ATƏT-in Minsk qrupunun və onunla bağlı bütün strukturların ləğvi qərarı, əslində, çoxdan yetişmiş bir siyasi reallığın institusional təsdiqidir. İllər boyu regionun taleyinə nəzarət etməyə çalışan bir formatın formal olaraq fəaliyyətini dayandırması Cənubi Qafqazda yeni güc düzəninin rəsmi elanıdır. Bəs bu proses nə üçün indi baş verdi? Çünki həm Bakı, həm də İrəvan artıq faktiki vəziyyətlə razılaşmışdı: Minsk qrupu münaqişəni idarə etməyi belə bacarmayan, zamanın ritmini itirmiş platformaya çevrilmişdi.
Azərbaycan 2020-ci ildə öz gücü ilə münaqişəni həll etdikdən sonra ortaya çıxan yeni siyasi nizamda Minsk qrupunun mövcudluğunu qorumaq artıq praktiki və nəzəri baxımdan mümkün deyildi. Çünki institutlar yalnız real prosesləri idarə etdikləri müddətdə mövcudluq haqqı qazanır. Amma maraqlısı odur ki, beynəlxalq sistem belə qurumları dərhal arxivləşdirmir. Haqlı olaraq sual yarana bilər: “Əgər münaqişə bitmişdisə, niyə bu format dərhal ləğv olunmadı?”. Sualın cavabı bizi beynəlxalq münasibətlər tarixində çox tanış fenomenə – institusional tənbəlliyə aparır.
Tarix bunu dəfələrlə göstərib: beynəlxalq qurumlar, adətən, özlərinin real siyasi funksiyalarından daha uzun yaşayırlar. Çünki dövlətlər bəzən köhnəlmiş institutların rəsmi şəkildə bağlanmasını təxirə salır; belə bir addım həm müəyyən güc balanslarını qorumaq, həm də keçid dövrünün kəskinliyini yumşaltmaq üçün edilir. Məsələn, Millətlər Liqası İkinci Dünya müharibəsindən öncə faktiki olaraq, dağılsa da, onun rəsmi olaraq ləğvi 1946-cı ilə qədər uzandı. O zaman da sual yaranırdı: “Faktiki ölü qurum niyə saxlanılırdı?”.Səbəb sadə idi – beynəlxalq sistem köhnə mexanizmi müəyyən müddət saxlayaraq yeni strukturun (BMT-nin) gəlişini yumşaq keçidə çevirdi.
Oxşar nümunə Şimali Atlantika Əməkdaşlıq Şurasının taleyində də müşahidə olunmuşdu. “Soyuq müharibə” başa çatdıqdan sonra bu qurumun əsas funksiyası itmişdi, amma NATO onu dərhal ləğv etmədi. Səbəb yenə eyni idi – postsovet məkanında yeni təhlükəsizlik memarlığının formalaşdırılması zaman alsın, keçmiş mexanizmlər isə bu boşluğu qismən doldursun.
Eyni fenomeni ATƏT-in Balkan böhranı sonrası strukturlarında da görmək mümkündür. Müharibələr bitmiş, reallıq dəyişmiş, amma qurumların bir çoxu illərlə “kağız üzərində mövcudluq” dövrü yaşamışdı. Təkcə ona görə ki, beynəlxalq sistem üçün institusional boşluq təhlükəli görünürdü.
Minsk qrupu da bu klassik sxemin qurbanı idi. 2020-ci ildən sonra regionda reallıq tam dəyişmişdi; Azərbaycan suverenliyini bərpa etmiş, status-kvo transformasiya olunmuş, tərəflər arasında güc balansı yekun şəkildə formalaşmışdı. Amma buna baxmayaraq, qurum formal olaraq hələ bir müddət yaşayırdı. Çünki Vaşinqton, Moskva və Paris üçün onun dərhal ləğv edilməsi müəyyən siyasi simvolizmi artırırdı: bütün bunlar uzun illər davam etdirilən vasitəçilik arxitekturasının tamamilə iflasını etiraf etmək demək idi. Onlar bu psixoloji yükü bir anda öz üzərlərinə götürmək istəmirdilər.
