1992-ci ilin 21 noyabrında Azərbaycanın gələcək qüdrətinin formalaşması istiqamətində mühüm tarixi addım atıldı. Müstəqil düşüncəsi və məsuliyyət hissi ilə seçilən bir qrup ziyalı Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi üçün fəal təşəbbüs göstərdi. Bu elə bir dövr idi ki, cəmiyyət birpartiyalı sistemdən ayrılmağın sevincini yaşamaqla yanaşı, yeni yaranan struktur və təşkilatlardan gözləntilərinin doğru olmadığını dərk etməyin məyusluğunu da dadırdı.
Mövcud vəziyyətə yenidən baxan insanlar başa düşdülər ki, təqdim olunan parlaq vədlər reallıqdan uzaq imiş. Cəmiyyət də getdikcə aydın şəkildə görməyə başladı ki, yeni formalaşan partiyalar zənn edildiyi qədər bütöv deyil, onların fəaliyyəti əsasən səthi çağırışlar və emosional çıxışlarla zəngindir. Bu uyğunsuzluq ictimai etimadı sarsıdaraq insanları daha ciddi və məsuliyyətli siyasi yanaşma tələb etməyə sövq edirdi. Belə bir şəraitdə ölkə ictimaiyyəti üçün yeni, təmiz və etibarlı siyasi nəfəsə böyük ehtiyac vardı.
21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Həmçinin partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri müəyyənləşdirildi. Beləliklə, Azərbaycanın taleyində mühüm dönüş nöqtəsi baş verdi. Müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət daşıyan siyasi hadisə ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və ümidlə qarşılandı.
Qısa zamanda böyük populyarlıq qazanan YAP sıraları sürətlə böyüdü. İnsanlar əmin idilər ki, böyük Heydər Əliyevin rəhbərlik etdiyi partiya Azərbaycan üçün ən düzgün yolun daşıyıcısıdır və bu inam bir daha özünü doğrultdu. Ölkədə idarəçilik məsuliyyətini dərk edə bilməyənlərin hakimiyyəti dövründə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yanlış siyasətin gətirdiyi qardaş qırğını, vətəndaş müharibəsi, xaos və sosial narazılıq fonunda ölkə taleyinin ən ağır sınaqlarını yaşayırdı. Belə mürəkkəb bir dönəmdə Ulu öndər Heydər Əliyev xalqına biganə qala bilməzdi. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan böyük lider yalnız müstəqilliyimizi qorumaqla kifayətlənmədi, eyni zamanda Azərbaycan adlı yeni, qüdrətli və müasir bir dövlətin təməlini qoydu.
Baş verən proseslər bir daha sübut etdi ki, Heydər Əliyev həqiqi liderdir. Onun rəhbərlik etdiyi YAP isə sadəcə partiya yox, xalqın fikrini ifadə edən, onun səsini eşidən və qərarların formalaşmasına təsir göstərən mötəbər tribunadır. İnsanlar bu qurum vasitəsilə həm öz fikirlərini çatdırır, həm də gələcək yolun müəyyənləşməsində rol oynayırlar.
Beləliklə, YAP Azərbaycan dövlətçiliyi, xalqı və vətəndaşları qarşısında xidmətləri olan bir sistem kimi canlı tarixdir. Dövlətimizi yüksəldən, fikir və ümidləri birləşdirən bu qurum Azərbaycanın səsinə çevrildi.
YAP siyasi təsisat kimi təkcə bir məfkurəni deyil, bütün Azərbaycanın ideya birliyini, həmçinin bəşəri dəyərləri, sülh və humanizm prinsiplərinə sadiqliyi özündə cəmləşdirən bir missiyanı təcəssüm etdirir. Bu təşkilat ədalət və bərabərlik kimi ali anlayışları cəmiyyətə aşılayan, xalqın rifahını fəaliyyətinin mərkəzinə qoyan böyük bir qüvvədir. YAP bu gün aydın inkişaf yolunun, milli birliyin rəmzi olaraq həm də ölkəmizin maraqları naminə fikrindən və ideyasından dönməyən, xalqa xidmət etməyi yüksək şərəf hesab edən qüdrətli bir siyasi iradədir. Xilaskar kimi doğulan YAP bütün seçkilərdə qalib gələrək həm də Azərbaycanın ərazi bütövlüyünü təmin edərək qurtuluşdan zəfərə qədər şərəfli yol keçdi və qaliblərin partiyası kimi tarixdə silinməz izlər buraxdı. Bu yol xalq, dövlət olaraq inkişaf və tərəqqiyə, bizi hədəfə çatdırdı. YAP Cənubi Qafqazın ən böyük təsisatı, brendi olaraq Azərbaycanı da bu bölgənin lideri etdi və ölkəmizi dünyada layiq olduğu zirvələrə daşıdı. O zirvədə YAP iqtidarlığı ilə qüdrətli Azərbaycan görünür!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

