Ermənistan rəhbərliyi unutmasın ki...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın İrəvanla münasibətlərin normallaşması baxımından səsləndirdiyi fikirlərə, o cümlədən Türkiyə XİN rəhbərinin Azərbaycan amilini qabartmasına münasibət bildirib. Yazımızda bu barədə söz açacaq, ən əsası isə erməni XİN rəhbərinin yanaşmasındakı nöqsanı vurğulayacağıq. Hələlik isə...
Beləliklə, Hakan Fidan demişdi ki, “əgər biz bu mərhələdə münasibətləri normallaşdırsaq, Ermənistanın Azərbaycanla sülh sazişini imzalaması üçün ən böyük səbəbini onun əlindən almış olarıq. Bu halda regionda dondurulmuş münaqişə ehtimalı ilə üzləşə bilərik. Biz bunu istəmirik”.
Mirzoyanın cavabı əsasən məhz bu fikrə münasibət üzərində qurulub. Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının və sərhədlərin açılmasının Ermənistan üçün vacibliyindən söz açan nazir “Armenpress”in sualını cavablandırarkən deyib ki, Azərbaycanla əldə olunmuş sülhün daha da institusionallaşdırılması az əhəmiyyət daşımır və ölkəsi həm Ankara, həm də Bakı ilə əlaqələr naminə səmimi səylər göstərir: “Bununla belə, bu iki komponentdən heç biri digərindən asılı deyil və əgər onların arasında mütləq şəkildə səbəb-nəticə əlaqəsi axtarılsa, belə nəticəyə gəlmək olar ki, Türkiyə ilə münasibətlərin tam normallaşması Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə mənfi deyil, müsbət təsir göstərə bilər”.
Qeyd edək ki, Ararat Mirzoyan regionda nəqliyyat infrastrukturunun açılması məsələsinə də toxunub. O bildirib ki, prosesin əsas prinsipləri avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb. Erməni XİN rəhbəri həmin prinsiplərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlılıq olduğunu xatırladıb: “Bu çərçivədə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək, həm də Ermənistanı digər ölkələrlə, daha geniş coğrafiyada isə regionları Ermənistan və Azərbaycan üzərindən birləşdirəcək. Ermənistan onun mümkün qədər tez reallaşması üçün fəal səylər göstərir”.
Xatırladaq ki, Hakan Fidan üç gün əvvəl Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində rəhbərlik etdiyi qurumun 2026-cı il büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən, Ermənistanla normallaşma prosesinə toxunmuşdu. Nazirin sözlərindən belə qənaət hasil olmuşdu ki, İrəvan sülh gündəmi ilə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməlidir: “Bu məsələlər həll edildikdən və Azərbaycan yekun sazişi imzaladıqdan sonra Türkiyə Ermənistanla sərhəd qapılarını açacaq”.
***
Ancaq göründüyü kimi, rəsmi İrəvan Ermənistan–Türkiyə münasibətlərini, Ermənistan–Azərbaycan münasibətlərindən ayrı tutur. Hər halda, ermənilərin baş diplomatının dediklərindən gəlinən nəticə bunu deməyə əsas verir. Çünki Mirzoyan Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının İrəvanın Bakı ilə əlaqələrində də müsbət dinamika yarada biləcəyi qənaətinə gəlir. Əslində, buna qənaət demək bir o qədər yerinə düşmür. Erməni nazir müəyyən mənada, şərt dili ilə danışır. Təxminən belə: Ankara Ermənistanın Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq və sülh quruculuğuna töhfə vermək istəyirsə, İrəvanla normallaşma prosesinə getməlidir. Halbuki, Hakan Fidan məsələni fərqli qoymuşdu. Türkiyəli nazir, faktiki olaraq, bildirmişdi ki, Ermənistan üçün Türkiyə iqtisadi planda vacibdir və bu vacibliyin dividend qazandırmasını istəyənlər İrəvanın Bakı ilə sülhə gəlməsinə çalışmalıdırlar.
Bütün bunlara diqqət yetirərkən ortaya sual çıxır: Nəyə görə Türkiyə–Ermənistan sərhədləri bağlıdır? Əlbəttə, sualımız ritorikdir. Çünki səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın davamlı xarakter alması idi. Deməli, Ankaranın özündə təcavüz məntiqini daşıyan istənilən təmayüllərə cəbhə açmasında məntiq var. Axı, Azərbaycanla müttəfiqlik və qardaşlıq öz yerində, Türkiyə regionda davamlı və dayanıqlı sabitlikdə maraqlıdır ki, bunu Hakan Fidan da vurğulayıb.
Deməli, rəsmi İrəvan, o cümlədən Mirzoyan şərt dili ilə danışmaq üçün mənəvi ixtiyarın, habelə potensialın olmadığını unutmamalıdır. Unutmamalıdır ki, Ermənistan indiki məqamda özünün işğalçı keçmişini təmizləməyin qeydinə qalmalı, regionda inam və etimad qazanmağa çalışmalıdır. Bunun ən doğru yolu isə Azərbaycanın şərtlərini yerinə yetirərək sülh müqaviləsinin imzalanmasından keçir. Yəni həm də Hakan Fidanın Ankara–İrəvan normallaşması baxımından səsləndirdiyi şərtin yerinə yetirilməsindən.
R.ƏVƏZ
XQ