Burada daha dərin analitik sual ortaya çıxır: Bəs niyə Azərbaycan bu prosesin uzanmasına ehtiyac duymurdu? Çünki Bakı üçün artıq iki paralel reallıq yaratmağa ehtiyac yox idi – biri faktiki hərbi-siyasi qələbə ilə formalaşmış reallıq, digəri isə kağız üzərində hələ də “vasitəçi qrup” kimi qalan institut. Azərbaycan yeni yaranmış statusun beynəlxalq legitimləşməsini gecikdirmək istəmirdi. Məhz bu mənada Bakının mövqeyi daha rasional idi: institut yalnız funksionallıqla yaşayar; əgər funksionallıq yoxdursa, qurumun qalması siyasi əyrilik yaradır.
Tarixdə bunun tam əksi də olub. Məsələn, Qərbi Berlin məsələsi 1970-ci illərə qədər formal olaraq masa üzərində saxlanılırdı, baxmayaraq ki, reallıq çoxdan dəyişmişdi. Sadəcə, böyük güclər o mexanizmi saxlayaraq öz təsir zonaları arasında həssas tarazlığı qorumağa çalışırdılar. Minsk qrupunda isə əksinə, Azərbaycan üçün bu tarazlığa ehtiyac yox idi – çünki yeni reallığı yaradan məhz Bakı idi və onu heç kim geri çevirə bilməzdi.
***
İrəvanın ləğv qərarını, faktiki olaraq, qəbul etməsi isə yeni siyasi reallığın etirafıdır. Ermənistanda uzun illər “Minsk qrupu hələ qayıda bilər” kimi mifoloji yanaşma saxlanılırdı. O mif indi rəsmi şəkildə dağıldı. Bəs Ermənistan niyə bu dəfə müqavimət göstərmədi? Çünki 2020-dən sonra İrəvanın xarici siyasət trayektoriyası ardıcıl şəkildə dəyişib; Qərbin yeni prioritetləri, Rusiyanın zəifləyən regional təsiri və Azərbaycanın möhkəmlənən mövqeyi Ermənistanı faktla barışmağa məcbur etdi. Artıq heç bir beynəlxalq güc Minsk qrupunu siyasi səhnəyə qaytarmaq üçün enerji sərf etmir. Belə olduqda İrəvanın əlinə yalnız bir seçim qalırdı – obyektiv vəziyyəti qəbul etmək.
Rusiya isə bu prosesdə ən maraqlı aktor idi. Moskva uzun müddət Minsk qrupunun ləğvi məsələsini formal olaraq açıq qoyurdu, çünki bu mexanizmin kağız üzərində saxlanılması onun regionda, qismən də olsa, “köhnə sülh arxitekturası”na istinad etməsinə imkan verirdi. Amma real geosiyasi şərait dəyişdikcə Moskva özü də tədricən anlayırdı ki, Minsk qrupu artıq siyasi legitimlik daşımır. Nəticədə Rusiya da məcbur qaldı etiraf etsin ki, bu qurum keçmişdə qalıb. “Bəs Rusiya üçün Minsk qrupunun ləğvi nə deməkdir?” Əslində bu, Moskvanın regionda postmüharibə dövrünün siyasi reallıqlarına uyğunlaşmasının tərkib hissəsidir. Rusiya artıq anlayır ki, Cənubi Qafqazda yeni balansı diktə edən aktor Azərbaycan və onun qurduğu regional nizamdır.
***
“ATƏT niyə postsovet məkanında ardıcıl şəkildə təsir gücünü itirir?” Səbəb strukturidir. ATƏT-in əsas aləti – konsensus mexanizmi – “Soyuq müharibə” dövrünün siyasi balansını qorumaq üçün yaradılmışdı. ATƏT mexanizmi 1975 Helsinki prosesinin reallıqlarında işləyirdi, çünki o zaman böyük güclər arasında müəyyən sabitlik və qarşılıqlı asılılıq vardı. Lakin XXI əsrdə bu model artıq bloklanma effektinə səbəb oldu. Hər bir dövlət veto hüququndan istifadə etdikcə təşkilat siyasi iflic vəziyyətinə düşdü. Minsk qrupunun fəaliyyətsiz qalması da məhz bu struktur iflicinin təzahürü idi: üç həmsədr ölkə – ABŞ, Rusiya və Fransa arasında strateji ziddiyyətlər dərinləşdikcə, qrup real iş görə bilmədi.
