Dövlətçilik tariximizin Zəfər erası

post-img

İndi regionda saatlar Bakı vaxtı ilə qurulur

XXI əsrin 3-cü onilliyində dünyanın geostrateji mənzərəsi olduqca mürəkkəb və ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, kənar müdaxilələrin acı nəticələri və digər mənfi hallar müxtəlif ölkələrin real durumunu əks etdirir.

Səbəblər isə müxtəlifdir: siyasi hakimiyyətlərin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə – “milli adət”ə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.

Azərbaycan nümunəsi – mütərəqqi model

Azərbaycan nümunəsi isə müsbət təcrübəni və mütərəqqi modeli ifadə edir. Bu gün respublikamız güclü, qüdrətli və qalib dövlət, dünyada söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi olaraq geosiyasi cazibə mərkəzi kimi diqqət mərkəzindədir.

Ümumiyyətlə, müstəqillik dövrünün siyasi təqvimi çox mühüm reallıqları əks etdirməklə özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara müvəffəqiyyətlə sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda önəmli uğurlara imza atılıb. Nəinki müstəqillik, həm də çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyü və suverenliyin bərpası, tarixi ədalətin isə təmin olunmasıdır.

Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, həm də olduqca mürəkkəb şərtlərə və şəraitə uyğun qazanılıb. Həlledici amil isə, heç şübhəsiz, lider fenomeni, yaxud liderlik faktorudur. Ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcrid vəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin – tərəqqi və Zəfər yolunun əsaslarını formalaşdırmışdır.

Azərbaycanı xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, dini, etnik müstəvidə qarşıdurma məkanına çevrilməkdən xilas edən, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunan, islahatçı və yenilikçi yanaşması ilə fərqlənən Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası isə Azərbaycanı şanlı Zəfər zirvəsinə yüksəltmişdir. Nəticə etibarilə, müasir Azərbaycan dövlətçiliyinin dörd sütun üzərində sarsılmazlığı təmin edilmişdir: Heydər Əliyev ideyaları; Prezident İlham Əliyevin alternativsiz siyasəti; Xalq–Lider birliyi – milli həmrəylik; tarixi Qələbə və möhtəşəm Zəfərin davamlı prosesə çevrilməsi.

Fövqəladə nailiyyət, yaxud siyasi möcüzə

Əlbəttə, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, uzun müddət regionda kök salmış neqativ vəziyyətdən istifadə etməyə çalışan avantüristlərin planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq işğal faktını aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir.

Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma regionda mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi “geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı”nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır.

Əvvəl bizə “sülhə alternativ yol yoxdur” deyərək 30 illik hərbi-siyasi əsarətə söykənən status-kvonu saxlamağa çalışırdılar. Hərb yolunu istisna etməyən Azərbaycan həm döyüş meydanında, həm də diplomatik arenada ədaləti bərpa etdi. Bizi növbəti qələbələrə aparan Zəfər yolunu inşa etdik – suveren Azərbaycanın bütün ərazisində və üçrəngli Bayrağımızın dalğalanmasına – konstitusiya quruluşunun bərpasına nail olaraq.

Azərbaycan dövlət suverenliyi və konstitusiya quruluşunu tam bərpa etməklə bir sıra ilklərə imza atdı. Məlumdur ki, postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyuldu. Daha sonra “domino effekti” ilə yayılan və təbii ki, kənardan idarə olunan mərkəzdənqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq, bir çox ölkəni ağuşuna aldı, xalqlara ciddi zərər verdi – dövlətlərə zərbə vurdu.

Bu geostrateji arealda separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk məkan da məhz Azərbaycan oldu. Şanlı Qələbədən bir müddət sonra Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi müstəvidə - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı.

Beləliklə, 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına, yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq oldu. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir.

Dünya azərbaycanlılarının lideri – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qanun əsasında müəyyənləşdirməsi sayəsində bu reallıqları yarada, uğura çata – tarixi zirvələri fəth edə bilmişik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və az qüvvə və vəsaitlə maksimum uğura nail olmaq.

Prezident İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey zamanında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, strateji hədəfə nail olduq.

Zəfər yolu – istiqlal, istiqrar və istiqbal xətti

Doğrudur, coğrafiya taledir, amma insandan fərqli olaraq dövlətlər dünyaya yazılı tale ilə gəlmirlər. Ərazi mühüm amildir, amma həlledici deyil. Və tarix yazmaq, coğrafiya yaşatmaq üçündür. Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, artıq qeyd etdiyimiz kimi, Azərbaycan nümunəsi də var. Ölkəmizin coğrafi mövqeyi kimi, regionun reallıqları da bəllidir. Maraqların toqquşduğu, kəsişdiyi, uzlaşdığı bölgədə yerləşmişik - dörd tərəfdən “geosiyasi tamah” sahiblərinin maraq obyektindəyik, bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt hava kütləsi kimi Azərbaycana da yönəlir. Müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur, bəzən Azərbaycanı hansısa güzəştə məcbur etməyə çalışırlar.

Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra, azad Qarabağı abad məkana çevirə bilmişik. Bir sözlə, böyük hədəflərimizə çatmışıq. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü, beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır.

Bu gün Zəfər yolu Azərbaycanın çoxəsrlik və müasir dövlətçilik marşrutu, Türk dünyasının perspektiv istiqlal, istiqrar və istiqbal xəttidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Heç kim bizi yolumuzdan döndərə bilməz”. Çünki haqq yolundayıq! 2 min 500 il əvvəl qədim Çin filosofu Lao Tszının ifadə etdiyi “Min millik yol bir addımla başlayır” fikrini XXI əsrin üçüncü onilliyində təsdiq etmişik.

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir.

Zəfər təqvimində “Konstitusiya və Suverenlik İli”

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş Qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il – “Konstitusiya və Suverenlik İli” Azərbaycanın qarşısında yeni perspektivlərin açılması ilə əlamətdardır. Həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər – siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə – daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənməkdədir. İstər regionda, istərsə də dünya miqyasında ikitərəfli və çoxşaxəli əlaqələrin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırılır. Xüsusilə də yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.

Azad Qarabağdan Azadlıq meydanına

Dünyada indiyə qədər çoxsaylı müharibələr baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və suverenliyini bərpa etmək üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi–həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində tarixi ədaləti bərpa etməyin sonsuz qürurunu yaşayan Azərbaycan xalqı bu gün dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin növbəti şanlı və qürurverici səhifəsi, zirvə hadisələrindən biri noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradın keçirilməsidir. Möhtəşəm Zəfər keçidi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu - “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu.

Hərbi paradda verilən mesajlar da onu göstərir ki, regionda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan istənilən təhdidin qarşısını almağa və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Yeni reallıqlardan narahat olan bir sıra qüvvələrin bu gün Azərbaycana və bütövlükdə regiona yönəlik provokasiya cəhdləri - konfrontasiya ssenariləri, sadəcə, iflasa məhkumdur.

Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına, dövlətimizin daimi təhlükəsizliyinə inamı daha da artırır. Xalqımız həm özünü güvəndə hiss edir, həm də haqlı olaraq güclü, qüdrətli və qalib ordumuzla qürur duyur.

Tarixi Zəfərdən Böyük Qayıdışa

Müzəffər liderimiz İlham Əliyev paradda çıxışı zamanı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir: “Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”.

Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. “Konstitusiya və Suverenlik İli”ndə də qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımlayırıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi müstəsna önəm daşıyır.

“Bizi heç kim və heç nə dayandıra bilməz!”

Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirmiş, “Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”, - deyə qətiyyətlə vurğulamaqla Azərbaycanın iradəsini, prinsipial mövqeyini, gələcəyə aydın - strateji baxışını ifadə etmişdi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün real təsdiqi və əyani nümayişidir.

Zəfər yürüşümüz isə ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar, diplomatik-strateji müstəvidə davam edir:

– Zəfər yolunun ictimai əsasları möhkəmləndirilir - milli həmrəyliyin qorunması və daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir;

– sosial-iqtisadi imkanlar genişləndirilir - işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi diqqət mərkəzindədir;

– tarixi-milli yaddaşımız yenilənir, mədəni ənənələrimiz müasir dəyərlərlə vəhdətdə zənginləşdirilir;

– Qələbənin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi işi aparılır.

Bir sözlə, Zəfər yolunda inamla irəliləyirik. Və əminik: Azərbaycan bundan sonra da bütün strateji hədəflərinə çatacaq. Prezident İlham Əliyevin təbirincə: “Bizi heç kim və heç nə dayandıra bilməz!”.

Nurlan QƏLƏNDƏRLİ,
YAP Mərkəzi aparatı informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri





Siyasət