Müharibə canilərini müdafiə Bakıya siyasi təzyiq cəhdidir

post-img

Miriam Leksmann və onun kimilər qulaqlarında nəyi sırğa etməlidirlər?

Dünya Avropa Parlamentinin deputatı, qurumun Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Miriam Leksmann kimi ermənipərəst qiyafəyə bürünmüş ədalətsiz və haqsız yanaşma daşıyıcılarından, saxtakarlardan xali deyil. Artıq duruma nə təəssüflənir, nə də təəccüblənirik. Axı leksmanları çox görmüş, onların əndazəsiz çıxışlarına dəfələrlə şahidlik etmişik.

Yada salaq ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalananda M.Leksmann özünün digər ermənipərəst korrupsioner dostları ilə birgə bəyanat yaymış və Ermənistan ərazilərində Azərbaycan qoşunlarının olduğunu iddia etmişdi. İndi isə bu xanım bildirib ki, “Avropa İttifaqı və ABŞ Azərbaycana erməni əsirlərini azadlığa buraxması üçün təzyiq göstərməlidir”.

Ümumən, dünyada, o cümlədən, Avropada Azərbaycanla təzyiq dilində danışmağın mümkünlüyünü ağlına vuranların hələ də qalması bir bəladır. Amma məsələ bunda deyil. Baxın, slovakiyalı parlamentari Leksmann daha çox insan hüquq və azadlıqları, bəşəri dəyərləri müdafiə etməsi ilə seçilir. İlk sual budur ki, nəyə görə o, sadalanan prinsipləri məhz Ermənistanın xeyrinə gündəmə gətirir? Məgər reallıqları görmək və qiymətləndirmək bu qədərmi çətindir?

Reallıq budur ki, Leksmanın və onun kimilərinin erməni əsir dedikləri şəxslər müharibə cinayətkarıdırlar və günahları sübuta yetirilib. Yəni mövzunu siyasi ritorika alətinə çevrilmək yolverilməz və qəbuledilməzdir. Görəsən, xanım deputat o dövrün müasiri olsaydı, İkinci Dünya müharibəsinə görə Nürnberqdə mühakimə edilmiş cinayətkarların azadlığa çıxmaları üçün çağırış səsləndirərdimi? Əlbəttə ki, yox! Nə o səsləndirərdi, nə də onun ermənipərəst həmkarları. Elə isə ortaya başqa suallar çıxır: bu şəxslər indi nə üçün ortaya düşüblər? Leksmanların Azərbaycanın ədalət mühakiməsini şübhələndirmələri nəyə xidmətdir?

Əslində, bu suallara cavabı lap başlanğıcda dolayısı ilə verdik. Məsələ ondadır ki, Leksmann və onun kimilər qatı ermənipərəstdirlər və onların çirkinlikləri və eybəcərlikləri ali dəyərləri, habelə insan hüquq və azadlıqlarını vasitəyə çevirmələri, bu dəyərlərlə manipulyasiya yolu tutmalarıdır. Belə yanaşmanın bir yumşaq adı var. Söhbət riyakarlıqdan gedir. Daha bir sual riyakarlığın nə üçün meydana çıxması ilə bağlıdır.

Təkcə M.Leksmanın yox, ümumən Avropa Parlamentinin, demək olar, bütün deputatlarının qitənin erməni lobbi və diaspor təşkilatları ilə sıx əlaqədə olmaları, bu təşkilatların təmsilçilərindən rüşvət alaraq xirtdəyədək çirkaba bulaşmaları indinin söhbəti deyil. Yəni leksmanlar özlərində barəsində söz açdığımız insan hüquq və azadlıqları kimi ali dəyərləri asanlıqla, loru dildə desək, bazarlığa çıxarmaq potensialını daşıyırlar. Özü də bu zaman heç bir mənəvi əzab və iztirab çəkməyəcək qədər həyasızdırlar. Onların həyasızlıqları isə bütövlükdə Avropa demokratiyası üçün böyük utancdır.

Leksmanların həyasızlıqları həm də ona görə böyük utancdır ki, Azərbaycan tərəfindən günahları sübuta yetirilmiş müharibə cinayətkarları olan ermənilərin basdırdıqları minalar hələ də can almaqdadır. Görəsən, xanım parlamentari bundan danışarmı? Əlbəttə ki, danışmaz. Çünki onun ağzını köpükləndirməyinin və ucuz populizmi işə salmağının yalnız ermənipərəstlik motivi var. Hansısa bəşəri məqsəd naminə fikir bildirib çağırış etmək belələri üçün lazımsızdır. Çünki xeyirləri yoxdur. Axı Leksmann və onun kimilər primitiv düşünəcəli, ancaq öz xeyirlərini güdən hissiz manqurtdurlar.

Sonda bir məqamın üzərində də dayanaq. Məlumdur ki, daimi olaraq Avropanın erməni lobbi və diaspor təşkilatlarından “qidalanan” leksmanların dilə gəlmələri çox vaxt hansısa fərdi təşəbbüsdən qaynaqlanmır. Belə buyruq qulları, adətən, hansısa mərkəzlərin öz nəzərlərində böyütdükləri, qlobal önəm verdikləri siyasi tapşırıqları yerinə yetirmək üçün ortaya atılırlar. Heç şübhəsiz, indi də vəziyyət eynidir.

Nəzərə alaq ki, Leksmann adi ermənipərəst deyil, eyni zamanda, Ermənistanın hazırkı iqtidarı olan baş nazir Nikol Paşinyan administrasiyasının fəal təbliğatçısıdır. Deməli, ayının min oyununun bir armudun başında olduğunu düşünək. Leksmann və onun kimilər Bakı həbsxanalarında yatan müharibə canilərinin azadlığa çıxmaları üçün ona görə çalışırlar ki, Paşinyan və komandası qarşıdan gələn parlament seçkilərində üstün mövqeyə yiyələnsin, hay ictimai rəyində müsbət qarşılansın və yekunda bütün bunlar iqtidarın qələbəsi reallığını doğursun.

Əlbəttə, Azərbaycanda da Paşinyanın seçki qalibi olmasını istəyənlər çoxdur. O mənada ki, hazırda o və komandasının üzvləri cəmiyyətimiz üçün ən yaxşı erməni obrazının təmsilçiləridirlər. Nəzərə alaq ki, belə bir obrazın formalaşması adi məsələ sayıla bilməz. Amma...

Rəsmi Bakı Ermənistanla ticarət əlaqələrinin inkişafını sülhün başlıca komponenti olaraq dəyərləndirir və qonşusuna neft məhsullarını ixrac edir. Bu ixrac nəticəsində Paşinyan və iqtidarının təmsilçiləri ölkələrində yanacağın qiymətinin aşağı düşməsindən seçkiqabağı dividend kimi yararlanırlar. Yararlansınlar, buna sözümüz yoxdur.

“Əmması” budur ki, Leksmann kimi yağışdan sonra çıxmış göbələyə bənzərlər əlavə nə üçünsə özlərinə əl qatmasınlar. Eləcə də onları ortaya atanlar düşünsünlər ki, Azərbaycandakı ictimai rəy müharibə cinayətkarlarının sərbəst buraxılmalarına icazə vermir. Azərbaycan dövləti cəmiyyəti qarşısına almır və almaz.

Deməli, sülh və əmin-amanlıq, habelə bunun üçün yuxarıda göstərdiyimiz ticarət təşəbbüsləri və jestlər öz yerində, cinayətkarlar layiq olduqları cəzanı çəkməlidirlər. Hər hansı güzəştdən söhbət gedə bilməz. Leksmanların və onları hərəkətə gətirənlərin bu reallığı qulaqlarında sırğa etmələri şərtdir. Onlar onu da düşünməlidirlər ki, cəfəng məsələləri qaldırmaqla Ermənistana və erməni iqtidarına xeyir vermir, ancaq ziyan vururlar.

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət