Hakim komanda ilə müxalifətin söz savaşı səngimir
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca iqtidar və “birləşmiş müxalifət” arasındakı siyasi qarşıdurma daha da kəskin xarakter alır. Tərəflər arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar artıq adi hala çevrilib. Bu isə onu göstərir ki, seçkilərə doğru gedən müddətdə Paşinyan hökuməti ilə müxalifət qüvvələri arasında söz davası daha da sərtləşəcək.
Müxalifət blokları hökuməti həm daxili idarəetmədə uğursuzluqda, həm də xarici siyasətdə milli maraqlara zidd addımlar atmaqda ittiham edirlər. Onlar iddia edirlər ki, Paşinyan komandası ölkəni siyasi və iqtisadi böhrandan çıxara bilmir, əksinə, dövlətçiliyi zəiflədir. Öz növbəsində, hakimiyyət nümayəndələri müxalifəti revanşist mövqelərdə dayanmaqda, cəmiyyətdə nifaq yaratmaqda və Ermənistanı keçmişin köhnəlmiş siyasi üsullarına qaytarmaq istəməkdə günahlandırır. Parlament seçkilərində qələbə qazanmasına az ümid bəslənilən müxalif qüvvələr iqtidarı devirmək üçün digər yollara əl atmağı düşünür. Bunun isə mümkün ola biləcəyini yalnız zaman göstərəcək.
Müxalifətin əsas fiqurlarından biri hesab edilən sabiq prezident Serj Sarkisyan bu yaxınlarda belə bir açıqlama verib ki, Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəm olub və bu gün də var. Onun sözlərinə görə, buna nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə etimadsızlıq bildirməkdir, yəni impiçmentdir. “Parlament təkcə danışmaq yox, həm də dinləmək yeridir. Qulağı olan dinləyəcək”, - o qeyd edib. Sarkisyan Paşinyanı aradan götürməyin digər yollarına da toxunaraq Nepalda kütləvi nümayişlər zamanı etirazçılar tərəfindən hökumət üzvlərinin öldürülməsinə diqqət çəkib. Sarkisyan çıxışında Paşinyanı aradan götürməyin iki yolunu qeyd edib: Nepal nümunəsi – zorakılıq və qətllər, Fransa nümunəsi – parlament vasitəsilə impiçment. “İndi biz xalqımıza nə təklif edə bilərik?”, – deyə sual edib.
Bu kontekstdə Sarkisyanın açıq şəkildə Nepal hadisələrinə istinadı, cəmiyyətdə gərginliyi artıran və radikallaşmanı təşviq edən təhlükəli ritorika kimi qiymətləndirilə bilər. Açıqlamadan da göründüyü kimi, müxalifət hər vasitə ilə hakimiyyəti dəyişməkdə qərarlıdır. Hətta bunun üçün “Nepal yolunu” belə misal göstərir. Beləliklə, onun məqsədi həm Paşinyan üzərində psixoloji təzyiq yaratmaq, həm də müxalifət tərəfdarlarını küçə etirazlarına hazırlamaqdır. Qeyd edək ki, keçmiş establişmentin bu cür çağırışlarına qarşı Nikol Paşinyan və onun komandası da səssiz qalmır. Baş nazirin aparat rəhbəri Araik Arutyunyan Serj Sarkisyanın fikirlərinə cavab olaraq mediaya müsahibəsində deyib: “Serj Sarkisyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün iki yol göstərirdi: impiçment və Nepal nümunəsi. Halbuki, o, əslində minnətdar olmalıydı ki, 2018-ci il inqilabı zamanı və ondan sonrakı dövrdə baş nazir Paşinyan və inqilab iştirakçıları bir an belə dinc və qeyri-zorakı prinsiplərdən kənara çıxmadılar. Amma təəccüblü deyil, çünki həm Serj Sarkisyan, həm də onun “mənəvi müəllimləri” – Robert Köçəryan və Levon Ter-Petrosyan illərlə sübut ediblər ki, onların əsas silahı zorakılıq olub”.
O bildirib ki, 1996-cı ildə seçkiləri saxtalaşdırıb qoşunları küçələrə çıxardılar, 1999-cu il 27 oktyabrda parlamentdə qətliam oldu, 2003–2015-ci illərdə isə zorakılıqlar davam etdi. Onun sözlərinə görə, sifarişli qətllər həm Ermənistanda, həm də xaricdə həyata keçirildi. “Bir sözlə, daimi “Nepal” rejimi qurmuşdular. 2018-ci ildə xalq bu rejimdən azad oldu, amma həmin qüvvələr o dövr üçün darıxırlar. Əvvəllər bir stəkan konyak və kabab arxasında adamların taleyinə qərar verirdilər; hətta “Salam, Rob” demək ölüm hökmü ilə nəticələnə bilərdi. Yaxşı ki, indi başa düşüblər – seçkilərlə onların heç bir şansı yoxdur”, - deyə erməni rəsmisi qeyd edib.
Araik Arutyunyanın bu çıxışı müxalifətin ritorikasına cavab olmaqla yanaşı, həm də Ermənistanın siyasi tarixinə qısa ekskursdur. “Nepal rejimi” ifadəsi keçmiş hakimiyyətin uzun illər cinayət, zorakılıq, saxtalaşdırılmış seçkilərlə hakimiyyətini qoruduğunu göstərir. Bundan əlavə, Araikin sözləri həm də seçki öncəsi siyasi mesaj xarakteri daşıyır. İctimaiyyətə göstərilir ki, keçmiş establişmentin vasitələri məhduddur, onların siyasətdə təsiri əhəmiyyətli dərəcədə zəifləyib. Ekspertlər hesab edirlər ki, Nepal hadisələrinin Ermənistanda təkrarlanması ehtimalı aşağıdır. Ölkə həm beynəlxalq, həm də daxili şərait baxımından belə zorakılıq ssenarisini həyata keçirə biləcək imkanlardan məhrumdur. Ermənistanda küçə etirazları artsa da, onların dövlət çevrilişi səviyyəsinə yüksəlməsi çətin görünür. Sarkisyanın açıqlamaları isə daha çox öz siyasi mövqeyini gündəmdə saxlamaq məqsədini güdür.
Yeganə HACIYEVA,
politoloq
Serj Sarkisyanın “Nepal nümunəsi – zorakılıq və qətllər, Fransa nümunəsi – parlament vasitəsilə impiçment” sözləri Ermənistan siyasi mühitində ciddi rezonans doğurur. Bu ritorika cəmiyyətə hakimiyyət dəyişikliyinin yalnız kəskin və zorakı yollarla mümkünlüyü barədə mesaj ötürür ki, bu da ictimai rəyin radikallaşmasına və siyasi proseslərə inamsızlığın artmasına səbəb ola bilər. Baş nazirin aparatının cavabı isə keçmiş prezidentləri ittiham edərək, onların dövrünü “Nepal rejimi” adlandırır və 2018-ci ildə xalqın bu rejimdən qurtulduğunu vurğulayır. Belə qarşılıqlı ittihamlar, əslində, hakimiyyətlə müxalifət arasında dialoq imkanlarını daraldır, siyasi qütbləşməni dərinləşdirir. Hakimiyyətin keçmişi ittiham etməsi ilə müxalifətin radikal çıxışları bir-birini qidalandırır və kompromis ehtimalını azaldır. Bu isə ictimai rəyin daha çox emosional, qütbləşmiş yanaşmalar əsasında formalaşmasına gətirib çıxarır. Nəticədə, ölkədə sabit siyasi müzakirə mühitinin yaradılması çətinləşir, müxalifət-hakimiyyət münasibətləri isə daha çox qarşıdurma üzərində qurulur.
Musa BAĞIRLI
XQ