Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 8-də Milli Məclisə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub. Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.
Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Qordan Yandrokoviç Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.
***
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
S.Qafarova Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyib. O qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Görüşdə iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlər arasında əməkdaşlığın da əhəmiyyəti vurğulanaraq, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərdiyi, nümayəndə heyətlərinin qarşılıqlı olaraq parlamentlərimizin təşkil etdiyi tədbirlərdə, bir sıra beynəlxalq parlament təşkilatlarının işində birgə iştirak etdikləri qeyd olunub. Sahibə Qafarova parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar olduğunu bildirib.
Xorvatiya ilə Azərbaycanın intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaş və dost ölkələr olduğunu bildirən Qordan Yandrokoviç deyib ki, ölkəsi Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır.
O qeyd edib ki, Xorvatiya Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi istiqamətində indiyədək əldə olunmuş irəliləyişi qətiyyətlə dəstəkləyir.
Xorvatiya parlamentinin sədri qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istədiklərini qeyd edərək, bu səfəri Xorvatiya parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olmasının təsdiqi kimi dəyərləndirib. Parlament sədri bu istiqamətdə atıla biləcək addımlar barədə fikirlərini ifadə edib.