Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşü Türk dünyasının sülh fəlsəfəsinin siyasi manifestinə çevrildi. Zirvədəki çıxışların ümumi ruhunda bir məxrəc vardı: sülh və ədalət üzərində qurulmuş yeni regional nizam.
Son aylar ABŞ Konqresində Azərbaycana qarşı irəli sürülən qətnamə təşəbbüsləri və ümumilikdə xaricdən gələn siyasi təzyiqlər regiondakı sülh gündəliyinə təhdid kimi görünə bilərdi. Təəccüblü deyil ki, belə cəhdlər əks reaksiyaya–TDT-də daha sıx həmrəyliyə səbəb oldu. Niyə? Analitik cavabı üç mexanizm vasitəsilə izah etmək mümkündür.
Birincisi, xarici aktorlardan gələn təzyiq millətçi və təhlükəsizlik narahatlıqlarını stimullaşdırır; liderlər bundan istifadə edərək daxili konsolidasiya üçün siyasi kapital qazanır. Zirvə görüşündə səslənən etiraflar Bakı ətrafında yaranan təqdir hissini gücləndirir, TDT daxilində Azərbaycanın ideya liderliyini möhkəmləndirir.
İkinci mexanizm isə ortaq maraqların instrumentalizasiyasıdır. Xarici qərar və təşəbbüslər üzvləri üzvi maraqlarını yenidən qiymətləndirməyə məcbur edir. Türkiyə, Qazaxıstan və digər üzvlər üçün regionda sabitliyin iqtisadi və təhlükəsizlik dividendləri aydın olduğundan sülh gündəliyi artan prioritet qazanır. Üçüncü mexanizm isə institusional çevikliyin yaranmasıdır. Xarici təzyiq qarşısında ölkələr formal ittifaqlara deyil, sürətli və praqmatik koalisiya mexanizmlərinə üz tuturlar. TDT sammitlərinin tez-tez Azərbaycanda keçirilməsi, Qəbələnin seçilməsi və liderlərin ortaq bəyanatları göstərir ki, platforma artıq “reaksiya qurumu”na çevrilib.
Prezident İlham Əliyev çıxışında vurğuladı: “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək”. Dövlət başçımız göstərdi ki, artıq sülh Azərbaycan üçün geosiyasi mexanizmdir, yəni sabitliyin idarə forması, nizamın qorunma üsuludur. Prezidentin fikirləri Cənubi Qafqazda uzun illər davam edən “status-kvo diplomatiyası”na qarşı ən ciddi cavab idi. İlham Əliyev mesaj verdi ki, sülh prosesi beynəlxalq hüquq və regional realizmin sintezidir. ABŞ Konqresində Azərbaycana qarşı səsləndirilən qərəzli qətnamə təşəbbüslərinə, regionda balansı pozmaq istəyən qüvvələrə baxmayaraq, Bakı sülh gündəliyini geridönməz proses kimi təqdim edir.
Amma daha önəmlisi, bu gündəlik təkbaşına təşəbbüs kimi qalmadı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu açıq şəkildə etiraf etdi: “Heç bir mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız Birgə Bəyannamə məhz Sizin siyasi iradəniz sayəsində mümkün olmuşdur və bu, türk dövlətlərinin birgə nailiyyətidir”. Özbəskistan Prezidentinin etirafı təsadüfi deyildi. Əslində, bu etiraf Türk dünyasının diplomatik xəritəsində Azərbaycanın lider rolunun təsdiqidir.
Qeyd etməliyik ki, Mirziyoyevin sözlərində dərin məna var: Cənubi Qafqazda sülh artıq ikitərəfli deyil, kollektiv siyasi akt kimi qəbul olunur. Yəni Ermənistanla Azərbaycan arasında imzalanan saziş yalnız regional sabitliyi təmin etmir. O, TDT- nin siyasi identikliyinin bərpası kimi çıxış edir. Bütün bunlar həm də beynəlxalq münasibətlərdə yeni paradiqmanın yaranması deməkdir. Əgər Qərb institusiyaları on illərlə Qafqazda vasitəçi rolunda çıxış edib, amma nəticə əldə edə bilməyiblərsə, indi TDT bu rolu effektiv şəkildə öz üzərinə götürür. İlham Əliyevin sülhə dair ritorikası məhz bu dönüşü simvolizə edir: Qafqazda sabitlik artıq Qərb diplomatiyasının deyil, Türk diplomatik iradəsinin məhsuludur.
Prezident Rəcəb Tayyib Ərdoğan Qəbələdə bunu açıq şəkildə ifadə etdi: “Azərbaycan ilə Ermənistan arasında avqustun 8-də imzalanan Birgə Bəyannaməni bu baxımdan xeyirli addım olaraq görür, davamının gəlməsini arzulayırıq”. Onun sözləri Ankaranın diplomatik xəttinin Bakı ilə tam sinxronlaşmasının açıq təsdiqidir. Ərdoğan mesaj verdi ki, türk dövlətləri sülhü artıq beynəlxalq layihə kimi deyil, regional mexanizm kimi qəbul edirlər. Yəni Qafqazda sabitliyin qorunması təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Türk dünyasının strateji təhlükəsizlik arxitekturasına daxildir.
Məsələ burasındadır ki, bütün bu fikirlər həm də “türk təhlükəsizlik konsepsiyası”nın yeni mərhələsinə keçid deməkdir. Əvvəllər TDT çərçivəsində əməkdaşlıq daha çox iqtisadi və mədəni səviyyədə qurulurdusa, Qəbələ Zirvəsindən sonra artıq sülhün və sabitliyin institusional təminatı müstəvisinə keçir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı da bu məntiqi tamamladı: “Bu il davam edən münaqişənin həllində mühüm tarixi addımdır... Mövcud geosiyasi vəziyyətin fonunda türk dövlətləri arasındakı birlik çox vacibdir”. Tokayevin “tarixi addım” ifadəsi, əslində, Qəbələ Zirvəsinin mahiyyətini bir cümlədə açır: burada sadəcə sülh sazişinin təbriki yox, postmünaqişə dövrünün idarəetmə modeli formalaşır. Modelin mərkəzində isə Azərbaycan dayanır. Çünki İlham Əliyevin liderliyi ilə regionda yaranan yeni siyasi reallıq, türk dövlətlərinin vahid təhlükəsizlik fəlsəfəsini formalaşdırmağa imkan yaradıb.
Qırğızıstan Prezidenti Sadır Japarovun sözləri isə bu reallığın mənəvi ölçüsünü ortaya qoydu: “Bu, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsini göstərir və bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və etimad qurulacaq”. Burada artıq fərdi təşəbbüsdən deyil, kollektiv siyasi iradədən danışılır. Japarovun vurğuladığı “etimad” məfhumu TDT-nin gələcək xarakterini müəyyən edən əsas prinsipə çevrilir. Çünki bu etimadın arxasında 44 günlük müharibənin nəticələri, Qarabağda bərpa olunan ədalət və Qəbələdən səslənən sabitlik ideyası dayanır. Bütün bu çıxışlar bir daha göstərdi ki, Qəbələ Zirvəsi sülhün yekun mərhələsi deyil, onun regional institusionallaşma prosesidir. Yəni artıq sülh sənədi yox, sülh siyasəti fəaliyyətə keçib. Bəs bu siyasətin əsas gücü nədədir? O, hərbi gücə deyil, siyasi iradə, iqtisadi qarşılıqlı asılılıq və ortaq tarixi yaddaşa söykənir. Məhz buna görə də Qəbələdən yayılan mesaj – Türk dünyasının gələcək geosiyasi konsepsiyasının manifestidir.
Bəs bu həmrəylik hansı nəticəni doğura bilər? Türk dünyası artıq regional sabitlik üçün alternativ beynəlxalq mexanizmə çevrilir. Burada əsas ideya müstəqil və özünütənzimləyən təhlükəsizlik modelinin formalaşdırılmasıdır və bu modeldə Azərbaycan mərkəzi rol oynayır – həm siyasi iradə, həm diplomatik nüfuz, həm də iqtisadi potensial baxımından. Qəbələdə səslənən çıxışlarda bu reallıq artıq fakt kimi qəbul olunur. Prezident İlham Əliyevin sülh gündəliyi, Ərdoğanın dəstəyi, Tokayevin və Mirziyoyevin vurğuladığı “tarixi addım” ifadələri, Japarovun etimad çağırışı – bunlar hamısı bir ideyanı möhkəmləndirir: TDT tədricən post-Qərb dünyanın regional təhlükəsizlik strukturuna çevrilir. Əgər bu xətt davamlı şəkildə qorunarsa, TDT yaxın illərdə təkcə iqtisadi və mədəni platforma deyil, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan sülh arxitekturasının institusional dayağına çevriləcək. Bununla da beynəlxalq arenada yeni güc mərkəzinin formalaşması–milli maraqlara söykənən, kollektiv məsuliyyət daşıyan sistemin yaranması gerçəkləşəcək.
Son olaraq qeyd edək ki, Qəbələ Zirvəsi Türk dünyasının yeni siyasi koordinatlarının başlanğıcıdır. Qəbələdən başlayan bu prosesin gələcək nəticəsi artıq sual deyil, yeni reallığın başlanğıcıdır. Türk dünyası “sülh estafetini” qəbul etdi və indi onu tarixə çevirmək mərhələsinə qədəm qoyur.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru