Azərbaycan xalqı tarix boyu ədalətin, insanlığın və haqqın tərəfdarı olub. Biz məmləkətimizi yalnız qorumaq üçün vuruşmuşuq, heç vaxt özgənin payına göz dikməmişik və savaşımız işğal üçün deyil, var olmaq, azad yaşamaq üçün olub. Bu baxımdan azadlıq bizim üçün sadəcə ifadə olunan söz deyil, xalqımızın qan yaddaşı, müqəddəs şəhidlərimizin ruhunda əbədi yaşayan amaldır. Yaddaşımızın, qürumuzun bəlli ünvan olan Şəhidlər xiyabanı təkcə məzar daşları ilə dolu bir sahə deyil, azadlığımızın, milli yaddaşının rəmzi, and və qürur yeridir. Həmin xiyabanda yatan hər qəhrəman bizə bir həqiqəti xatırladır, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Lakin əsrlər boyu bölünən, parçalanan, başqalarına hədiyyə edilən, bir qismi üzərində dövlət qurduğumuz torpaqlarımızdan bir qarış belə kimsəyə güzəşt olunmayacaq.
Biz tankların, topların qarşısına əliyalın çıxan xalqın övladlarıyıq. Bizim üçün Vətən anlayışı təkcə xəritədəki məkan deyil, milli kimlikdir, azadlıq eşqidir. Vətən uğrunda can vermək bizim üçün fədakarlıq yox, şərəf məsələsidir.
Tariximiz qürurla, qəhrəmanlıqla doludur, amma 8 Noyabr Zəfəri şərəfli tariximizin zirvəsidir. 8 Noyabrda biz təkcə torpaqlarımıza sahib çıxmadıq, həm də işğal altındakı ruhumuzu azad etdik. Biz bu qalibiyyəti ona görə qazandıq ki, Azərbaycan tam heyəti ilə Baş Sərkərdənin rəhbərliyi altında döyüşürdü. Qarşımızda xalqın inandığı, son ümid yeri olan İlham Əliyev təkcə savaş meydanında yox, diplomatiya masasında, informasiya cəbhəsində də yenilməz döyüşçü və qələbənin simvolu kimi öndə idi. Prezident İlham Əliyev ikili oyunlara, kağız üzərində mövcud olan “həqiqətlərə” əsaslanan çoxqütblü dünya ilə mübarizədən qələbə ilə çıxaraq 2 əsrlik tariximizdə nadir bir ilkə imza atdı və ölkəmizin düşmənlərini heyrətə gətirdi. Ölkə başçısı nankor işğalçı ölkəni sadəcə məğlub etmədi, onu rəzil bir təslimçilik aktına imza atmağa məcbur etdi. Tariximizdə belə qürurlu və cəsarətli nümunə yalnız İlham Əliyevin rəhbərliyi altında mümkün oldu.
Beləliklə, bir əsrdən çox bölgəni qan gölünə çevirən terror və separatizm meylləri məhv edildi, Azərbaycan isə böyük zəfərini qazandı. Bu qalibiyyət təkcə torpaqlarımızın azad olunması deyil, həm də xalqın iradəsinin, dövlətimizin möhkəmliyinin dünyaya nümayişi oldu. Qarabağ zəfəri regionda yeni nizamın, sabitliyin və ədalətin təməlini qoydu.
Azərbaycan zəfərini alın təri ilə qazandı. Hər azad edilmiş torpaq, hər dalğalanan üçrəngli bayraq, hər şəhid məzarlığı bu qələbənin sözsüz şahididir. Ata ilə oğul, iki qardaş eyni səngərdə, eyni iradə ilə vuruşurdu və heç kəs onları dayandıra bilmirdi. Çünki bu müharibə yalnız torpaqlarımız üçün deyil, həm də milli şərəfimiz üçün aparılırdı. Azərbaycan bir daha sübut etdi ki, xalq gücü qarşısında heç bir qüvvə dayana bilməz. Qarabağın işğalda olması həm dövlətimiz, həm də xalqımız üçün qırmızı cizgi idi. Şərəf müharibəsinin qalibi isə torpaqlarını, tarixini və şərəfini qoruyan Ali Baş Komandan və xalqımız oldu.
8 Noyabr xalqımız üçün sadəcə bir tarix deyil, azadlığın simvolu, qələbənin adı, bu günün və gələcəyin heç vaxt unudulmayacaq bayramıdır. Bayrağımız dalğalandıqca, millətimizin səsi ucaldıqca, bu tarix Azərbaycanın müstəqillik salnaməsində əbədi yaşayacaq. 8 Noyabr Zəfəri xalqımızın ağrılarına, acılarına məlhəm oldu, gözlərimizə nur, ürəklərimizə sevinc, millətimizə qələbə müjdəsi gətirdi. Döyüş yolundan Zəfər yoluna qədər şərəfli bir tarix yazan xalqımız bu əziz günü hər zaman qürur və iftixarla qeyd edəcək. Bu günü xalqımızın taleyinə Zəfər yazan igidlər, canı və qanı ilə torpağa azadlıq bəxş edən qəhrəman övladlarımız həmişəlik tariximizin və yaddaşımızın işıqlı səhifəsində yaşayacaqlar.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı


