XİN: Azərbaycan-Koreya münasibətlərində yeni əməkdaşlıq imkanları dəyərləndirilib

post-img

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreyanın xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən XQ-yə bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Ölkəmizdə həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.

Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.

Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət