Kor məğlubların revanş xülyası

post-img

Uzun müddətdir ki, Ermənistanda daxili siyasi gündəmin əsas mövzularından biri hazırkı hakimiyyətlə keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan arasında yaşanan qarşıdurmadır. Sabiqlər Paşinyanı ölkənin bugünkü vəziyyətinin, ələlxüsus Qarabağın, onların təbirincə desək, itirilməsinin baiskarı olmaqda ittiham edirlər. Paşinyan isə bir ittihamı belə cavabsız buraxmır, sələflərini israrla canlı efirdə debata çağırır. Məlumdur ki, üç “eks”in heç biri indiyədək baş nazirin debat təklifinə “hə” demək üçün özündə cəsarət tapmayıb.

Yaşanan qarşıdurma digər sahələrə də aiddir. Keçmiş prezidentlər Paşinyanı dövlət institutlarını zəiflətməkdə, siyasi sabitliyi sarsıtmaqda, ölkənin təhlükəsizlik arxitekturasını sıradan çıxarmaqda təqsirləndirirlər. Baş nazir və onun komandası keçmişin qalığı hesab etdiyi dairələri yeniləşmə prosesinə mane olmaqda suçlayır. Beləliklə, baş verənlər təkcə siyasi fikir ayrılığı kimi deyil, həm də keçmiş və indiki idarəçilik modellərinin toqquşması kimi dəyərləndirilir. Cəmiyyətin müxtəlif təbəqələrində bu qarşıdurmaya münasibət fərqlidir, lakin ümumi narahatlıq ondan ibarətdir ki, gərginlik ölkənin siyasi gələcəyinə mənfi təsir göstərə bilər. Müşahidəçilər hesab edirlər ki, tərəflər arasındakı dərin etimadsızlıq şəraiti dialoqu mümkünsüz edir. Belə bir mühitdə Ermənistanın daxili sabitliyi hər zamankından daha kövrək görünür.

Məlumdur ki, S.Sarkisyan İkinci Qarabağ müharibəsinin başa çatdığı günlərdə “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyana müsahibə verib və onu Ermənistan mediası geniş işıqlandırıb. Müsahibə bir neçə gün öncə “YouTube” üzərindən yayımlanıb və əsas mövzular həm daxili siyasət, həm də Qarabağla bağlı olub. Sarkisyan bildirib ki, Paşinyan hakimiyyəti Qarabağı itirmək prosesini bilərəkdən sürətləndirib və bununla Ermənistanın təhlükəsizlik sistemini dağıdıb. O, həmçinin deyib ki, 2018-ci ildə hakimiyyətdən getməsi xalqa qarşı yox, dövlətin sabitliyini qorumaq üçün atılmış addım idi. Keçmiş prezident iddia edib ki, Paşinyan hökuməti 2020-ci il müharibəsi ərəfəsində təxribatçı ritorika ilə vəziyyəti gərginləşdirib, halbuki əvvəlki iqtidarlar balans siyasəti yürüdürdülər.

Sarkisyan podkastda 2020-ci il müharibəsinin qaçılmaz, lakin onun nəticəsinin 2018-ci ilə qədər gözlənilməz olduğunu bəyan edib. O, məğlubiyyətin üç səbəbini göstərib: danışıqlardan imtina, yeni hakimiyyətin Azərbaycana güc tətbiqinə haqq qazandırmağa imkan verən hərəkətləri və ordunun döyüş effektivliyinin azalması. Sabiq prezident onu da bildirib ki, 2019-cu ildə ATƏT-in Minsk qrupunun yeni sənədi barədə məlumatı var, onun mövcudluğu sonradan Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib. O, hazırkı hakimiyyətin keçmiş prezidentlərə qarşı kampaniya apardığını, bunun məqsədinin xalqın diqqətini real problemlərdən yayındırmaq olduğunu söyləyib. Qarabağla bağlı sualı cavablandırarkən Sarkisyan “əgər biz hakimiyyətdə qalardıqsa, belə nəticə olmazdı” deyərək, məsuliyyətin tam şəkildə Paşinyanın üzərində olduğunu vurğulayıb. Müsahibənin bir hissəsində o, R.Koçaryan və Levon Ter-Petrosyanla münasibətlərinə də toxunaraq, “bu gün fərqli siyasi baxışlarımız olsa da, dövlət maraqları uğrunda bir mövqedəyik” ifadəsini işlədib.

* * *

Sarkisyanın son bəyanatları cəmiyyətdə müxtəlif reaksiyalar doğurub və siyasi mühitdə yeni müzakirələrə səbəb olub. Hakimiyyət düşərgəsi bu çıxışları keçmiş sistemin özünü yenidən gündəmə gətirmə cəhdi kimi qiymətləndirib. Baş nazir N.Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Sarkisyanın açıqlamalarını tənqid edib. O vurğulayıb ki, keçmiş prezidentin bəyanatları siyasi təhlil sayıla bilməz: “Bunlar 2018–2020-ci illərdə silah həcmi, ordu islahatları və müdafiənin modernləşdirilməsi prosesləri də daxil olmaqla, artıq dəfələrlə təkzib edilmiş köhnə tezislərin təkrarıdır. Bəli, 30 illik fərqi iki il yarımda aradan qaldırmaq mümkün deyildi. Amma Sarkisyan düşünmək əvəzinə yenidən dövlət və ordu haqqında danışmağa çalışır, özünün çoxdankı fəaliyyətsizliyinin nəticələrini etiraf etmək əvəzinə başqalarının üzərinə kölgə salmağa çalışır”.

Baş nazir Paşinyan isə Serjin açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib: “SS (Paşinyan Serj Sarkisyanı belə təqdim edib–S.Həmid) yenidən danışıqlar sənədlərindən söhbət açıb”. Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəm”. Baş nazir S.Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb: “Sənin bir məktubunu da dərc edəcəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib–müəll.) də xəbər edərsən”.

Paşinyan daha sonra bildirib: “44 günlük müharibənin qarşısını almaq üçün nə tələb olunurdu? Bunun üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim təsəvvür etdiyimiz legitimliyi beynəlxalq səviyyədə tanınan legitimliklə uzlaşdırmaq lazım idi. Ola bilər ki, nəzəri cəhətdən baxsaq, baxışlarımızı uyğunlaşdırmaq mümkün idi, amma praktiki olaraq bu, mümkün deyildi. Çünki ilk addım olaraq biz Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməli idik, başqa variant yox idi. Əgər düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, onda mənim səhvim idi ki, bunu etməmişəm”.

Noyabrın 12-də Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri açıqlamaq məsələsinə bir daha qayıdıb və sənədləri niyə ilin sonuna qədər dərc etmək qərarının səbəbini açıqlayıb. O bildirib ki, bu, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. “Proses başa çatdıqdan sonra biz bu sənədləri dərc edə biləcəyik, o zaman həmin sənədlərin dərc olunması üçün mənəvi və siyasi maneə aradan qalxacaq”, – deyə Paşinyan keçirdiyi brifinqdə deyib.

Keçmiş prezident S.Sarkisyanın başqa dövlətin liderinə məktubuna gəlincə, Paşinyan onu dərc etmək niyyətini bir daha təsdiqləyib. O, vaxtı açıqlamasa da, əlavə edib ki, hazırda sənədin məxfiliyi ləğv edilir.

* * *

Xocalı cəlladının verdiyi müsahibə və onun ətrafında yaranan rezonans ölkədə dərinləşən daxili qarşıdurmanın növbəti təzahürü kimi qiymətləndirilə bilər. Sarkisyanın çıxışında həm keçmişin müdafiəsi, həm də indiki hakimiyyətə yönəlmiş sərt ittihamlar aydın şəkildə hiss olunur. O, Qarabağın itirilməsini tam şəkildə Paşinyan hökumətinin üzərinə qoymaqla, 2018-ci ildən əvvəl formalaşmış səhvlərin məsuliyyətindən yayınmağa çalışır. Halbuki Ermənistanın hərbi və diplomatik zəifliyinin, eləcə də illərlə davam edən korrupsiya və monopoliyalar sisteminin təməli məhz Koçaryan–Sarkisyan iqtidarları və onun komandalarının dövründə qoyulmuşdu.

Keçmiş prezidentin “biz hakimiyyətdə olsaydıq, belə nəticə olmazdı” deməsi, əslində, siyasi nostaljinin və populist özünə haqq qazandırmanın ifadəsidir. 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın aciz vəziyyəti və ordunun texniki, mənəvi hazırlıqsızlığı göstərmişdi ki, müharibə qaçılmaz olacağı təqdirdə bu ölkənin hərbi-siyasi sistemi belə bir sınağa hazır deyil.

Paşinyan hökumətinin keçmiş prezidentlərə qarşı ritorikası bəzən emosional olsa da, onun iradəsində reallıq payı var. 30 ilə yaxın dövrdə Ermənistanı idarə edən eyni siyasi elita ölkəni demokratik və iqtisadi baxımdan iflic vəziyyətə salmış, xarici siyasəti isə Moskvanın diktəsi altına tam tabe etmişdi. Bu mənada Sarkisyanın bu gün “dövlətin təhlükəsizlik sisteminin dağıdılması” barədə dedikləri öz fəaliyyətinə qarşı yönəlmiş etiraf təsiri bağışlayır.

Paşinyanın cavabı da təsadüfi deyil. O, keçmiş danışıqlar sənədlərinin dərcinə dair verdiyi bəyanatlarla ictimai rəyin diqqətini şəffaflığa yönəltmək istəyir. Çünki 2018-ci ildən öncə aparılan danışıqların detalları açıldıqca, Ermənistan cəmiyyətində Qarabağ məsələsində əslində kimin məsuliyyətsiz davranış sərgilədiyi daha aydın görünəcək. Paşinyanın Sarkisyan, Koçaryan və Ter-Petrosyana ironik abbreviaturalarla müraciəti də bu mübarizənin simvolik tərəfidir. Bu, köhnə siyasi elitanın “keçmişin kölgəsi” kimi qalmasına eyhamdır.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Sarkisyanın son çıxışı onun ictimai müstəviyə qayıtmaq cəhdidir. Lakin onun sözlərinə görə, bu qayıdış nə yeni ideyalarla, nə də real siyasi konsepsiya ilə müşayiət olunur: “Sarkisyanın ritorikasında keçmişdəki səhvlərin təhlili deyil, özünü təmizə çıxarmaq istəyi ön plandadır. 2018-ci ildə hakimiyyətdən getdiyi zaman ölkə dərin sosial-siyasi böhran içində idi və həmin böhranın yükü bu gün də Ermənistana baha başa gəlir. Müsahibədə səslənən arqumentlər reallıqdan uzaqdır. “Paşinyan Qarabağı bilərəkdən itirdi” kimi iddialar faktoloji əsasdan çox, emosional bəyanat səviyyəsindədir. Əgər Ermənistan ordusu və diplomatiyası 2016-cı ildə belə zəif vəziyyətdə idisə, bu, Sarkisyanın uzun illər davam edən korrupsiya və qeyri-effektiv idarəçiliyinin nəticəsi sayılmalıdır. Paşinyanın hazırkı addımları bəzən tənqid olunsa da, onun açıq debat və sənədlərin dərcinə yönəlik çağırışları şəffaflıq baxımından müsbət tendensiyadır”.

Səxavət HƏMİD
XQ



Siyasət