin müavini, Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi sərgidə geniş təqdimatla təmsil edir. “Invest in Azerbaijan” pavilyonu sərginin ümumi 120 min kvadratmetrlik sahəsində 216 kvadratmetrlik stenddə ölkəmizin makroiqtisadi göstəricilərini, biznes mühitini və investisiya potensialını nümayiş etdirir.

Azərbaycanın CIFIT-də iştirakı düşünülmüş siyasi kursun təzahürüdür. Bu addım Prezident İlham Əliyevin aprelin 23-də Çinə dövlət səfərinin məntiqi davamı kimi Pekinlə münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Həmin səfərdə imzalanmış sənədlər Azərbaycan–Çin əlaqələrini hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla yanaşı, regionda güc balansına ciddi təsir göstərdi. Siyasi planda bu, Cənubi Qafqazda rəqabət aparan böyük oyunçuların kəsişən maraqlar xəritəsində Azərbaycanın Qərb və Şərq istiqamətlərində manevr imkanlarını genişləndirir. Qərb və Rusiya arasındakı regionda Çin amili Azərbaycanın yeni diplomatik dayaqlarından biri kimi çıxış edir. Strateji tərəfdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi çəki verir. Pekin Cənubi Qafqazda etibarlı tərəfdaş qazanır, Bakı isə qlobal iqtisadi gücün dəstəyini hiss edir. Bu reallıq Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna uyğun gəlir və onun manevr imkanlarını artırır.

Statistik məlumatlar siyasi qərarların iqtisadi nəticələr verdiyini göstərir. Bu ilin yanvar – iyul aylarında Azərbaycan–Çin ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artım deməkdir. Rəqəmlər Azərbaycanın Çinə yalnız enerji daşıyıcısı kimi deyil, həm də qeyri-neft sektoru üzrə yüksələn tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir.

Azərbaycan son illərdə iqtisadiyyatını diversifikasiya etmək istiqamətində addımlar atır. Nəticədə Çin şirkətləri energetika, nəqliyyat, tikinti, yüksək texnologiyalar, informasiya və xüsusilə “yaşıl enerji” layihələrində iştirak etməyə maraq göstərir. Prezident İlham Əliyevin Pekin səfəri çərçivəsində bir neçə iri Çin şirkətinin rəhbərləri ilə görüşü bu marağı təsdiqləyir.

Çinlə əməkdaşlığın ən strateji sütunlarından biri Pekinin “Bir kəmər, bir yol” təşəbbüsüdür. Azərbaycan həm Orta Dəhlizdə, həm də Şərq–Qərb marşrutunda mühüm tranzit ölkə mövqeyini möhkəmləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Limanı və regional logistika mərkəzləri Çin mallarının Avropaya çıxışında real alternativ marşrut rolunu oynayır. Ölkəmizin tranzit ölkə rolunun artması Pekinin Cənubi Qafqaz siyasətində Bakını ön plana çəkir. Bu, həm də Avropa İttifaqı və ABŞ-la münasibətlərdə Azərbaycanın əlini gücləndirir.

Prezident İlham Əliyevin Pekinə dövlət səfərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşünün nəticəsi olaraq şirkət Füzuli rayonunda Günəş Enerjisi Stansiyası və digər layihələrə sərmayə yatırıb. Çinlə yüksələn müttəfiqlik parametrləri ölkəmizin regiondakı lider mövqeyini daha da möhkəmləndirir. Bu vəziyyət Ermənistanın Qərb yönümlü, lakin təcrid olunmuş iqtisadi siyasətini çıxılmaz duruma salır, Gürcüstan isə Çinlə əməkdaşlıqda Azərbaycanın tempinə çata bilmədiyi üçün tranzit imkanlarında arxa plana keçir. Qlobal kontekstdə Azərbaycan–Çin tərəfdaşlığı yeni güc mərkəzlərinin formalaşdığı beynəlxalq sistemdə milli maraqları qorumağın rasional yoludur. Çinlə strateji əməkdaşlıq Bakının iqtisadi təhlükəsizliyinə də əlavə təminat verir.

