Xalqın qəlbindəki “Qarabağ yarası”na çarə tapmış lider

post-img

Mən onu ürəklərin loğmanı adlandırsam...  səhv etmərəm 

Xeyli yaşım var. Ancaq heç zaman nəinki siyasi proseslərə qoşulmamışam, hətta, siyasi məzmunlu bir vərəqlik yazım yoxdur. Ancaq bu sətirləri yazmaya bilmədim. 

Əslində, bir neçə dəfə bu məzmunda yazmaq istəmişəm. Birinci dəfə – İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən yeddi ay sonra,  2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış məlum bəyannaməni oxuyandan sonra bu fikirə düşmüşdüm. 

Həmin sənədin bəndlərinin birində göstərilirdi ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”. Mən həmin bəndi oxuyanda məhz Şuşada Azərbaycan – Türkiyə qardaşlığına həsr olunmuş bir abidənin ucaldılması təklifi ilə çıxış etmək istədim. Sonra fikirləşdim ki, o boyda Zəfəri qazanmış liderin yanında hansısa təkliflə çıxış etməyim yersiz görünər. Vaz keçdim.

İkinci dəfə belə fikirə düşməyim isə ötən ilin avqustunda olmuşdu. O zaman  hamının “dünyanın siyasi mərkəzi” kimi qəbul etdiyi Vaşinqton şəhərində ABŞ, Azərbaycan və Ermənistan dövlət başçıları tərəfindən Cənubi Qafqazda münaqişəyə son qoyan mühüm siyasi sənəd imzalandı. Dövlət Televiziyasının Xəbərlər proqramında həmin informasiyanı eşidəndə ...qarabağlı dostlarımın əksəriyyətinə zəng edib dedim ki, müharibə bitdi. Zəngləri başa çatdırandan sonra telefonun dəstəyini yerə qoyub  qələmi götürmək istədim, ...yenə vaz keçdim. 

Üçüncü dəfə də belə oldu. Ötən ilin payızında bir həftə Şuşada qaldığım günlərdə Xankəndi, Laçın, Ağdam və Xocalıya da getdim. Otuz ildən çox məcburi köçkün kimi müxtəlif yerlərdə yaşamış soydaşlarımızın indi doğma ata ocaqlarında tapdıqları xoşbəxtliyə şərik olmaq...  ifadə edə bilmədiyim hisslər idi. Onların  məmnunluğunu, əmin - amanlığını görmək, onlarla həmsöhbət olmaq mənim özümü də xoşbəxt edirdi. Fikirləşirdim ki, Bakıya qayıdan kimi mütləq nə isə yazacağam. Amma, bu dəfə də qələmi əlimə ala bilmədim. Çünki mövzu yenə də qeyri-adi dərəcədə əhatəli və məsuliyyətli idi. 

Bu ilin fevralında isə İlham Əliyev Sülh Şurasının Vaşinqtonda keçirilən ilk tədbirində iştirak edərkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan liderinin ünvanına səsləndirdiyi fikirləri eşidəndə – mətbuat vasitələrimiz həmin arqumentləri dəfələrlə paylaşdığına görə mən təkrar etmək istəmirəm – bu ölkənin sakini, bu xalqın təmsilçisi olduğumla fəxr etdim. Onunla da fəxr etdim ki, Prezident də, onun mərhum atası da daim xalqın yanında olub, həmişə dövlətçiliyimiuzin qarantı, milli-mənəvi dəyərlərimizin himayədarı kimi çıxış ediblər. Bu zaman milli –mənəvi dəyərlərimizi xüsusilə qeyd etməyim təsadüfi deyil. Çünki mən 25 ildən çoxdur ki, Milli  mədəniyyətin təbliği mərkəzinə sədrlik edirəm. Qurumun fəaliyyəti ilə bağlı hansı görkəmli sənət adamının həyat və fəaliyyəti ilə maraqlansaq, orada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzasına dəfələrlə rast gəlirik. 1969-82-ci illərdə və 1993-cü ilin yayından bəri nə qədər sənətkarımıza dövlət təltifləri və fəxri adlar verilibmiş? 

Biz təsis etdiyimiz “Uğur” mükafatını SSRİ xalq artisti, akademik Arif Məlikova, görkəmli bəstəkar , “Şərəf” ordenli professor Tofiq Bakıxanova, Xalq şairi Nəriman Həsənzadəyə (cənab dövlət başçımız bu günlərdə onu “Heydər Əliyev ordeni” ilə təltif etdi), görkəmli alim Süleyman Əliyarova, Xalq şairi Fikrət Qocaya, Xalq artistləri Canəli Əkbərov və Möhlət Müslümova, eləcə də başqalarına təqdim etmək üçün həmin şəxslərin yaradıcılıq tarixçəsinə mütləq dərindən nəzər salırdıq. O zaman görürdük ki, bu ziyalılarımızın hər birinin fəaliyyəti daim  Azərbaycan dövlətinin, xüsusən, Heydər Əliyev və İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bunu onların özləri də deyirdilər, arxivlərindəki çoxsaylı tarixi sənədlər (sərəncamlar) da sübut edirdi. 

Başqa bir fakt. Biz hələ 15 il əvvəl Azərbaycan teatr sənətinin öyrənilməsi, təbliği və inkişafına kömək etmək məqsədiylə “TEATR@AL” (korrektor üçün xatırladaq ki, jurnalın təqdim etdiyimiz adında səhv yoxdur) adlı jurnal təsis etmişdik. Həmin jurnalın ərsəyə gəlməsi prosesində də səhnə ustalarımızın, teatr xadimlərinin, hətta, gənc sənətkarların da  ulu öndərdən və cənab dövlət başçımızdan nə qədər qayğı gördüyünün şahidi olduq. 

Bütün bunlardan sonra bir cümlə də əlavə etmək istəyirəm. Bu gün Azərbaycan dövlətçiliyinə xor baxanlar kimi, dövlət başçımıza qarşı bədxahlıq etmək istəyənlər də elə işğalçı və separatçıların taleyini yaşamalı olacaqlar. 

Arif MƏDƏTOV,

Milli  mədəniyyətin təbliği mərkəzinin sədri, yazıçı  

Sosial həyat