Azərbaycan–Ermənistan: sülh təmasları və gerçəkliyin diktəsi

post-img

Vətəndaş cəmiyyətləri xalqlar arasında barışa yol açır

Bu il avqustun 8-də imzalanmış Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamənin 5-ci bəndində bildirilir: “Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra, nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”

Əvvəlcə Azərbaycandan Ermənistana, sonra Ermənistandan Azərbaycana vətəndaş cəmiyyəti nümayəndələrinin səfəri, o cümlədən irəli sürülmüş “Sülh körpüsü” təşəbbüsü məhz yuxarıda diqqətə çatdırdığımız müddəanın icrası zərurətindən qaynaqlanır. Əlbəttə, Birgə Bəyannamə ehkam yox, çıxış nöqtəsidir, xoş niyyət üçün bazadır. Elə isə sual olunur: qarşılıqlı səfərlər və təmaslar hər iki ölkə arasında uzun müddət mövcud olmuş konfliktin fəsadlarını necə aradan qaldıra bilər? Hazırda ictimaiyyətimizi düşündürən budur. Düşüncələr dünya təcrübəsinə, daha doğrusu, beynəlxalq aləmin keçdiyi yola nəzər salmağı, həmin təcrübənin tətbiqi imkanlarını dəyərləndirməyi aktuallaşdırır. Yazımız da əsasən bu barədədir.

***

İlk növbədə onu vurğulayaq ki, istər Azərbaycanda, istərsə də Ermənistanda barışmazlıq tərəfdarları yetərincədir. Onların mövqeləri istər-istəməz cəmiyyətlərə təsirini göstərir və bunda təbii qanunauyğunluq var. Çünki loru dildə desək, yaralar qaysaq bağlamayıb və bir çox məsələlərin həlli zamana buraxılmalıdır. Əlbəttə, dayanıb zamanın keçməsini də gözləmək doğru sayılmaz. Deməli, düşünmək də lazımdır. Nəinki biz, ermənilər də faydanı düşünməlidirlər. Fayda gələcəyə optimal baxışın irəli sürülməsdir. Nəzərə alınmalıdır ki, daimi ziddiyyətlər, qarşıdurmalar heç bir cəmiyyətə xeyir gətirməyib. Əksinə, zərərlər, ziyanlar və faciələr yaşanıb ki, Birinci və İkinci Qarabağ müharibələrinin acı xatirləri fikrimizin sübutudur.

Digər tərəfdən, hansı düşmənçiliklər aradan qalxmayıb ki? Dünya tarixinə nəzər salsaq, görərik ki, hazırda vahid Avropa evi ideyasının məğzini təşkil edən Avropa İttifaqı modeli, o cümlədən onun tərkib hissəsi kimi ortada olan sərhədsizlik sanki bir yuxudur. Yüz il əvvəlki duruma baxsaq, nə vaxtsa insanların Fransa ilə Almaniya arasında istədikləri kimi - tam maneəsiz hərəkət üstünlüyünü təsəvvürə gətirmək olardımı? Xeyr, amma fakt faktlığında qalır: hazırkı Avropa modeli, kifayət qədər, dönməz xarakter almış, hətta, oturuşmuş reallıqdır.

Bəs pozitiv reallıqların yaranmasında, daha doğrusu, xalqlararası münasibətlərin tənzimlənməsində hansı amillər rol oynadı? Məhz vətəndaş cəmiyyətləri arasındakı yaxınlıqlar bir çox çətinliklərin aradan qaldırılmasına müstəsna töhfələr verdi. Bununla bağlı konkret təcrübələrə nəzər salmazdan əvvəl bir nüansa da toxunaq.

***

Yada salaq ki, torpaqlarımızın işğalı illərində Qərbin müxtəlif nüfuzlu təsisatları Azərbaycan-Ermənistan konfliktinin həllinə məhz vətəndaş cəmiyyəti təmsilçilərini və media nümayəndələrini cəlb etmək istəmiş, mövcud istiqamətdə xeyli vəsait xərcləmiş, layihələr icra etmişdilər. Müvafiq surətdə hər iki tərəfin bu layihələrin iştirakçıları olan nümayəndələri də meydana çıxmışdılar. Baxın, Bakıda olan erməni nümayəndə heyətinin üzvü, İrəvan Press Klubunun rəhbəri Boris Navasardyan ölkəmizin CBC telekanalına açıqlamasında 2001-ci ildə Bakıya səfərini xatırlayır. Həmin dönəmdə ölkəmizdən də Ermənistana səfər gerçəkləşmişdi...