Vəziyyət təkcə Cənubi Qafqazda deyil, Dnestryanı, Donbas, Abxaziya kimi digər münaqişə zonalarında da müşahidə olunur. ATƏT-in monitorinq mexanizmləri formal xarakter daşıyır, münaqişə idarəçiliyi real təsir gücünü itirir. Məsələn, ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası illər boyu yalnız müşahidə aparmaqla kifayətləndi və heç bir siyasi dönüş yaratmadı. Nəticədə bu institut da funksiyasını itirdi və 2022-ci ildən sonra o da arxivə çevrildi. Fakt təşkilatın struktur böhranının daha bir nümunəsidir. Deməli, Minsk qrupunun ləğvi ATƏT-in ümumi transformasiya bacarıqsızlığının növbəti mərhələsi kimi oxunmalıdır. Elə bu baxımdan Azərbaycanın mövqeyi daha aydın görünür: Bakı, faktiki olaraq, yalnız Qarabağla bağlı deyil, ümumilikdə, köhnə postsovet diplomatik arxitekturasına etiraz etdi və onu XXI əsrin reallıqlarına uyğunlaşdırmağa çalışdı.
Buradan növbəti sual yaranır: “Bu ləğv regionda yeni güc arxitekturasına necə təsir edir?” Əslində, Cənubi Qafqazda yeni geosiyasi konturlar artıq 2020-ci ildən sonra formalaşmağa başlamışdı, amma institutların ləğvi bu prosesi hüquqi-siyasi baxımdan tamamladı. Bu gün regionda dörd yeni xətt aydın görünür.
Birincisi, Azərbaycanın qərarverici aktora çevrilməsi. Artıq münaqişənin idarəsi, sülh prosesinin istiqaməti və regional nəqliyyat xəritəsi Bakının razılığı və təşəbbüsü ilə müəyyən olunur. Minsk qrupunun ləğvi bu yeni statusu beynəlxalq sistemə mesaj kimi təqdim edir.
İkincisi, Ermənistanın köhnə vasitəçilərə bağlanan xarici siyasət fəlsəfəsinin iflası. İrəvan uzun müddət ümid edirdi ki, ATƏT modeli ona siyasi “təhlükəsizlik yastığı” rolunu oynayacaq. Amma yeni reallıq göstərdi ki, artıq heç bir böyük güc bu mexanizmi diriltmək niyyətində deyil.
Üçüncüsü, Rusiya üçün yeni adaptasiya mərhələsi. Moskva uzun illər Cənubi Qafqazda təsirini məhz köhnə institutlar üzərindən qurmuşdu. Minsk qrupunun ləğvi onun təsir alətlərindən birini aradan qaldırdı.
Dördüncüsü, Qərbin kənar müşahidəçiyə çevrilməsi. ABŞ və Fransa real siyasi təsir imkanlarını itirdiklərindən Cənubi Qafqaza yalnız siyasi bəyanatlar səviyyəsində müdaxilə edə bilirlər. Minsk qrupunun ləğvi “hansı tərəf daha çox itirdi” sualına cavab kimi Qərbin bölgədəki rolu nəzərəçarpacaq dərəcədə azalıb. Maraqlısı odur ki, Minsk qrupunun ləğvi heç bir geosiyasi mübahisə yaratmadı – nə Vaşinqton, nə Paris, nə də Moskva buna açıq etiraz göstərdi. Səbəb nədir? Çünki artıq böyük güclərin atdığı bütün addımlar tamamilə başqa cəbhələrdə cəmləşib: ABŞ üçün Çin və Ukrayna, Rusiya üçün Ukrayna və daxili stabillik, Fransa üçün Afrika müstəvisi. Cənubi Qafqaz isə onların prioritet siyahısında əvvəlki kimi deyil. Belə bir şəraitdə Azərbaycan reallığı diktə edən əsas aktor kimi çıxış edir və Minsk qrupunun ləğvi də bu yeni mövqenin təsdiqidir.
Sonda oxucuya bir daha sual ünvanlanır: “Bu qərar regionun gələcəyi üçün nə vəd edir?” Ən azı bir şeyi dəqiq deyə bilərik: bu qərar postmünaqişə dövrünün institusional nəticəsidir və Cənubi Qafqazda yeni siyasi xəritənin tamamlanmış konturlarını göstərir. Artıq regionda hər kəs – Bakı, İrəvan, Moskva və Qərb anlayır ki, oyunun qaydaları dəyişib və köhnə formatların bərpası mümkün deyil.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


