Azərbaycan iqtisadiyyatında sərmayə diplomatiyası

post-img

Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı Eldəniz Əmirovun müəllifi olduğu “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası: iqtisadi diplomatiya və sərmayə siyasətinə dair analitik baxış” adlı kitabın təqdimatı keçirildi. Mərasimdə elmi ictimaiyyətin, dövlət qurumlarının nümayəndələri, iqtisadçı ekspertlər və tələbələr iştirak edirdilər.

Müəllif Eldəniz Əmirov çıxışında kitabın ərsəyə gəlmə prosesindən bəhs edərək bildirdi ki, tədqiqatın əsas məqsədi Azərbaycanın investisiya cəlbetmə qabiliyyətini kompleks şəkildə araşdırmaq, iqtisadi diplomatiyanın bu sahədə rolunu müəyyənləşdirmək və sərmayə siyasətinin daha effektiv modellərini ortaya qoymaqdan ibarətdir. Onun sözlərinə görə, qlobal iqtisadi çağırışların artdığı bir dövrdə ölkələrin rəqabət üstünlüyü məhz investisiyaları nə dərəcədə səmərəli “udmaq” qabiliyyətindən asılıdır.

Tədbirdə çıxış edən UNEC-in rektoru Ədalət Muradov kitabın əhəmiyyətinə toxunaraq qeyd etdi ki, birinci rübün iqtisadi yekunlarının açıqlandığı bir dövrdə belə bir əsərin işıq üzü görməsi xüsusi aktuallıq kəsb edir. Onun sözlərinə görə, bu cür tədqiqatlar ölkənin iqtisadi siyasətinin daha dərindən anlaşılmasına və yeni yanaşmaların formalaşmasına mühüm töhfə verir.

Digər tərəfdən, iqtisadi göstəricilərin mövcud vəziyyətinə diqqət çəkərək vurğulandı ki, ümumi daxili məhsulun artım dinamikası arzuolunan səviyyədə deyil. Yeni ildə dövlət büdcəsi xərclərinin gözlənilən səviyyədə artırıla bilməməsi ÜDM-də zəifləməyə təsir edən əsas amillərdən biri kimi çıxış edir. Müəllifin fikrincə, bu kimi mənfi tendensiyaların aradan qaldırılması üçün ən effektiv istiqamətlərdən biri investisiyaların cəlb olunmasının genişləndirilməsidir.

Ümumiyyətlə, kitabda Azərbaycanın iqtisadi potensialı, investisiya qəbulu imkanları və bu sahədə mövcud çağırışlar geniş şəkildə təhlil edilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə “güzəştlər vadisi” konsepsiyası çərçivəsində investisiya mühitinin formalaşdırılması ilə bağlı maraqlı yanaşmalar da əsərdə öz əksini tapıb.

Tədbir çərçivəsində çıxış edən digər iştirakçılar da kitabın elmi-praktik əhəmiyyətini vurğulayaraq, onun iqtisadi siyasətin formalaşdırılmasında və qərarvermə prosesində faydalı mənbə olacağını bildirdilər.

Sonda müəllif tərəfindən iştirakçıların sualları cavablandırıldı, məclis iqtisadi müzakirələr və fikir mübadiləsi ilə yadda qaldı.

N.ABDALOV,
R.İBRAHİMOV (foto)
XQ



İqtisadiyyat