Daşkənddə keçirilən tədbirə Azərbaycan alimi də qatılıb

post-img

Daşkənddəki Renessans Universitetində “Ali təhsil və əmək bazarı arasında əməkdaşlığın inkişaf etdirilməsi: nailiyyətlər, problemlər və həll yolları” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. 

Tədbirdə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Azərbaycan, Qazaxıstan, Rusiya, Çin, Hindistan, Koreya, Əfqanıstan, Pakistan, İran və digər ölkələrdən bu sahənin alimləri və ekspertlər iştirak edib. 

Ölkəmizi bu tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti, Daşkənd Dünya Dilləri Universitetində Azərbaycan dilini tədris etmək üçün ezam olunmuş Sevinc Musayeva təmsil edib.  

Konfransı universitetin rektoru Şahrux Nurəliyev açaraq Özbəkistanda əmək bazarının indiki vəziyyəti və perspektivləri haqqında ətraflı məlumat verib, universitetin professoru, 70 yaşı tamam olan Məhəməd Rəcəb Taciyevi bu münasibətlə təbrik edib, gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. 

Konfransda “Tələbənin məntiqi düşüncəsi və düşüncənin riyazi modeli”, Əlişir Nəvainin irsi Türk dünyasının təhsil sistemində”, “Ali təhsildə transformasiya tendensiyaları”, “Müasir əmək bazarında və ali təhsil sistemində təhsilin keyfiyyəti”, “Əmir Teymur-böyük sərkərdə və pedaqoq” və digər mövzularda məruzə dinlənilib. 

Sevinc Musayeva “Azərbaycanın ali təhsil sistemi və əmək bazarı arasındakı nisbət” mövzusunda məruzə edib.  Sevinc Musayeva öz çıxışında deyib:”Bu gün Azərbaycanın təhsil sistemində geniş miqyaslı islahatlar həyata keçirilir. Burada əsas məqsəd təhsilin keyfiyyətini yüksəltmək və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır. Dünyanın sürətlə dəyişməsi, texnologiyaların inkişafı, elmi-texniki tərəqqi, informasiya texnologiyalarının tətbiqi ali təhsil sahəsində də dəyişikliklərə səbəb olur. Hazırda Azərbaycan universitetlərində beynəlxalq əlaqələr genişlənir, yeni proqramlar həyata keçirilir”. 

O deyib ki, son 20 ildə ölkəmizdə 10 yeni ali təhsil müəssisəsinin yaradılması, onların bir qisminin Rusiya, Fransa, Türkiyə və İtaliya kimi ölkələrlə birgə təsis olunması Azərbaycanın təhsildə beynəlxalq inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Xankəndi Universitetinin yaradılması da təkcə təhsil hadisəsi deyil, dövlətin siyasi iradəsinin və gələcəyə baxışının rəmzidir. 

Ümumiyyətlə konfransda 80-dən çox məruzə təqdim olunub. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 







Mədəniyyət