Xarici ekspertlər Azərbaycan–Ermənistan münasibətlərində enerji əməkdaşlığının əhəmiyyətini dəyərləndiriblər

post-img

Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsi regionda sülh və əməkdaşlıq prosesinə verilən mühüm töhfədir. Bu addım Azərbaycan tərəfindən konstruktiv və məsuliyyətli siyasətin davamı kimi dəyərləndirilə bilər. Sözügedən proses yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq imkanları yaradır. Azərbaycan bu təşəbbüslə regional layihələri heç bir xarici asılılıq olmadan həyata keçirmək gücünə malik olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, bu əməkdaşlıq Ermənistanın enerji və iqtisadi baxımdan Azərbaycandan asılılığını açıq şəkildə ortaya qoyur. Ermənistan üçün bu proses alternativsiz iqtisadi imkanların formalaşmasına səbəb olur. Yük daşımalarının bərpası regionda qarşılıqlı etimadın güclənməsinə xidmət edir. İqtisadi əlaqələrin inkişafı siyasi dialoqun dərinləşməsi üçün də əlverişli zəmin yaradır. Bu cür praktiki addımlar sülhün yalnız bəyanatlar səviyyəsində deyil, real mexanizmlər üzərində qurulduğunu göstərir. Bu baxımdan da sözügedən yük qatarı Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanğıcını simvolizə edir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker bildirib ki, Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsi yalnız texniki və ya loqistik hadisə deyil: "Bu addım Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi-iqtisadi reallığın aydın göstəricisidir və Azərbaycanın regionda sülh və əməkdaşlıq prosesinə verdiyi ardıcıl və məsuliyyətli töhfənin növbəti nümunəsi kimi dəyərləndirilməlidir. Analitik baxış bu prosesdə Azərbaycanın tam müstəqil və təşəbbüskar tərəf kimi çıxış etdiyini göstərir".

O vurğulayıb ki, Azərbaycan regional enerji və nəqliyyat layihələrini heç bir xarici asılılıq olmadan həyata keçirmək gücünə malikdir. Eyni zamanda, Ermənistan üçün bu əməkdaşlıq bir tərəfdən yeni iqtisadi imkanlar yaratsa da, digər tərəfdən uzun illər davam edən blokada siyasətinin formalaşdırdığı asılılıqları açıq şəkildə üzə çıxarır. Mövcud reallıq Ermənistanın regional kommunikasiya xətlərinə çıxışının və iqtisadi inteqrasiyasının Azərbaycanla münasibətlərin normallaşmasından birbaşa asılı olduğunu göstərir. Bu proses regionda iqtisadi qarşılıqlı asılılıqların yeni mərhələyə keçdiyini sübut edir.

Professor bildirib ki, sözügedən yük daşınması regional sülhün iqtisadi dayaqlar üzərində qurula biləcəyini nümayiş etdirir. "Sülh artıq yalnız siyasi bəyanatlar və diplomatik danışıqlar vasitəsilə deyil, konkret iqtisadi addımlarla təşviq olunur və bu yanaşma qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Zəngəzur dəhlizinin və ümumilikdə regional kommunikasiya xətlərinin açılması nə qədər tez reallaşsa, Cənubi Qafqaz üçün bir o qədər faydalı olacaq. Kommunikasiyaların bərpası iqtisadi inteqrasiyanı dərinləşdirir və regionda dayanıqlı sülh üçün real zəmin yaradır",- deyə A. Asker əlavə edib.

Professor xüsusi olaraq vurğulayıb ki, davamlı sülh birtərəfli güzəştlər hesabına mümkün deyil. Sülh prosesi qarşılıqlı, aydın və hüquqi öhdəliklərə əsaslanmalı, ədalət və ləyaqət prinsipləri qorunmalıdır. Azərbaycanın mövqeyi bu baxımdan prinsipialdır. Bakı regionda sülh və əməkdaşlığı konkret və praktik addımlarla nümayiş etdirir, lakin bu prosesin beynəlxalq hüquqa və milli maraqlara zidd istiqamətdə inkişaf etməsinə razı deyil. O əlavə edib ki, neft məhsulları daşıyan ilk yük qatarının Ermənistana göndərilməsi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələnin uğuru tərəflərin sülhə qısamüddətli deyil, uzunmüddətli strateji baxış prizmasından yanaşmasından asılı olacaq.

Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması Qafqazda irimiqyaslı layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Onilliklər ərzində mövcud olan donmuş münaqişələr Cənubi Qafqazda enerji və birgə iqtisadi layihələrin icrasını ciddi şəkildə ləngidib. Qarabağ müharibəsinin ikinci mərhələsinin başa çatmasından sonra iki ölkə arasında münasibətlərin normallaşması region üçün tarixi hadisə olmaqla yanaşı, Cənubi Qafqaz ölkələrinin harmonik inkişafı və sülh prosesinin təşviqi üçün yeni imkanlar açıb.

Valeri Modebadze qeyd edib ki, Birinci Qarabağ müharibəsindən sonra Ermənistan iqtisadi izolyasiya vəziyyətinə düşmüş və faktiki olaraq Azərbaycan və Türkiyə ilə bütün əlaqələrini kəsmişdi. Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə sərhədlərinin uzun müddət bağlı qalması qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın qurulmasını ciddi şəkildə əngəlləyib. Hazırda davam edən sülh prosesi Ermənistanın coğrafi və iqtisadi izolyasiyadan çıxmasına və irimiqyaslı Qafqaz layihələrinə inteqrasiya olunmasına real imkanlar yaradır.

Ekspert vurğulayıb ki, 2025-ci ilin dekabrından etibarən Azərbaycanın Gürcüstan ərazisi vasitəsilə Ermənistanı enerji resursları ilə təmin etməsi sülh prosesinin dərinləşməsinə mühüm töhfədir: "Azərbaycan neft məhsulları ilə yüklənmiş yük qatarlarının Ermənistana çatdırılması iqtisadi əməkdaşlığın praktik nəticəsidir. Ermənistan neft və qaz ehtiyatlarına malik deyil və tam şəkildə qonşu ölkələrdən asılıdır. Bu baxımdan Azərbaycan Ermənistanın iqtisadi inkişafına mühüm töhfə vermək potensialına sahibdir. Sülh prosesinin dərinləşdirilməsi istiqamətində atılan əsas addımlardan biri üçtərəfli əməkdaşlıq formatının inkişafıdır".

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqaz ölkələri donmuş münaqişələr, həll olunmamış sərhəd problemləri və iqtisadi böhranlarla üzləşib və bu problemlərin effektiv həlli yalnız regional əməkdaşlıqla mümkündür. Orta Dəhlizin inkişafı, enerji resurslarının Avropaya təhlükəsiz daşınması və yeni boru kəmərlərinin tikintisi kimi iri layihələr yalnız Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi ilə reallaşa bilər. Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi rolunu oynamaq üçün böyük potensiala malikdir və hər iki tərəf üçün faydalı razılaşmanın əldə olunmasına töhfə verməyə hazırdır.

Siyasət