Qaz hasilatı da, nəqli də artıb

post-img

Cari ilin yanvar–mart aylarında Azərbaycanda 12 milyard 507 milyon kubmetr təbii qaz hasil olunub. Hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon kubmetr və ya 0,4 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ümumi hasilatın 9 milyard 858 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon kubmetr və ya 0,7 faiz çoxdur. Hesabat dövründə hasilat sənayesində istehsal olunan məhsulun ümumi dəyəri 8,7 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Komitənin məlumatına əsasən, ilin ilk rübündə Azərbaycanın magistral kəmərləri ilə 11 milyrad 125,1 milyon kubmetr qaz nəql edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artım deməkdir. Qaz nəqlinin 50,8 faizi Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) payına düşüb. Sözügedən boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Hesabat dövründə bu kəmərlə 5 milyard 653,4 milyon kubmetr qaz ötürülüb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Xatırladaq ki, ötən il ölkənin magistral qaz kəmərləri ilə 40 milyard 235,6 milyon kubmetr qaz nəql edilib. Qaz nəqlinin 57,5 faizi Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə həyata keçirilib. Belə ki, il ərzində bu kəmərlə ötürülən qazın həcmi 23 milyard 143,9 milyon kubmetr təşkil edib.

XQ

İqtisadiyyat