Bakı–Pekin xəttində müşahidə edilən sıx təmaslar onu deməyə əsas verir ki, ölkələrarası müsbət sinergiya hər iki tərəfə böyük fayda verəcək. Dövlət başçısının bu il Çinə 2 dəfə səfər etməsi, apreldə imzalanan Birgə Bəyanat”, “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak, həmçinin ölkəmizin 25-ci Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinə (CIFIT) qatılması Azərbaycan–Çin münasibətlərinin geosiyasi və strateji müstəvidə möhkəmləndiyini göstərir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Dünyada ikinci güc mərkəzi kimi yüksələn Çin Azərbaycanla həm diplomatik, həm ticari əlaqələri gücləndirir. Gediş-gəliş imkanları, turizm və biznes sahəsində əməkdaşlıq da önəm daşıyır. Çin yalnız yüksək iqtisadi potensiala malik deyil, eyni zamanda, hərbi gücü və beynəlxalq hüququn təmin olunmasına prinsipial yanaşması Azərbaycan üçün strateji tərəfdaşlıq qurmaqda mühüm amildir.

Rəsmi Pekinlə münasibətlərin genişlənməsi həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Çin müəyyən regional təsir imkanlarına malikdir və lazım gəldikdə Rusiyada müəyyən xətlərin aşılmamasına təsir göstərə bilir. Bu, Qazaxıstan və Azərbaycanla bağlı müəyyən balansın qorunmasına xidmət edir.

Çinin marağı əsasən Orta Dəhliz vasitəsilə ticarətə çıxış əldə etməkdir. Avropa Birliyi və Çin arasındakı ticarət dövriyyəsi artıq 1 trilyon dollara çatıb. Bunun 90 faizi dəniz yolu ilə həyata keçirilir. Lakin sürət tələb olunan malların quru yolu ilə daşınması daha sərfəlidir. Orta Dəhliz Mərkəzi Asiyadan Bakıya, Xəzərdən keçərək Gürcüstan limanlarına, ya da Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Türkiyə və Avropaya çıxışı təmin edir. Bu baxımdan, Azərbaycan strateji cəhətdən Çin üçün vacib ölkədir.

Bəli, Azərbaycanın Çinlə əməkdaşlığı gündən-günə artır. Eyni zamanda, Azərbaycanın yaxın dostu Pakistanın da Çinlə yaxın müttəfiqlik əlaqələri var. Bütün bunlar, xüsusilə təhlükəsizlik sahəsində, Azərbaycan–Çin–Pakistan münasibətlərinə müsbət təsir göstərə bilər. Mənim fikrimcə, Çinlə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdə davam edəcək.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, siyasi şərhçi

Bakı ilə Pekin arasında intensiv siyasi dialoq və iqtisadi əməkdaşlıq münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. 2025-ci ilin aprelində Prezident İlham Əliyev və Sədr Si Cinpinin iştirakı ilə imzalanan “Azərbaycan–Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” bu yaxınlaşmanı rəsmiləşdirib. Enerji, nəqliyyat, gömrük, hüquqi yardım, əqli mülkiyyət və rəqəmsal iqtisadiyyatı əhatə edən 20-dən artıq sənəd Çinin Cənubi Qafqazda sabit iştirak maraqlarını və Azərbaycanın Şərq bazarlarına çıxış imkanlarını gücləndirir.

Tiencində keçirilən “ŞƏT plyus” görüşündə İlham Əliyev Orta Dəhlizi regional maraqların uzlaşdırıldığı layihə kimi təqdim edərək əməkdaşlığın beynəlxalq müstəviyə çıxdığını vurğuladı. Bu çərçivədə Transxəzər marşrutu xüsusi yer tutur: Bakı–Tbilisi–Qars yolunun modernizasiyası, gömrük-rəqəmsal uyğunlaşma və yeni Pekin–Bakı yük qatarı xətti dəhlizin rəqabət qabiliyyətini artırır. Əməkdaşlıq enerji və texnologiya sahəsində də genişlənir: Azərbaycanın bərpa olunan enerji hədəfləri Çin resursları ilə birləşə, “Rəqəmsal İpək Yolu” çərçivəsində data mərkəzləri və elektron ticarət logistikasında layihələr reallaşa bilər. Bunun üçün transsərhəd məlumat axınını təmin edən hüquqi mexanizmlərin yaradılması vacibdir.

Beləliklə, strateji tərəfdaşlıq Bəyanatı, “ŞƏT plyus” görüşü və CIFIT sərgisində fəal iştirak Bakı–Pekin xəttini yeni mərhələyə daşıyır. Əsas hədəf Orta Dəhlizin fasiləsiz işləməsi, gömrük-rəqəmsal uyğunlaşma, ixracın Çinə adaptasiyası və texnologiya transferinin idarəolunan modelidir. Azərbaycanın tranzit ölkədən regional istehsal və innovasiya mərkəzinə çevrilməsi isə əməkdaşlığın strateji mahiyyətini möhkəmləndirə bilər.

Tacir SADIQOV
XQ







Siyasət