Əlbəttə, təşəbbüslərin faydası ola bilməzdi və olmadı da. Çünki Qərb təsisatlarının layihələrində, bir qayda olaraq, təcüvüz faktı kənara qoyulmuş, üstünlük beynəlmiləlçi ruhun ifadəsinə verilmişdi. Deməli, bir-biriləri ilə münaqişədə olmuş və ya müharibə aparımış ölkələrin vətəndaş cəmiyyətlərinin təmaslarının gücləndirilməsində, ziddiyyətlərin yumşaldılmasında ədalət mühüm faktordur.

Eyni zamanda, vətəndaş cəmiyyətləri təmsilçiləri xalqları yaxınlaşdırmaq naminə gördükləri işin adilliyinə inanmalıdırlar. Axı sadə reallıq var: özün inanmadığın nəyəsə necə inandırasan? Hazırda ədalət bərpa olunub. Azərbaycan torpaqları işğaldan qurtulub. Erməni vətəndaş cəmiyyəti təmsilçiləri də məsələnin məhz bu cür qoyluşunu qəbul etməlidirlər və böyük ehtimalla edirlər də.

***

Əlqərəz, konflikt yaşamış ölkələrin vətəndaş cəmiyyətləri nümayəndələrinin ziddiyyətlərin yumşaldılmasına töhfəsi təcrübəsindən söz açırıqsa, ilk növbədə, ən yaxın tarixin Şimali İrlandiyadakı katolik (millətçi) və protestant (unionist) icmaları arasında 30 ildən çox davam etmiş və siyasi mahiyyət daşıyan silahlı qarşıdurmanı yada salaq. “The Troubles”, yəni çətinliklər dövrü kimi xarakterizə edilən həmin dönəmdə “Northern Ireland Women's Coalition” (Şimali İrlandiya Qadınlar Koalisiyası) adlı müstəqil ictimai təşkilat sülh danışıqlarına qatılaraq sosial ədalət, insan hüquqları və qadınların iştirakı məsələlərini gündəmə gətirmişdi. Qurumun təmsilçiləri yerli icmalarda dialoq qrupları yaratmış, məktəblərdə və gənclər mərkəzlərində qarşılıqlı anlaşma proqramları təşkil etmişdilər. Bütün bu fəaliyyətlər 1998-ci il Belfast Sülh Razılaşmasının müddəalarının hazırlanmasına müstəsna töhfə vermişdi. Yeri gəlmişkən, Belfast anlaşması müasir dövrdə ən uğurlu sülh sazişlərindən biri hesab olunur.

Səmərəli fəaliyyəti 1996-2002-ci illəri əhatə etmiş “Truth and Reconciliation Commission”un (Həqiqət və Barışıq Komissiyası) apardığı işə diqqət yetirək. Bu vətəndaş cəmiyyəti qurumu Cənubi Afrikada aparteid (irqi ayrı-seçkilik) dövrünün repressiyalarının və irqi qarşıdurmaların aradan qaldırılmasında mühüm rol oynamışdı. Təşkilatın uğuru onda idi ki, ona qoşulan kilsə liderləri, hüquq müdafiəçiləri, QHT-lər, habelə ictimai fəallar zorakılıqsız mübarizə üsullarını təbliğ etdilər və post-apartheid dövründə geniş ictimai iştirakla həqiqətlərin üzə çıxarılması və səmimi bağışlanma mexanizminin yaradılmasında aktiv mövqe tutdular. Nəticədə, sakit transformasiyanı təmin edən ən uğurlu barış proseslərindən biri formalaşdı.

Dövrümüzün keçmiş Yuqoslaviya müharibəsindən sonrakı etnik gərginliyin aradan qaldırılması üçün Serbiya və Xorvatiya arasındakı dialoq təşəbbüsləri də xüsusi vurğulanmalıdır. Həmin vaxt “Youth Initiative for Human Rights” (YIHR) kimi QHT-lər gənclər arasında dialoq proqramları təşkil etdilər. Qurbanların hüquqlarını müdafiə edən bu kimi təşkilatlar müharibə cinayətlərinin araşdırılmasına dəstək verdilər, həm Serbiyada, həm Xorvatiyada səfərlər və birgə layihələr keçirdilər. Onlar yekunda cəmiyyətlərdə nifrətin azalmasına və ədalət proseslərinin güclənməsinə yardım göstərdilər.

Maraqlıdır ki, İsrail və Fələstin dialoq qrupları da olub. Bu qruplar uzunmüddətli siyasi və ərazi mübahisəsinin aradan qaldırılması naminə “Parents Circle–Families Forum” və “Seeds of Peace” kimi təşəbbüslər irəli sürdülər, hər iki tərəfdən qurban ailələrini görüşdürərək, emosional və insan mərkəzli dialoq formalaşdırdırlar. Onların yaratdıqları tədqiqat mərkəzləri isə sülhə dair birgə analitik hesabatlar hazırladılar. Nəticədə rasional və emosional səviyyədə etimadın qurulmasına yönələn, o cümlədən davamlı sülh ehtimalını artıran fəaliyyətlər populyarlaşmağa başladı.

