Bakı–Moskva: təyyarə olayı və “buzların əriməsi”

post-img

Azərbaycan və Rusiya XİN-in birgə bəyanatına sözardı 6 məqam

Azərbaycan və Rusiya arasında “buzlar əriməyə” başlayıb. Hər halda, hər iki ölkənin xarici işlər nazirliklərinin yaydıqları birgə bəyanata görə durumu belə qiymətləndirmək mümkündür. Ümumən isə 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə olayı ilə bağlı sənəd bir neçə cəhətdən önəmlidir. Yazımızda bu mənada 6 məqam üzərində dayanacağıq.

Birinci məqam. Məlumdur ki, sözügedən hadisə Bakı və Moskva arasında ciddi soyuqluq yaratmış, sonra yaşananlar isə bu soyuqluğun əhatə dairəsini xeyli dərinləşdirmişdi. O qədər dərinləşdirmişdi ki, hətta bəzən diplomatik əlaqələrə son qoyulacağı təsəvvürü də formalaşmışdı. Hazırkı bəyanat belə bir xoşagəlməz vəziyyətə qarşı, bir növ, ciddi immunitet təminatıdır.

İkinci məqam. Məsələ Azərbaycanın prinsipiallığı ilə bağlıdır. Məlum olduğu kimi, dövlətimiz ilk gündən qətiyyətli davranmış, təyyarə olayına obyektiv hüquqi qiymətin verilməsini və hadisənin baş verməsində əli olanların qanun qarşısında cavabdehlik daşımalarını tələb etmişdir. Hazırkı bəyanat bunun baş verəcəyinə əminlik yaradır.

Üçüncü məqam. Hüquqi qiymətdən söz düşmüşkən, uzun müddət mövcud istiqamətdə, belə demək mümkünsə, axsamalar baş vermişdi. Bəyanatda “Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması” ifadəsi yer alır. Hava hücumundan müdafiə sistemi işə düşübsə, onun qeyri-ixtiyari və ya hansısa başqa səbəbdən fəaliyyətə başlaması bir o qədər önəmli deyil. Əsas nəticədir. Nəticə isə budur ki, təyyarəmiz yerdən atəşə məruz qalıb. Deməli, atəş açanlar cəzalarını almalıdırlar. Birgə bəyanat bu məqamın vurğulanması baxımdan da təminat mahiyyəti daşıyır.

Dördüncü məqam. Bir daha Azərbaycanın prinsipiallığı üzərində dayanaq. O da məlumdur ki, uzun müddət təyyarə olayı ilə əlaqədar açılmış cinayət işi, demək olar, dondurulmuşdu. Lakin Azərbaycan və Rusiya prezidentləri ötən il oktyabrın 9-da Düşənbədə görüşdülər və həmin təmas zamanı hadisəyə obyektiv qiymətin verilməsinə dair anlaşma əldə olundu.

Amma qəribədir ki, bu anlaşmadan sonra Rusiyadan Azərbaycan Baş Prokurorluğuna məktub ünvanlanmış və məlum cinayət işinə xitam verildiyi bildirilmişdi. Əlbəttə, rəsmi Bakı bununla razılaşmamış, diqqəti Düşənbə görüşünün ab-havasına yönəltmişdi. Yəni bu mənada da hazırkı bəyanat ölkəmizin prinsipial davranışının məntiqi nəticəsi sayıla bilər.

Beşinci məqam. Bəyanatda bildirilib ki, tərəflər təyyarə olayı ilə bağlı kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Bu məqamın rəsmi sənəddə vurğulanması ədalətli yanaşma baxımından son dərəcə vacibdir. Eyni zamanda, sənəddə təyyarə olayına obyektiv münasibət xüsusunda atılan addımlar Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirdiklərinin təzahürü olaraq qiymətləndirilib. Əslində, ən başından məsələyə məhz mövcud prizmadan yanaşılmalı idi. Rəsmi Bakının zaman-zaman bildirdiyi də elə bu olub.

Altıncı məqam az öncə ifadə etdiyimiz fikrin davamıdır. Azərbaycan və Rusiya XİN-in birgə bəyanatında Bakı–Moskva münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafa, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inam aşılanıb.

Deməli, əvvəldə haqqında söz açdığımız buzların əriməsi məntiqi yerindədir. Bu məntiqi daha da qüvvətləndirən isə sənədin ən sonundakı səmimi tondur. Yazımızı həmin tonu şərhsiz diqqətə çatdırmaqla, habelə Azərbaycan–Rusiya münasibətlərinin mehriban qonşuluq xarakterinin daha da dərinləşəcəyinə ümid bəsləməklə bitiririk: “Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”.

Ə.RÜSTƏMOV
XQ

Siyasət