Fransanın ədalət sistemi siyasi çəkili fiqurlara selektiv yanaşır
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbs olunduqdan cəmi 3 həftə sonra məhkəmə nəzarəti ilə azad edilib. Ona ölkəni tərk etmək qadağan olunub. Bundan öncə korrupsiya və qanunsuz seçki maliyyələşdirməsi ilə bağlı ayrıca ittihamlardan bəraət alan eks-prezident Parisdəki “La Sante” həbsxanasına göndərilmişdi. Həbsxanadan videobağlantı edən Sarkozi siyasi qisasın hədəfi olduğunu vurğulamışdı: “Yetmiş yaşımda həbsxana həyatı yaşayacağımı heç vaxt təsəvvür etməzdim. Bu sınaq mənə məcburən yaşadıldı və bunun öhdəsindən gəldim. Çətindir, çox çətindir. Hətta deyərdim ki, əzabvericidir. Heç vaxt etmədiyim bir işə görə etiraf etməyəcəyəm”.
50 dəqiqəlik dinləmə zamanı sabiq prezident bütün ittihamları rədd edib. Azadlığa buraxılma şərtlərinə əsasən, sabiq prezidentə ədliyyə naziri Jerald Darmanenlə əlaqə saxlamaq qadağan edilib. Fransa qanunvericiliyinə görə, təqsirləndirilən şəxslər yalnız qaçma riski və ya ictimai asayiş üçün təhlükə yaratdığı halda apellyasiya müddətində həbsdə saxlanılır. Xatırlatmaqda fayda var ki, prokurorlar Sarkozini seçki kampaniyası üçün maliyyə dəstəyi müqabilində Qəddafinin beynəlxalq imicinin bərpasına yardım göstərməkdə ittiham edirlər. Həmin dövrdə Liviya 1988-ci ildə təşkil etdiyi Lokkerbi faciəsinə (sərnişin təyyarəsinin partladılması nəticəsində 270 nəfər həyatını itirib) görə sərt şəkildə qınanılırdı. Məhkəmə Sarkozinin maliyyə əldə etmək üçün kriminal sui-qəsd qurduğunu müəyyənləşdirsə də, bu vəsaiti şəxsən aldığını, 2007-ci il kampaniyasında istifadəsini sübuta yetirə bilməyib. Keçmiş dövlət başçısı hazırda, guya, şahidlərə təsir göstərmək ittihamı ilə rəsmi istintaq altındadır.
Sarkozinin azadlığa buraxılması ölkədə geniş rezonans doğurub. Hadisə uzun illərdir “qüsursuz hüquqi model” kimi təqdim olunan Fransanın ədalət sistemindəki çatları, siyasi elitanın məsuliyyətdən yayınmaq vərdişlərini və demokratiyanın mahiyyətindəki ikili standartları bir daha üzə çıxarıb. Eks-prezidentin siyasi karyerası boyu buraxdığı səhvlər, o cümlədən korrupsiya ittihamları, Qəddafi rejimi ilə gizli razılaşmalar göstərir ki, bu ölkədə şəxsi mənafe bəşəri dəyərlərdən üstün tutulur. Görünür, dövlət qurumları qarşısında bərabərlik prinsipi deklarativ xarakter daşıyır, “müqəddəs elitanın” toxunulmazlığı hələ də qorunur. Qeyd etdik ki, qanuna görə, apellyasiyaya verilmiş şəxslər qaçma riski olmadığı halda azad edilə bilər. Bu, uzun illərdir yüksək vəzifəli fiqurlar üçün “norma” kimi tətbiq olunur. Daha dəqiq desək, aşağı təbəqədən olan vətəndaşlara sərt tətbiq edilən qaydalar elita üçün yumşaldılır. Özünü “qanunun aliliyinin mərkəzi” kimi təqdim edən ölkədə məhkəmə sisteminin belə asanlıqla siyasi jestlərə uyğunlaşması cəmiyyətin hökumətə olan etimadına xələl gətirir. Eyni zamanda, Fransa məhkəmə sisteminin uzun illərdir şəffaflıqdan uzaq fəaliyyəti, hakimlərin geniş diskresiya səlahiyyətinə malik olması və prokurorluğun bəzi hallarda siyasi hakimiyyətlə əlaqələri ədalət prinsipini formal prosedura çevirir. Şübhəli korrupsiya işlərinin çoxunun illərlə dondurulmuş vəziyyətdə qalması, rəsmi dairələrin toxunulmazlıq çərçivəsində müdafiə olunması da problemin genişmiqyaslı olduğunun əyani sübutudur. Bu gün Fransa cəmiyyətində davam edən narazılıqlar, sarı jiletlər hərəkatı, sosial böhranlar, polis zorakılığına qarşı aksiyalar məhz hökumətin “müqəddəs elita” sindromunun nəticəsidir. Sarkozinin işi ətrafında baş verənlərə ictimai reaksiya göstərir ki, xalq siyasi elitanın davranışını daha əvvəlki kimi susaraq qəbul etməyəcək. Hazırda Sarkozinin azadlığa buraxılması hüquqi arqumentlərlə əsaslandırılsa da, hadisənin rezonansı qərarın qərəzli qəbul edildiyini düşünənlərin sayını artırıb.
ARAYIŞ: “Fransa İctimai Rəy İnstitutu”nun (IFOP) keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 73 faizi, gənc respondentlərin isə 82 faizi Sarkozinin azadlığına qarşıdırlar. Onlar hesab edirlər ki, bundan sabiq prezidentin siyasi səhnəyə geri dönməsi üçün istifadə oluna bilər. “Fransa Televiziyası 1” (TF1) tərəfindən aparılan sorğuya əsasən, əhalinin 64 faizi Sarkozinin “siyasi qurban” arqumentini qəbul etmir, hüquq sisteminin elitaya yumşaq davranmasını pisləyir.
Bütün narazılıqların müqabilində Fransa məhkəmə sistemi əhəmiyyətli ictimai fiqurların həbsdə qalmasının cəmiyyət üçün destabilizasiya riski yaratdığı barədə köhnəlmiş yanaşmanı hələ də tətbiq edir. Sarkozinin həbsdən azad edilməsi bir çoxlarına “Fransada həbs siyasəti daha çox simvolik məna daşıyır” düşüncəsini xatırladır. Ehtimal ki, üç həftəlik qısa həbs cəzası, sadəcə, cəmiyyətin qəzəbini yumşaltmaq, siyasi elitanın toxunulmazlığını tam şəkildə sarsıtmadan prosesi balanslaşdırmaq məqsədi daşıyırdı.
Yeri gəlmişkən, Nikola Sarkozi həm də beynəlxalq platformalarda qeyri-obyektiv mövqeyi ilə tanınır. Onun anti-Azərbaycan ritorikası bunun aydın nümunələrindən biridir. Sabiq prezident 2010–2012-ci illərdə Fransa–Azərbaycan münasibətlərinin pozulmasında əsas fiqurlardan biri olub. Ermənistanın işğalçı siyasətinə baxmayaraq, o, Parisin Cənubi Qafqaz siyasətində bitərəfliliyin memarına çevrilmişdi. Ermənipərəst dairələrin təsirinə açıq olan sabiq prezident ATƏT-in keçmiş Minsk qrupundakı Fransa nümayəndəliyinin balanssız fəaliyyətini dəstəkləmiş, regionda status-kvonun qorunması üçün zəruri olan siyasi blokları gücləndirmişdi. Sarkozinin dövründə Fransa parlamentində anti-Azərbaycan qətnamələrinin sayının artması, işğal faktının gözardı edilməsi də təsadüfi deyildi. Sarkozi üçün Cənubi Qafqaz başlıca olaraq Parisin İrəvanla münasibətlərinin davam platforması idi. Bu isə Fransa diplomatiyasının obyektivlik prinsipinə zidd olmaqla yanaşı, Avropanın təhlükəsizlik arxitekturasına da zərbə vururdu. Buradan bir daha bəlli olur ki, əslində, Sarkozinin davranışları Fransanın siyasi elitası üçün xarakterik olan tendensiyanı nümayiş etdirir. Makron hakimiyyətinin yürütdüyü siyasətdə də bu sistemdəki köhnə aristokratik yanaşmanın qalıqları müşahidə olunur.
Sonda qeyd edək ki, Parisin illərlə dünyaya dərs keçdiyi “müstəqil hüquq sistemi”nin, əslində, siyasi elitanın maraqlarına uyğun hərəkət etməsi Sarkozi məsələsi ilə təsdiqləndi. Əgər sabiq prezident qanunun qarşısında imtiyazlı mövqeyini qoruyursa, o zaman Fransa cəmiyyətinin illərdir tələb etdiyi real bərabərlik siyasi ritorika kimi qalacaq. Vəzifəsi bitən prezident bir vətəndaş kimi məsuliyyət daşıyırmı? Bu sualı cavablamadan Fransa nə daxildə sosial etimadı bərpa edə, nə də beynəlxalq arenada “demokratiyanın beşiyi” kimi iddiasını davam etdirə bilər. Rəsmi Parisin iki seçimi var: hökumət ya köhnə sistemin çatlamış sütunlarını yamayıb eyni təcrübəni davam etdirəcək, ya da siyasi toxunulmazlığı sona çatdırıb hüququn həqiqi mənada üstün olduğu yeni bir mərhələyə keçəcək.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Bu yaxınlarda Fransanın sabiq prezidenti Nikola Sarkozinin 5 il müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını təkadamlıq kamerada çəkməsi barədə “şou”ya şahidlik etdik. Şübhəsiz, bu addım siyasi xarakter daşıyırdı. Onun Liviyadan böyük məbləğdə rüşvət alması və bunu seçki kampaniyasına xərcləməsi barədə ciddi iddialar mövcuddur. Bu hallar həmin dövrdə keçirilən seçkiləri, onların nəticələrini və dövlət rəhbərinin fəaliyyətini şübhə altına salır. Hadisə, eyni zamanda, Fransa dövlətinin beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurdu. Ümumiyyətlə, Liviyada baş verən proseslər və “Ərəb baharı”nın ölkəyə təsiri Fransa dövlətinin və rəhbər şəxslərin ikili siyasətini bir daha ortaya qoydu. Bu imici dəyişdirmək üçün Fransa belə bir “şou” təşkil etdi, lakin məhkəmə qərarı ilə Sarkozi azadlığa buraxıldı. Bu, həm Fransa hüquq sisteminin mahiyyətini, həm də şəxsi mənafeyə uyğun yanaşmanın mövcudluğunu göstərdi.
Bütün proseslərə eyni prizmadan yanaşmaq vacibdir. Lakin bəzi dövlətlərdə bu prinsiplər yalnız sözdə qalır. Fransa nümunəsində isə bu addımı “qaş düzəltmək əvəzinə göz çıxarmaq” kimi qiymətləndirmək olar. Bir tərəfdən görüntü yaradılır ki, Fransız hüquq sistemi ədalətlidir və hətta dövlətə rəhbərlik etmiş şəxsə qarşı da ədalətli davranır. Lakin proseslərin sonunda Sarkozi həbsdən azad olundu və bu, gizli şəkildə həyata keçirildi. Beləliklə, özünü “demokratiya bələdçisi” kimi qələmə verən Fransanın daxildə də ikili standartlar tətbiq etdiyini açıq şəkildə gördük.
Nəzrin ELDARQIZI
XQ


