ABŞ-ın Qafqaz siyasətində Azərbaycanın əvəzolunmaz mövqeyi
Cənubi Qafqaz regionu dünyanın aparıcı güc mərkəzlərinin maraq dairəsində mərkəzi mövqeyə yüksəlib. Vaşinqton administrasiyasının regiondakı strateji hədəfləri yenilənib, rəsmi Bakı ilə münasibətlər yüksək müttəfiqlik səviyyəsinə çatıb. Bakıda aprelin 15-də keçirilən görüşlər beynəlxalq nəqliyyat, həmçinin təhlükəsizlik sisteminin gələcəyini müəyyən edən mühüm addımlardandır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff, ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq ilə apardığı danışıqlar qlobal strateji proseslərin tərkib hissəsidir. Tərəflərin müzakirə etdiyi detallar ümumi beynəlxalq siyasətin yeni yol xəritəsini formalaşdırır. Zahirən ticarət platforması kimi təqdim edilsə də, toxunulan mövzular dərin siyasi, eləcə də geostrateji təhlükəsizlik vizyonunu nümayiş etdirir.
ARAYIŞ: Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlı işçi qrupunun yaradılması qərarı 2025-ci ilin avqustunda Vaşinqton görüşündə verildi, 10 fevral 2026-cı ildə Bakı şəhərində rəsmiləşdirilib. Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanaraq təsdiqlənib. Razılaşma regionda sülhün qorunmasını, Orta Dəhlizin inkişaf etdirilməsini, qlobal ticarət əlaqələrinin genişləndirilməsini, habelə siyasi, texnoloji, institusional ortaq fəaliyyəti təmin edən qlobal hüquqi aktdır. Xartiya iki dövlət arasında qlobal təhlükəsizlik mexanizmlərini müttəfiqlik formasına keçirən ali sənəd sayılır.
Vaşinqtonun Cənubi Qafqaz xəttindəki fəallığı təsadüfi xarakter daşımır. Qərb geosiyasəti üçün Şərq ilə Qərb arasındakı əlaqələndirici vasitənin tamamilə müstəqil əllərdə olması xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mütləq üstünlükləri diqqət mərkəzindədir. Bakı uzaqgörən xarici siyasət kursuna görə ən etibarlı tərəfdaş kimi qəbul olunur. Vaşinqton Azərbaycanın Avrasiya tranzit qovşağındakı tənzimləyici roluna güvənərək regionla bağlı uzunmüddətli planlarını tətbiq edir. ABŞ rəhbərliyi xüsusilə cərəyan edən sürətli transformasiyalar dönəmində Şərqi Avropa və Mərkəzi Asiya arealında daha praqmatik yanaşma sərgiləməyə başlayıb. Yeni geostrateji doktrina sırf nəqliyyat infrastrukturunun ələ alınması vasitəsilə regional rəqiblərin sıxışdırılmasına hesablanıb. Bütün tərəflərlə məsafəli, lakin qətiyyətli rəftar etmək bacarığı Vaşinqtonun planlarında respublikamızı əvəzedilməz ölkəyə çevirir. 15 aprel görüşündə müzakirə predmeti kimi seçilən prioritet sahələr arasında süni intellekt, rəqəmsallaşma, irimiqyaslı texnoloji layihələr xüsusi vurğulanıb. Süni intellekt yarışında qlobal inhisara can atan Amerika hökuməti regionda yüksək texnologiyalar məkanının formalaşmasını hədəfləyir. Texnoloji sıçrayışın həyata keçirilməsində Qərb şirkətlərinin iştirakı ölkəmizin daxili informasiya təhlükəsizliyinin qorunmasını şərtləndirəcək. Kibertəhlükəsizlik sahəsində atılan ortaq addımlar hibrid müharibə təhdidlərinin tam qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
Regional təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi dövrdə Qərbin siyasi iradə nümayiş etdirməsi beynəlxalq dövlətlərin planlarına təsir göstərir. Uzun illər davam edən sükut dövrü sona çatıb. Beynəlxalq təşkilatların mövcud passivliyi qarşısında Amerika diplomatiyası təşəbbüsü tamamilə ələ alaraq Qafqazda mütləq aktivliyə keçib. Məsələnin ən həssas nöqtəsi məhz ölkəmizin regionda yeganə müstəqil qərargah funksiyasını daşımasıdır. Cənub və Şimal qonşularımızın yürütdüyü fərqli imperialist xətlərə rəğmən rəsmi Bakı təmkinli manevrlərlə təhdidləri dəf etməyi bacarır. ABŞ hökuməti Bakının güclü iradəsini diqqətlə incələdikdən sonra məhz respublikamızla uzunmüddətli koalisiya qurmağa qərar verib. Dövlətimizin milli maraqları çərçivəsində formalaşan xarici siyasət kursu qlobal qüvvələrin bölgədə atacağı addımların əsas bələdçisinə çevrilib. Vaşinqtonla ikitərəfli təmaslar heç vaxt sadəcə iştirak naminə xarakteri daşımır, əksinə, daimi müdafiə kəmərinin inşasını nəzərdə tutur.
Danışıqların zirvə nöqtəsində duran digər təşəbbüs “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı altında təqdim edilən beynəlxalq tranzit layihəsidir. Zəngəzur dərəsindən keçəcək tarixi yol bütün qitənin hərəkət mexanizmini kökündən dəyişdirəcək. Vaşinqtonun ortaq vasitəçiliyi sayəsində əldə edilən təməl protokola əsasən qurulacaq yeni struktur materikin ən qabaqcıl keçid mərkəzi olacaq. Marşrut respublikamızın əsas hissəsini Naxçıvanla bağlamaqla yanaşı, Asiyanı Avropa ilə qovuşduracaq xüsusi dəhlizdir. Mərkəzi kəşfiyyat idarələrinin, qlobal institutların diqqətlə izlədiyi bəhs edilən marşrut ənənəvi güclərin inhisarçı qüdrətini tamamilə zərərsizləşdirir. TRIPP layihəsinin beynəlxalq sənədlərdə qəbul edilməsi illərlə aparılan sərt diplomatik savaşın məntiqi yekunudur. Keçmiş mərhələlərdə marşrutun çəkilişinə süni əngəllər yaratmağa cəhd edən, bölgəyə kənar silahlı qruplaşmalar yerləşdirməyə çalışan dövlətlər artıq prosesdən tamamilə kənarlaşdırılıb. Amerikalı nümayəndələrin paytaxtımızda apardıqları aktiv məsləhətləşmələr TRIPP konsepsiyasının fiziki və kiber təhlükəsizliyini təmin etməyi nəzərdə tutulur. Şərq və Qərbi birləşdirən coğrafi xətt tranzit ölkələrin suverenliyini qorumaq missiyasını icra edəcək.
Əsrlər boy müxtəlif dövlətlərin qarşıdurma zonası hesab edilən Qafqaz, nəhayət, qlobal sabitlik mərkəzinə çevrilir. Əvvəlki dövrlərdə rəsmi Moskva əlindəki hərbi-siyasi vasitələrdən istifadə edərək regionu sıxıntı içərisində saxlamağı bacarırdı. Eyni zamanda, Cənub istiqamətindən gələn dini-siyasi motivli müdaxilələr coğrafiyanın sərbəst nəfəs almasını mümkünsüz hala gətirirdi. Lakin paytaxtımızın qətiyyətli, zərgər dəqiqliyi ilə hesablanmış təhlükəsizlik siyasəti mövcud asılılıq zəncirlərini yox səviyyəsinə endirdi. Rəsmi Bakı əvvəlcə daxili problemlərini təməlli həll etdi, sonradan qlobal alyansların diqqətini cəlb edərək nizamlayıcı funksiya yerinə yetirdi.
Tarixi ardıcıllıqla yanaşdıqda bütün konseptual addımların təməlində innovativ idarəetmə protokolları durur. TRIPP xüsusi əhəmiyyətə malik strateji elementlərlə təchiz olunaraq yaradılıb. Layihənin coğrafi tərtibatı yalnız malların daşınmasını nəzərdə tutmur. O, eyni zamanda, fiber-optik magistralların, enerji transmissiya borularının şaxələndirilməsini, həmçinin fərqli miqyaslı informasiya inteqrasiyasını əhatə edir. Qitələrarası düyün məhz Zəngəzur ərazisində reallaşacaq. Vaşinqton mövcud prosesləri ali diplomatik intellektlə sürətləndirməyi bacarıb. Nəticədə, mütləq beynəlxalq hüquqa əsaslanan struktur ərsəyə gəlib.
Beynəlxalq arenada yeni nizam formalaşan anlarda kənar müqavimət hallarının peyda olması labüd görünür. Mütləq nəzərə alınmalıdır ki, irimiqyaslı layihələr bəzi mərkəzlərdə qorxu yaradır. Çünki mövcud inkişaf kənar ölkələrin məhdudlaşdırıcı manevrlərini darmadağın edir. Xarici kəşfiyyat idarələrinin təxribat fəaliyyətləri işləksiz mexanizmə dönüşür. Formalaşan reallıq daxilində Vaşinqtonla yaradılan rəsmi müttəfiqlik gələcək hər aqressiya təhlükəsini yaranmadan əvvəl zərərsizləşdirir. Azərbaycan praqmatik yanaşma ilə qitələrarası gücləri bir platformada toplayan əsas hərəkətverici qüvvədir. Müzakirələrin açıq müstəvilərdə, böyük nümayəndə heyətləri çərçivəsində cərəyan etməsi xəbərdarlıq səciyyəsi daşıyır ki, şəffaf şəkildə bütün məqsədlər irəliyə doğru addımlayır. Amerika rəsmiləri də bəhs edilən nizamı dəstəkləyərək ikitərəfli müzakirələrdə yüksək etimad nümayiş etdirirlər.
Yusif ŞƏRİFZADƏ
XQ