***

Əlbəttə, bu sayaq misalların sayını artırmaq mümkündür. Başlıca məqam beynəlxalq təcrübənin Cənubi Qafqaz regionuna tətbiqidir. Daha dəqiq desək, tətbiq zamanı nələrə diqqət yetirilməsi. Nəzərə alınmalıdır ki, Cənubi Qafqaz platformasında ictimai əhvali-ruhiyyə hələ də yüksək həssasdır, istənilən yaxınlaşma təşəbbüslərinə münasibətdə ciddi ictimai qınaq amplitudası var. Çünki dediyimiz kimi, yaralar hələ qaysaq bağlamayıb və bu amil vətəndaş cəmiyyətlərinin, belə demək mümkünsə, görünən diplomatiya aparmalarını məhdudlaşdırır.

Bir çox ekspertlər belə durumlarda Balkanlarda tətbiq edilən qapalı ekspert dialoqlarının Cənubi Qafqaz üçün daha uyğun olduğunu önə çəkirlər. Məsələn, erməni nümayəndələr İrəvanda Bakıya səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirdilər və bildirdilər ki, ölkəmizdə olarkən “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qabardıblar. Hətta həmin məhbusların dəqiq sayı ilə bağlı məlumat əldə edə bilmədiklərini də dilə gətirdilər. Məlumdur ki, cəmiyyətimizdə məsələyə baxış fərqlidir. İnsanlarımız üçün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş erməni əsilli şəxslər ritorikası var.

Sözümüz ondadır ki, ekspert qrupları məhz belə durumlarda həssas davranmalı, qıcıq doğuracaq məqamlar barədə açıq fikir bildirməkdən uzaq durmalı, əlbəttə ki, ədalət prinsiplərinə söykənməlidirlər. Onların mediaya verdikləri mesaj da mövcud xüsusda olmalıdır. Yaxşı halda Avropa İttifaqının “track 2 diplomacy” layihələrinə uyğun olaraq, mədəniyyət, ekologiya və biznes sahəsində sərhədsiz əməkdaşlıq kimi məsələlərin qabardılması daha səmərəlidir.

Digər tərəfdən, Cənubi Afrika və Balkanlarda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən tətbiq olunmuş mexanizmlər göstərdi ki, müharibə qurbanların səsinin eşidilməsi, faktların sənədləşdirilməsi, savaş dövrü cinayətlərinin hüquqi qiymətləndirilməsi uzunmüddətli sülhə töhfə verir.

Əlbəttə, media amili önəmlidir. Məsələn, Şimali İrlandiya və Balkanlarda sülh danışıqlarının uğur qazanmasında media orqanlarının balanslı mövqeyi həlledici rol oynadı. Deməli, jurnalistlər üçün neytral mövzularda regional təlim proqramlarının reallaşdırılmasında fayda var. Bu kimi fəaliyyət, eləcə də gənclər arasında təmaslar mədəni, tarixi stereotiplərin yumşaldılmasına töhfə verə bilər.

Söhbət bilavasitə media amilindən gedirsə, nəzərə almalıyıq ki, bağlantılar və təmaslar heç də dostlaşmaq anlamına xidmət eməməli, sadəcə, informasiyaların doğura biləcəyi potensial gərginliklərin aradan qaldırılmasını təmin etməlidir ki, barışıq mühitində hansısa axsamalar və ya ləngimələr qeydə alınmasın.

***

Sonda bir məqamı da vurğulayaq. Belə rəyə gəlmək mümkündür ki, indiki durumda Azərbaycan və Ermənistan nümayəndələri arasında texniki dialoq, gənclər və ekspert əməkdaşlığı, humanitar məsələlərin həlli, o cümlədən mədəni və ekoloji layihələr uzunmüddətli sülh üçün struktur əsaslar yarada bilər. Ancaq ötən illərin təcrübəsi göstərir ki, hər iki ölkənin münasibətlərində vətəndaş cəmiyyətlərinin rolu maksimum effektini yalnız siyasi mühitin sabitləşdiyi təqdirdə verə bilər. Yəni hazırkı dövrdə çox şey siyasi iradədən asılıdır. Siyasi iradənin isə Bakı-İrəvan yekun sülh sazişi kimi müstəsna paradiqması var.

Sülh müqaviləsi artıq paraflanıb. Qalır onun imzalanması üçün başlıca şərtin yerinə yetirilməsi. Söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən, onun işğalçı mahiyyət daşıyan 1990-cı ilin İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxmasından gedir. Hesab edirik ki, Ermənistanın vətəndaş cəmiyyəti fəalları daxildə mövcud istiqamətdə təbliğat aparmalı, rəsmi İrəvanın, müəyyən mənada, açıq şəkildə deyə bilmədiyi məqamları xalqa çatdırmalıdırlar.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət